Yazıçılar Birliyinin X qurultayı öncəsi və sonrası söz-söhbət səngiməsə də birlikdə yeniləşməyə işarə təyinatlar baş verdi. Qurumun ətrafında barrikada yaratmış digər cinahlar da yeni təyinatlara biganə qalmadılar. Dodaq büzəni olsa da, yeni təyinatlarda peşəkarlığına şübhə olamayan qələm sahibləri cəmləşib. Onlardan, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin müdiri Səlim Babullaoğlu ilə söhbətləşdik:
- Salam, Səlim müəllim. Aldığınız son təyinatdan deyirsiniz ki, öncədən xəbərdar idiniz. Ürəyinizcədirmi, yəni uzun illər dişlə-dırnaqla etdiyinizin əvəzində rahat çalışmaq, çox iş görmək ödülü sayırsınız bu təyinatı, yoxsa daha əzablı günlər başlayır?
- Salam Vəli müəllim. Bəli, bir neçə gün əvvəl Anar müəllimlə aramızda söhbət olmuşdu. Düşünürəm ki, əgər iş təklif olunursa, üstəgəl təklif edən adam ölkənin təkcə yazıçı kimi deyil, həm də icitimai-siyasi tarixi üçün ən nüfuzlu və təcrübəli adamlarından biridirsə, demək həmin təklif kifayət qədər ölüçülüb-biçilmiş, imkanları və iş qabiliyyətini bilərək olunmuş bir təklifdir.Yeri gəlmişkən, mən Anar müəllimə etimadına görə dərin təşəkkür edirəm, çalışacam ki, ədəbiyyatımız üçün bundan sonra da və daha böyük imkanlarla işləyim, çalışım. Qaldı təklifin ödül və ya əzab olması fikrinizə- yəqin bir az odur, bir az o biridir, həm də bunların heç biridir. Anar müəllimlə söhbətimiz zamanı mənə deyilən fikirlərdən biri də bu oldu ki, asan olmayacaq. Bunu nəzər alacam həmişə. Bir də əminəm: əgər sənə iş təklif edirlərsə, demək işlə yanaşı öz dəstəklərini və həmrəyliklərini də təklif edirlər. Bir də bir şey deyim: mən heç vaxt vəzifə naminə vəzifə axtarmamışam. Əgər nəsə ürəyimdən keçibsə, bunu yalnız özünü realizasiya, işləmək üçün, boş dayanmamaq üçün bir imkan olaraq düşünmüşəm.
- Bədii tərcümə və Ədəbi əlaqələr – hansından başlayacağınızı və əsas prioritetlərinizi qərarlaşdırmısınızmı? Onlar hansılardır?
- Ədəbi əlaqələrin bir hissəsi elə tərcüməçilikdir. Bunlar paralel və tamamlayıcı xəttlərdir, ayrılmaz işlərdir. Toplantıda çıxışımda dedim, təkrar edim ki, yaxın 5 il üçün aşağıdakı fəaliyyət prioritetləri müəyyənləşdirdik. Birincisi, türk xalqları ədəbiyyatlarını Azərbaycan dilinə və Azərbaycan ədəbiyyatını türk xalqlarının dillərinə tərcümə edəcəyik. Türk xalqları ədəbiyyatlarınının Azərbaycan dilinə tərcüməsi, nəşri və populyarlaşdırılması üçün hər sayı konkret bir türkdilli xalqın ədəbiyyatına həsr olunmaqla ildə iki dəfə “Ulu Çinar” dərgisi nəşr olunacaq. İkincisi isə, Azərbaycan ədəbiyyatının əsasən Avropa və yaxın xarici ölkə dillərinə, eləcə də dünya xalqları ədəbiyyatlarını Azərbaycan dilinə tərcüməsini və nəşrini gerçəkləşdirəcəyik ki, burda da hər sayı konkret bir xalqın ədəbiyyatına həsr olunmaqla ildə iki dəfə “Dünya ədəbiyyatı” toplusunu nəşr olunacaq. Və əlbəttə ki, ayrı-ayrı müəlliflərin də dünya dillərinə tərcüməsi üçün müvafiq, sivil dünya praktikasına uyğun təqdimatlar olacaq. Həm “Dünya ədəbiyyatı” toplusunun başına, həm də “Ulu Çinar” dərgisinə, tərcümə seksiyasına Seyfəddin Hüseynli, Elxan Zal, Pərvin kimi istedadlı, cavan, işlək, bacarıqlı ədəbiyyatçılar gətirildi. Düşünürəm bu istiqaəmətdə işləmək üçün xeyli yaxşı komanda formalaşdı.
