Salyan rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 23-cü ildönümünə həsr olunmuş bayram tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül düzərək, xatirəsini ehtiramla yad ediblər. Rayonun rəhbər işçiləri, millət vəkillərinin, ictimaiyyət nümayəndələrinin və gənclərin iştirak etdiyi bayram tədbirində YAP rayon təşkilatının sədri Rəşad Cəbrayılov öz çıxışında partiyanın ötən 23 ildə keçdiyi yola nəzər salıb.
Bildirib ki, yarandığı gündən partiyanın əsas məqsədi Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, ərazi bütövlüyünün təmin edilməsi, demokratik və hüquqi dövlətin qurulması, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarətdir. Yeni Azərbaycan Partiyasının rayon təşkilatı da ötən müddətdə qarşıya qoyulan vəzifə və proqramları layiqincə icra edib. İlbəil sıraları genişlənən YAP rayon təşkilatının üzvlərinin sayı 7297 nəfərə çatıb ki, onların 50 faizdən çoxunu gənclər təşkil edir. Tədbirdə çıxış edən millət vəkilləri Əliağa Hüseynov, Fəzail Ağamalı YAP-ın xalqa verdiyi töhfələrdən söz açıb, YAP-ın ölkənin nüfuzlu siyasi qüvvəsinə çevrilməsində partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərini xatırladıblar. Ulu öndərin ideya və arzularının bu gün partiyanın sədri, prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi vurğulanıb. Tədbirdə YAP sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib. Bayram tədbiri rəngarəng konsert proqramı ilə davam etdirilib./CTV