Quzey Qafqaz respublikaları prezidentləri bu acı durumla üzləşiblər
2013-cü ilin payızında Quzey Qafqaz respublikaları olaraq Dağıstan, Çeçenistan, İnquşetiya, Quzey Osetiya, Kabarda-Balkar, Qaraçay-Çərkəz, Adıgey və Kalmıkstanda prezident seçkiləri keçiriləcək. Rusiya prezidenti Vladimir Putin və Dövlət Dumasında çoxluq təşkil edən “Vahid Rusiya Partiyası” Rusiya Federasiyasında mövcud olan milli respublikalarda prezident, quberniyalarda isə qubernator seçkiləri haqqında ölkənin Ana Yasasında qeyd olunduğu kimi yerli əhali tərəfindən seçilməsi qanununu pozaraq, eyni zamanda bu qanunlara qarşı çıxaraq, “Rusiya prezidentinin məsləhət bildiyi namizədin yerli parlamentlərdə təsdiq olunması” qanununu qəbul etmişlər. Beləliklə ən çox qeyri stabil region kimi Quzey Qafqazda milli respublikalarda durum daha da kəskin xarakter almışdır. Əhalinin qəbul etmədiyi “namizəd”lər Kremlin “xeyir-dası” ilə bölgə prezidenti kürsüsünü mənimsəyəcəklər. Bu da növbəsində Rusiyanın Qafqaz siyasətinin bəlirsiz bir duruma düşməsinə səbəb olacaqdır. Reytinqi olmayan və xalq tərəfindən seçilməyən liderlə yerli etnoslar arasında dərin çatların səbəbi də buradan qaynaq tapır.
Güc strukturları və hakimiyyət dilemması
Çeçenistan prezidenti kürsüsündə Kremlin dəstəyi ilə otuzdurulan Ramzan Qədirov heç də bölgənin idarə olunması məsələsində xüsusi səlahiyyətə malik deyil. Müşahidələrə əsasən onu qeyd etmək lazımdır ki, Moskva heç zaman mənşəcə çeçen olan kadrlara etibar etməmişdir. Bunu Rusiyanın “Genoloji Tədqiqatlar” institutlarının mütəxəssisləri də etiraf edirlər. Bölgədəki 50 minlik Rusiya müdafiə nazirliyinin hərbi qüvvələri, digər yandan isə Rusiya daxili işlər nazirliyinin 25 minlik daxili qoşunları, 30 minlik Rusiya Sərhəd Xidməti qoşunlarının, Federal Təhlükəsizlik Xidmətinin qoşunları, eləcə də “Qara İntiqamçılar”, “Ölüm Eskadronları”, “Vityaz”, “Qartal” və hərbiləşdirilmiş digər xüsusi cəza qüvvələri fəaliyyət göstərirlər. Bu azmış kimi, Çeçenistandakı neft sektorunu mühafizə adı altında “neft alayları” tipli hərbi birliklər regionu nəzarətə almaqla təbii sərvətlərin kütləvi şəkildə talan edilməsi siyasətini aparırlar.
Dağıstanda durum tamamilə fərqli görünsə də, əslində bir tərəfdən Rusiyanın güc stukturları, digər yandan isə yerli etnomafiyalara bağlı silahlı birliklər (toplam sayı 200 min nəfərə yaxındır) Güney Qafqaz, Xəzər dənizi və Quzey Qafqazın mühafizəsini təşkil etmək üçün səfərbər olunmuşlar. Bölgə sanki hərbi poliqona bənzəyir. Yerli xalqların sosial-iqtisadi rifahı yönündə müvafiq infrastukturların yaradılması, yatırım siyasətinin inkişaf etdirilməsi üçün faktiki olaraq heç bir addım atılmır.
İndi Quzey Qafqazın ən qaynar nöqtəsi kimi görülən İnquşetiyada isə durum daha da ağırdır. Quzey Osetiyadan dışlanılan 70 min nəfərlik inquş qaçqınları, Ramzan Qədirov hakimiyyətini qəbul etməyən 50 mindən çox çeçen vətəndaşı, Gürcüstanın Əhməd rayonunun Pankisi vadisindən köçüb gəlmiş kistin-çeçenlər, eləcə də yerli inquşların yaşam durumu çox ağırdır. Uzun illər hərbçi olmuş general Yunsubəy Evkurovun apardığı siyasətin bir ucu da bölgə xalqının sosial-iqtisadi yaşam durumuna çox ciddi təsir etmişdir. Quzey Osetiya, Kabarda-Balkar, Adıgey və Kalmıkstanda da problemlərin heç biri uzun illərdir həll edilməmiş tərzdə qalmaqda davam edir. Beləliklə Quzey Qafqazı tam nəzarətdə saxlamaq bir tərəfdən Rusiyanın dövlət siyasətinə bağlıdırsa, digər yandan isə bölgədə yerli hakimiyyətlər mövcud problemləri həll etməkdə aciz duruma düşmüşlər.