Üstəgəl, mən Türkiyədəki TEDA (Türk Ədəbiyyatına Dəstək Agentliyi) – da təcrübdə olmuşam. Polyakların oxşar qurumu var- Krakov Kitab İnstitutu, finlərin FİLİ-si var. Onların iş metodları ilə tanışam. On il ərzində isə kifayət qədər təcrübə toplamışam. Yaxşı əlaqələrim var. Bütün bu təcrübə və əlaqələri ədəbiyyatımız üçün səmərəli şəkildə istifadə edəcəm. Bizim tərcümə fəaliyyətimiz bununla məhdudlaşacaq. Qalan işlər isə yalnız xariclə bağlı olacaq. Qoy, sürpriz olsun. Bir çox islahatlar aparmaq və yeniliklər eləmək niyyətindəyik. İnşallah, Allahdan xeyirlisi.
- Artıq bu sahənin sualları sizə veriləcəyindən bir köhnə sualı da ilk olaraq mən verim sizə. Dünya ədəbiyyatını ancaq doğma dilində oxuyanların oxşar bir gileyi var: Bizim dilimiz bu qədər zəifdir, yoxsa tərcümə sənəti? Bu sahədə nə etməli?
- Yox Vəli müəllim, dilimiz zəif deyil, əksinə bir çox hallarda güclüdür, potensialı baxımından ümumiyətlə bu, mübahisə mövzusu deyil, sadəcə olaraq tərcüməçilikdə elə spesifik qatlar və sahələr var ki, görünür, bu mənada dilmiz xam torpaqdır, əkilib-becərilməyə ehtiyac duyulur. Tərcümə sənətinin isə daima cilalanmağa ehtiyacı var. Dil diri bir şeydir. O prəvəriş tapa bilir, kədərlənə bilir, sıxılır. Bu istiqamətdə bəzi düşüncələrimiz var. Yəni tərcüməçilərimizin ixtisaslaşması istiqamətində. Amma vaxtı qabaqlamaq istəməzdim.
- Səlim müəllim, sonuncu qurultay köhnə sədri yerində saxladı. Sizcə niyə?
- Yəqin ona görə ki, başqa alternativ yox idi. Bunu əlbəttə Anarın həm ədəbiyyatımız, həm də AYB üçün xidmətləri şərtləndirirdi.Əks-təqdirdə Anar yekdilliklə seçilməzdi. Hətta AYB-yə tənqidi münasibətləri olan adamlar belə ona səs verdilər.
- Çoxları Yazıçılar Birliyinə ehtiyac olmadığı fikrindədir. Yaxşı əsərlərin yazılmasında bu birliyin rolu sizcə, çoxdurmu?
- Mən bu qənaəti bölüşmürəm. AYB-yə də digər yaradıcı qurumlara da ehtiyac var.
