Sabah - mayın 21-də Riqada Avropa İttifaqının və 6 keçmiş sovet respublikasının liderləri “Şərq tərəfdaşlığı” sammitinə toplaşacaq.
Vətəninfo.az Virtualaz.org saytına istinadən xəbər verir ki, bu sammit ərəfəsində həm təşəbbüsə qoşulan ölkələrdə, həm Avropa ölkələrində ciddi məyusluq hökm sürür. Çünki Avropa Rusiyanı daha da qəzəbləndirməmək üçün təşəbbüsə qoşulan ölkələrə hər hansı yeni təklif, həvəsləndirici paket təqdim etməməyi qərara alıb.
Avropa İttifaqı (Aİ) ilə daha sıx inteqrasiyada maraqlı olan Ukrayna, Moldova və Gürcüstan isə konkret təkliflər gözləyir.
Latviyanın baş naziri sammitdə Azərbaycan prezidentinin də iştirak edəcəyini bir neçə gün əvvəl açıqlayıb. Ancaq hələlik rəsmi Bakı prezident İlham Əliyevin Riqaya səfər proqramına dair heç bir məlumat yaymayıb.
Avropa mediası yazır ki, “Şərq tərəfdaşlığı” təşəbbüsü Avropa İttifaqının 6 keçmiş sovet respublikası ilə qarşılıqlı əlaqələri gücləndirməyə yönəlmişdi. Lakin Rusiyanın Ukraynaya müdaxiləsi bu təşəbbüsə zərbə vurdu. İndi müşahidəçilər Riqa sammitinin daha çox formal əhəmiyyət kəsb edəcəyini deyirlər.
Bir gün əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə bildirib ki, Moskva “Şərq tərəfdaşlığı” təşəbbüsü ilə bağlı təkcə bunu istəyir: bu əlaqələr Rusiyanın qanuni maraqları hesabına qurulmasın.
Hərçənd ki, daha əvvəl Rusiya XİN-in mətbuat katibi Aleksandr Lukaşeviç daha təhdidedici tonla danışaraq Riqa sammitinin “antirusiya mahiyyəti” daşıdığını, Moskvanın bu sammitə qatılan ölkələrə qarşı sərt tədbirlər görəcəyini demişdi.
Sammitdə əsas intriqa Ukrayna ilə Aİ arasında 2014-cü ilin sentyabrında imzalanan, ancaq qüvvəyə minməsi bir il təxirə salınan Assosiasiya sazişinin taleyi olacaq.
Rusiya israr edir ki, bu sazişin işləməsi daha bir il-2017-cı ilin yanvarına qədər təxirə salınmalıdır. Ukrayna isə sazişin 2016-cı ilin yanvarından işə düşməsində israr edir. Hələlik bu məsələnin necə həll olunacağı məlum deyil.
Ancaq Avropa İttifaqı Ukraynanı sakitləşdirmək üçün sammitdə ona 1,8 milyard avroluq yeni yardım paketi təqdim etməyə hazırlaşır.