Kreml hətta bələdiyyə başçısını da təyin edir
83 bölgəyə malik olan (buraya milli respublikalar və quberniyalara daxildir) Rusiya təkcə Quzey Qafqaz regionlarında seçkili orqanlar Moskvanın iradəsinə tabe etdirilmişdir. Burada hətta ən ucqar dağ kındində belə kimin bələdiyyə başçısı olması Kremlin xüsusi nəzarətindədir. Sözdə “Quzey Qafqaz regionlarının soial-iqtisadi durumunun və turizm klasterinin inkişafı”na dəstək verdiyini elan edən Rusiya, digər yandan da demokratik institutların üzərində nəzarət və formalizm siyasətini aparır. Bütün bunlar azmış kimi, Quzey Qafqaz regionlarının strateji sahəsi qismində təbii sərvətlərin bol olduğu yerləri və turizm üçün ən vacib olan əraziləri, aqrar sektora bağlı iri torpaq sahələrini Rusiya oliqarxları tərəfindən mənimsənilməsi kimi proseslərə də başlanılmışdır. Belə bir taktiki gedişlə həm də bölgə xalqlarını torpaq islahatları zamanı torpaqsız qoymaq, öz təbii sərvətlərinin sahibi olmaqdan məhrum edilməsi prosesləri də baş verməkdədir. Bütün bunlara qarşı dirəniş göstərən bölgədəki intellektual insanlar isə həm mənəvi və həm də gerçək terrora məruz qalırlar. İntellektuallara dəstək verən sadə vətəndaşlar “vəhhabi”, “terrorçu”, “qeyri qanuni silahlı birləşmələrin üzvü” adı altında Rusiyaya məxsus güc stukturları tərəfindən yerindəcə məhv edilir, ya da həbsxanalara salınırlar.
Quzey Qafqaz bölgələri üzrə Qərbin dəstəyi ilə Rusiya İnsan Haqları təşkilatları son illər xeyli sosioloji sorğular keçirmişlər. Demək olar ki, kənd bələdiyyəsinin sədri vəzfifəsində çalışan məmurdan tutmuş, bölgə prezidentinə kimi müxtəlif çəkilərə malik məmurların heç biri yerli əhali tərəfindən dəstəyinə malik deyil. Bu barədə hazırlanmış xüsusi raportlarda belə qeyd olunur: “Quzey Qafqaz regionları sanki cəza düşərgələrini xatırladır. Stalin dönəmində buna katorqa deyilirdi. İnsanların sürgünə göndərilməsi azmış kimi, onların başının üstündə xüsusi hərbi nəzarətçilər hər şeyə diqqət edirdilər. Hər addımda polisə və hərbçilərə məxsus polis postları vətəndaşların sənədlərini və yükünü fövqəladə vəziyyət rejimində olduğu kimi yoxlayırlar”.
Reytinq əmsalı
Moskva müntəzəm şəkildə bölgə liderləri üçün sosioloji sorğular sayəsində onların reytinq əmsalı taktikasından məharətlə istifadə etməyə çalışır. Çox maraqlı görünən tərəf odur ki, bu reytinq əmsalında Quzey Qafqaz prezidentləri daim ön sırada yer alırlar. Bununla da sanki, Rusiyanın digər bölgələri də Quzey Qafqaz liderləri üçün yaradılmış xarizmatik hərbi diktator olması üçün çalışmalıdırlar. İnquşetiyada 1991-ci ildən bu günə kimi prezident vəzifəsində çalışanların hamısı öncədən rütbəcə general olmuşlar. Ruslan Auşev (hərbi), Murad Zyazikov (FSB) və Yunusbəy Evkurov (hərbi) buna örnəkdir. Axı sosial-iqtisadi həyat tərzini bilməyən generallar nəticədə hərbi təfəkkürə malik siyasətə üz tutmağa məcbur olmuşlar. Dağıstanda isə keçmiş sovet nomenklaturasını təmsil edənlər də mahiyyətcə sosializmin “kazarma siyasəti”ndən savayı lazım olan addımları atmamışlar. Məhəmmədəli Məhəmmədov, Muxu Əliyev, Məhəmmədsalam Məhəmmədov və Ramazan Abdulatipov tipli kadrların prezident kürsüsünə yiyələnməsi məhz Dağıstan dilemmasının başlıca açarı deməkdir. Quzey Osetiyanın prezidentləri olmuş Əsgərbəy Qalazov, Aleksandr Dzasoxov və Taymuraz Mamsurov da keçmiş sovet partiya təsərrüfatının kadrları olmuşlar. Kabarda-Balkarda isə etnomafiya və gizli iqtisadiyyat üzrə ixtisaslaşmış Valeriy Kokov və Arsen Kanokov da həmin zümərəyə malikdirlər. Beləcə hakimiyyətin başında dayanan bu tip kadrların süni şəkildə reytinin artırılması siyasətinin aparılması Rusiyanın Quzey Qafqazda bütün məsuliyyəti yerli hakimiyyətin üzərinə qoyulması taktikasına hesablanmışdır. Dolayı yolla bütün məsuliyyətin tək daşıyıcısı qismində yerli hakimiyyətləri suçlu elan etməklə mövcud problemlərdən yayınmaq kimi xarakterizə olunmalıdır.
