Rusiya MN son 10 gündə erməni birləşmələrinin heç bir atəşkəs pozuntusunu qeydə almayıb…

Rusiya MN son 10 gündə erməni birləşmələrinin heç bir atəşkəs pozuntusunu qeydə almayıb…

Həmin müddətdə Qarabağ və Şərqi Zəngəzur ərazisində qanunsuz erməni birləşmələri azı 9 dəfə atəşkəsi pozub…

Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı bu ölkənin müvəqqəti(!) olaraq Azərbaycan Respublikası ərazisinin ermənilər məskunlaşmış hissəsində yerləşən və rəsmən "sülhməramlı” sayılan hərbi kontingentinə aid bölmədə son 10 gün ərzində Qarabağ və Şərqi Zəngəzurdakı təmas xətlərində heç bir atəşkəs pozuntusu qeydə alınmayıb. Əvəzində  Azərbaycan ordusu tərəfindən guya 3 dəfə atəşkəsin pozulması qeydə alınıb.
Moderator.az son 10 gün müddətində (25 iyul- 3 avqust) Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi saytlarında apardığı monnitorinq sayəsində bu nəticəyə gəlib.
 
Belə ki:
 
İyulun 25-də hər iki saytın xəbər bülletenlərində heç bir incident qeydə alınmayıb. 
 
İyulun 26-da Azərbaycan MN-in yaydığı məlumatda deyilir:
 
"Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən ümumilikdə 9 dəfə təxribat xarakterli silahlı insident törədilib.
Bunlardan 2-si Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutmaqla baş verib.
 
Digər 7 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Tərtər, Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutmaqla qeydə alınıb.
Bütün hallarda Ordumuzun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub”.
Eyni tarixdə Rusiya MN  Ermənistan tərəfindən törədilmiş 9 insidentdən heç birini qeydə almayıb. Onlardan 2-i Ermənistanla sərhəddə baş verdiyi, yəni Rusiya "sülhməramlı” kontingentinin məsuliyyət zonasında olmadığı üçün Rusiya MN bunları qeydə almaya bilərdi. Lakin 7-ci bilavasitə həmin kontingentin Qarabağdakı məsuliyyət zonasında baş verib. Təəssüf ki, Rusiya MN onlardan heç birini qeydə almayıb.
 
İyulun 30-dək Azərbaycan MN-in saytında atəşkəs rejiminin pozulması haqda heç bir incident qeydə alınmayıb.
 
Lakin Rusiya MN-in saytında iyulun 29-da guya Azərbaycan ordusu tərəfindən Xocavənd ərazisində "atəşkəs rejiminin pozulması” qeydə alınıb. Məlumatda deyilir:
 
"TAQAVARD(Xocalı rayonu-S.L.) ərazisində sutka ərzində atəşkəs rejiminin 1 dəfə pozulması faktı qeydə alınıb. Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağdakı silahlı birləşmələrin mövqelərini atıcı silahlardan atəşə tutub. Ölən və yaralananlar olmayıb. Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Ermənistan tərəflərinin nümayəndələri ilə birgə insidenti aradan qaldırıb”.
 
İyulun 30-da Azərbaycan MN-in gün ərzində yaydığı 2 məlumatda deyilir:
 
"İyulun 30-u səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yenikənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Ordumuzun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub”.
 
"İyulun 30-u günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini  müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.
Bölmələrimiz tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub”.
 
Bu insidentlərin də Rusiya "sülhməramlı” kontingentinin məsuliyyət zonasında olmadığını nəzərə ala bilərik.
Azərbaycan MN-in iyulun 31-də yaydığı məlumatda deyilir:
 
"İyulun 30-u axşam saatlarından başlayaraq 31-i gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Gədəbəy və Kəlbəcər rayonları istiqamətlərində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.
Bundan başqa Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonunun Əmiranlar yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri də müxtəlif çaplı atıcı silahlar və snayper tüfənglərindən atəşə tutulub.
Qeyd olunan istiqamətlərdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb”.
 
Gədəbəy və Kəlbəcər rayonları istiqamətlərindəki, yəni Ermənistanla sərhəddəki insidentləri nəzərə almasaq da, Rusiya MN Xocavənd rayonu ərazisində də qanunsuz erməni birləşmələri tərəfindən atəşkəs pozuntusunu qeydə almayıb.
 
Əvəzində Rusiya MN guya avqustun 2-də  Azərbaycan Silahlı Qüvvələri tərəfindən "atəşkəs rejiminin 3 dəfə pozulması”nı qeydə alıb:
 
"Son sutka ərzində Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında Azərbaycan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin 3 dəfə pozulması faktı qeydə alınıb, nəticədə Dağlıq Qarabağ silahlı birləşmələrinin nümayəndəsi yaralanıb. Rusiya sülhməramlılarının komandanlığı Azərbaycan və Ermənistan tərəflərinin nümayəndələri ilə birgə vəziyyəti nizama salıb. Tərəflərin təmas xəttində dəyişikliklərə yol verilməyib”.
 
Nəhayət, Azərbaycan MN-in avqustun 3-də yaydığı məlumatda deyilir:
 
"Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat  nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.
Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib”.
Rusiya MN-in rəsmi saytında isə Qarabağ ərazisində qanunsuz erməni birləşmələri tərəfindən nəinki atəşkəsin pozulması, Azərbaycan hərbçisinin şəhid edilməsi haqda da bir kəlmə yazmayıb. Əvəzində guya ilk olaraq Azərbaycan ordusu tərəfindən "atəşkəs rejiminin pozulmasını” qeydə alıb:
 
"Kontingentin məsuliyyət zonasında vəziyyətin gərginləşməsi müşahidə olunur. SARIBABA yüksəkliyi ərazisində Azərbaycan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejimi pozulub. Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Ermənistan tərəflərinin nümayəndələri ilə birlikdə vəziyyəti sabitləşdirmək üçün tədbirlər görür”.
 
Beləliklə, qeyd edilən faktlar bir daha göstərir ki,  Rusiyanın "sülhməramlı” adlanan hərbi kontingenti son bir il 9 ay ərzində nəinki qanunsuz erməni hərbi birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılmasını təmin etməyib, üstəlik, birtərəfli və qərəzli mövqe tutmaqla həmin birləşmələr tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması və Azərbaycan hərbçilərinin qətlə yetirilməsi faktlarının, demək olar ki, heç birini qeydə almayıb…
 
Sultan Laçın 




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az