İki gün davam edəcək konfransda Gürcüstan parlamentinin sədri David Usupaşvili, baş nazirin birinci müavini, energetika naziri Kaxa Kaladze, regional inkişaf və infrastruktur naziri Nodar Cavaxişvili, Avropa İttifaqının Gürcüstandakı səfiri Yanos Herman, GIZ təşkilatının Cənubi Qafqaz üzrə rəhbəri Martin Homola çıxış edərək konfransın zəngin ənənələrə malik bir tədbir olduğunu və səsləndirilən mövzunun müasir zamanda vacib olduğunu bildiriblər.
Tədbirin ilk sessiyasında region ölkələrində Aİ-nin yardım proqramları çərçivəsində əldə olunmuş nəticələr nəzərdən keçirilib. Sonra regional və yerli səviyyələrdə real dəyişiklərə nail olmaq üçün ərazi və sektor strategiyalarından necə istifadə etmək yolları müzakirə edilib və müxtəlif fikirlər səsləndirilib.
Tədbir paralel sessiyalar çərçivəsində davam edib.
Sonda konfransda regional inkişaf sahəsində iştirakçılar Cənubi Qafqaz regionunun inkişaf perspektivlərinə nəzər salıblar.
Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşı Amil Məmmədov beynəlxalq qurumların təcrübəsini əldə edərək Azərbaycanda tətbiq etməyin faydalı olduğunu bildirib: "Bu tədbirdə iştirak faydalıdır və əldə etdiyimiz təcrübəni və beynəlxalq qurumların təklif etdikləri yenilikləri görmək bizim üçün gələcək işlərimizdə çox faydalı ola bilər".
Gürcüstan regional İnkişaf və infrastruktur naziri Nodar Cavaxişvili konfransı ciddi və əhəmiyyətli bir tədbir adlandırıb: "Bu nəinki Gürcüstan, digər ölkələr üçün də Avropa İttifaqına tərəf atılacaq addımların sürətini artıracaq”.