Quzey Qafqazdan Güney Qafqaza təsir imkanları
Gürcüstan və Azərbaycanın dövlət müstəqilliyinin 22 ildir davam etməsi ictimai və siyasi baxımdan Quzey Qafqaz regionlarına çox böyük təsir imkanlarına səbəb olmuşdur. Bir tərəfdən Güney Qafqazda dövlət müstəqilliyinə nail olan güclərin demokratiyanın, azad sözün və vətəndaş cəmiyyətinin inkişafı uğrunda mübarizə aparırlarsa, digər yandan isə bu prosesin ümumqafqaz xarakteri daşımasına çalışırlar. Çünki, süni şəkildə bölünmüş Quzey və Güney Qafqaz əslində vahid orqanizm olaraq görülür. Moskva ictimai, sosial, etnoloji, kulturoloji və çağdaş inkişaf doktrinaların vahid Qafqaz maraqları çərçivəsində inkişafının bütün modellərini diqqətlə təqib etdiyi üçün, bütün bunlara mane olmağa çalışır. Ermənistanın Rusiyanın hərbi inzibati poliqonuna çevrilməsi də məhz bu prosesə çox ciddi təsir göstərir. Vahid Qafqaz məkanının inteqrasiya modellərinə qarşı yönələn bu tip strateji hədəflərdə hələ ki, qazanan tərəf Rusiyadır. Çünki, Quzey Qafqaz liderləri mahiyyətcə anti Qafqaz doktrinası əsasında siyasət aparırlar.
Bu gün Avropada yaşanan iqtisadi və maliyyə böhranlarından maksimum dərəcədə yararlanmaq istəyən Rusiya həmlələrini artırmışdır. Bunu Gürcüstan və Azərbaycanla bağlı siyasi və ictimai proseslərdə çılpaqlığı ilə görmək çox asandır. Gürcüstanın bir dövlət olaraq iqtisadiyyatının Rusiyaya inteqrasiya olunması yönündə aparılan biznes formuların intensiv xarakter daşıması, Quzey Qafqaz respublikaları prezidentlərinin Gürcüstana yönəlik münasibətlərinin mülayimləşməsi, Tiflisdəki bəzi çevrələrin Abxaziya və Güney Osetiya kimi bölücü bölgələrin üstündən sükutla keçməsi buna əyani sübutdur. Azərbaycana gəldikdə isə, Rusiya regiona qarşı hərbə-zorba taktikasını seçmişdir. Bu yöndə Dağıstana yenicə təyin olunmuş prezident Ramazan Abdulatipov və onun komandasının aqressiv münasibəti, Moskvada “milyaderlər ittifaqı” adı altında sosial-iqtisadi siyasət taktikasının gizlinləri, Kremlin Azərbaycanda antimmilli siyasətə önəm verən kadrların hakimiyyətin ən yüksək vəzifələrdə yer almasına çalışması, son zamanlar gündəmə gələn ictimai proseslərdə bütün bunlar müşahidə olunmaqdadır. Bu gün Azərbaycanda yaşanılan siyasi olayların gizli təsirinin rişəsini də məhz bunda aramaq lazımdır. Bir tərəfdən Azərbaycana təsir imkanlarının artırılması, digər yandan dolayı yolla Moskvaya bağlı genetik kodlar üzərində intişar tapan siyasət Azərbaycanın çökdürülməsinə hesablanmış strateji hədəf deməkdir. Antimilli ünsürlərin təfəkkür tərzinin cəmiyyətin üstün mövqelərində yer alması, dolayı yolla Quzey Qafqazın Güney Qafqaz üzərində təsir vasitələrinə çevrilməsi deməkdir. Quzey Qafqaz üzərindən bir zamanlar yönlənən terrorizm, sələfilik, insan oğurluğu və digər neqativ hallar bu dəfə hakimiyyətin yüksək səviyyədə qəsb edilməsi, Azərbaycanın bir türk dövləti olması siyasətində yer alan bütün dəyərləri öz məcrarsından uzaqlaşdırıllmasına hesablanmış siyasi texnologiya olaraq baxılmalıdır. Süni reytinq əmsalı qismində bölgə lideri strategiyasının da dərin mənası və çaları bundan ibarətdir.
Ənvər BÖRÜSOY