Respublikaçılar İran sazişinin ləğvinə nail ola bilmədilər

Respublikaçılar İran sazişinin ləğvinə nail ola bilmədilər

ABŞ Senatının demokrat üzvləri İran nüvə sazişinin ləğvi ilə nəticələnə biləcək qanunvericilik cəhdini üçüncü dəfə bloklayıblar.

Səsvermə respublikaçıların çoxluğu ilə nəticələnsə də (56-42), onlar sazişin ləğvi üçün zəruri olan 60 səsi qazana bilməyiblər.

Respublikaçıların ciddi və bahalı müqavimətinə baxmayaraq Obamanın partiyadaşları İranla ABŞ və daha 5 dünya gücü arasında imzalanmış sazişi qoruya biliblər.

Bu həftə Senatda heç bir səsvermənin keçirilməsi nəzərdə tutulmadığından, artıq demək olar ki, Obamanın ən böyük xarici siyasət uğurunun əngəllənməsi mümkün olmayacaq.

Konqres İran sazişinə dair qətnaməni sentyabrın 17-dək qəbul etməli idi, lakin göründüyü kimi bu, mümkün olmayıb.

Acıqlı respublikaçılar deyiblər ki, demokratların ucbatından Amerika xalqı İranla saziş barədə öz sözünü deyə bilməyib.

Bununla belə, respublikaçılar bildirirlər ki, İranla sazişin əngəllənməsi üçün başqa vasitələr açıq qalır. Onlar bu sazişə qarşı hüquqi müstəvidə mübarizə aparacaqlarını istisna etmirlər.

Başqa bir yol İran üzərindəki sanksiyaları bərpa edəcək yeni qanunvericilik aktının müzakirəyə çıxarılmasıdır.

Bununla belə, Ağ Ev artıq özünü qalib hesab edir.

Yeri gəlmişkən, dövlət katibi Con Kerri ABŞ-ın Polşadakı keçmiş səfirini İran sazişinin icrası üzrə xüsusi elçi təyin edib.

Stepan Mull İranın və qarşı tərəflərin sazişin şərtlərinə əməl etmələrinə nəzarət edəcək.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az