Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyan Ermənistanda yeni siyasi partiya yaradacağını bəyan edib.
Vətəninfo.az Strateq.az-a istinadən bildirir ki, o, bu barədə qərarını Moskvada bu gün keçirilən Rusya Erməniləri İttifaqının beşinci qurultayında açıqlayıb.
"Mən parlament seçkilərində iştirak etmək üçün siyasi partiya yaratmağı planlaşdırıram. Biz pis heç nə etmirik və heç kimdən də qorxmuruq. Son qərar 2016-cı ilin martında qəbul ediləcək”, -deyə A.Abramyan bildirib.
Onun sözlərinə görə, hazırda qarşıda iki yol durur: Partiya yaradıb bu təşkilatla irəliləmək, ya da hansısa digər siyasi qüvvə ilə birləşmək. "Söhbət mənim baş nazir yaxud prezident olmağımdan yox, ölkədə vəziyyətin yaxşılaşdırılmasından gedir. Təbii ki, biz ideologiyamız barədə də düşünürük. Əgər partiya qalib olmaq istəyirsə o aydın ideoloji platformaya malik olmalıdır. Hazırda biz ideologiya və proqramımızı müzakirə edirik”,- deyə Abramyan bildirib.
Pariyanın əsas məqsədlərindən biri erməni-rus münasibətlərini möhkəmləndirməkdən ibarət olacaq.
Onun sözlərinə görə, təcrübəsindən çıxış edərək qısa müddət ərzində Ermənistana və xalqa kömək edəcək proqramı hazırlayacaq. "Biz hesab edirik ki, hakimiyyət xalqa qulluq etməlidir, xalq iqtidara yox”.
Abramyan bəyan edib ki, hər hansı partiyanı tənqid etmək fikrində deyillər. "Biz iqtidar və müxalifət düşərgəsindən asılı olmayaraq ideya və proqramımızı qəbul edən insanlar üçün açıq olacağıq”.
Partiya yaratmaq üçün maliyyə vəsaitinə gəlincə, Abramyan deyib ki, onlarda pul problemi yoxdur. "Bu vəsait mənim və həmfikirlərimin vəsaiti hesabına olacaq”.
Cənubi Qafqazda gərginləşən münasibətlər fonunda Abramyanın bu bəyanatı kifayət qədər ciddi və mühüm mesajdır. A.Abramyan və onun rəhbərlik etdiyi Rusiya Erməniləri İttifaqı Kremlin ən yaxın təşkilatıdır.
Bu ilin iyununda prezident Putinin sərəncamı ilə Abramyan Prezident yanında Milli Siyasət Şurasının xüsusi komissiyasının rəhbəri təyin edilib. UNESKO-nun xoş məramlı səfiri olan Abramyan həmçinin seçkilərdə Putinin rəsmi nümayəndəsidir. Onun rəhbərlik etdiyi təşkilat Rusiyada milli –mədəni məsələlərə bağlı münasibətlərin tənzimlənməsində aktiv rol oynayır.
2013-cü ildə Rusiya bu kartı Qarabağ müzakirələri üçün istifadədə sınayıb. Azərbaycan prezident seçkisinə hazırlaşdığı o gərgin ildə qəfildən Ara Abramyan və AZEROSS-un rəhbəri Söyün Sadıqov Moskvada böyük toplantı keçirərək azərbaycanlı-erməni münasibətlərini gündəliyə çıxarmışdılar. O zaman qərara alınmışdı ki, gələcəkdə birgə hərəkət üçün plan da hazırlansın. Sonrakı periodda siyasi vəziyyətin kəskin dəyişməsi bu müzakirələri arxa plana atdı.
Çox güman ki, Abramyanın yeni partiyası Rusiyada çörək pulu qazanmaq üçün işləyən qastrabayterlərin, onların ailələrinin, rusmeyilli xırda partiyaların və müxtəlif zümrələrin hesabına qurulacaq.
Bu qərar Moskvanın Yerevanın hazırkı siyasi rəhbərliyi ilə siyasi münasibətlərinin yeni müstəviyə keçməsinin bir anonsu sayıla bilər: Görünür Kreml Serj Sərkisyana "qırmızı işıq” yandırmağın vaxtının çatdığını düşünür. Yerevanda siyasi vitrinin təzələnməsi isə bütövlükdə Qafqazda yeni situasiya yarada bilər. Görünür Moskva Cənubi Qafqazda geopolitik güclərin üz-üzə gələcəyi günə ciddi hazırlaşır.