İstənilən yaradıcı qurum dövlətlə yaradıcı adam arasında, tələblər və istəklər arasında sanki bir bufer zonasıdır. Əlaqələndirmə mərkəzidir. Kimsə hesab edirsə ki, hansısa bir başqa ölkədə bu qurumlar ləğv olunub deyə bizdə də olmamalıdır yaradıcı qurumlar, o adamlar yanılır. Bu özünü kiçikgörmə kompleksidir. Niyə olmasın? Qoy, onlar bizə, bizim dövətin mədəniyyət siyasətinə diqqətlə baxsınlar və öyrənsinlər. Qaldı yaxşı əsərlərin yazılması məsələsi, siz də, mən də bilirk ki,əsəri fərdlər yazır. Yaradıcı proses sporadik hadisədir. Bunun qurumla-filanla əlaqəsi yoxdur. Amma başqa məqam da var: tutalım Birlik vasitəsilə dövlət yazarlara illik stimullaşdırıcı təqaüdlər verir. Əgər bu təqaülər yazarların sosial problemlərini qismən də olsa qarşılayırsa, onları asudə yaradıcılığa sövq edirsə, bu elə həm də bir qədər sualınızın təsdiqidir də.
- İndi Yazıçılar Birliyi hansı dövrünü yaşayır?
- Yazıçılar Birliyi təyinatlardan və dəyişikliklərdən bəlli olduğu kimi yenilənmə dövrünü yaşayır da...
- Bəs Azərbaycan ədəbiyyatı?
- Azərbaycan ədəbiyyatı artıq 20 ildir ki, dəyişmə, yenilənmə dövrünü yaşayır. Bu fikri, Vəli müəllim, dəfələrlə demişəm, bir də təkrar edim: xüsusən poeziyamız XX əsr Azərbaycan və dünya şeiri kontekstində elə müstəvilərə qədəm basdı ki, bunu sonradan ədəbiyyatşünaslar mütləq tədqiq edib təsdiqləyəcəklər.
- Yeni təyinat münasibəti ilə sizi bir daha təbrik edirəm. Müsahibə üçün vaxt ayırdığınız üçün də təşəkkürlər və son sual. Yeni təyinat şeir yaradıcılığınıza mane olmayacaq ki?
- Təbrikə görə sağ olun. Əlbəttə olacaq. İndiyə qədər də olub. Bəraətim və ümidim yalnız budur ki, mən onsuz da məhsuldar şair deyiləm. Az yazıram.
- Bu isə sual deyil. Sizdən oxuculara hələ oxunmamış bir şeir təmənnamız var.
- Dedim artıq məhsuldar deyiləm. Odur ki, oxunmamış şeirim yoxdur. Amma az oxunmuş, kitablarımda olmayan bir şeirimi oxuya bilərəm.
- Buyurun.
Sentyabr. Eylül. Veresen. September
1.
Sentyabr. Eylül. Veresen. September.
Sarı rəng və kədər. Qüssəli tembr.
Uzaqda batıq səs: halsız və yorğundu.
Diş yoxdu, deməli işlər də yoğundu:
nədən ki, adamın tamahı itidir;
hər adam bir az da tamahın itidi.
Eylül, veresen, september, sentyabr
işğal eləyir bütün diyarı
köndələn yağışla, gözdeşən küləklə.
Sonrası rəsmdi: nə toxun, nə rənglə!
Payızdı. Sonbahar. Osen. Autumn.
Sarımtıl inqilab. Sarışın təlatüm.
Veresen.September. Sentyabr. Eylül.
Yarpaqlar qəpik tək elə hey tökülür.
Elə bil kim isə anladır könülsüz:
Bax, budur, dünyanın dəyəri, görürsüz.
Pəncərə önündə tozlu əlcək
sözsüz bir yazıdır: dünyadan əl çək!
September. Sentyabr. Eylül. Veresen.
Ad üçün hansı söz doğrudur, görəsən?
Sözdən yükünü boşaldıb kağıza
mənalar ehtiyac duymur ağıza.
Otaqda bürküsə kim deyir bu pisdi?!
Bürkünü hiss edən bədən var ipisti.
2.
Sentyabr.Eylül. Veresen.September.
Lüğətlər arası ən adi tender
qalib edərdi yəqin ki sükutu.
Sonrası nöqtədi: qələmin ucu;
o isə lap çoxdan yazıbdı: şimşək
çaxanda açacaq çətirlər çiçəktək.
Eylül.Veresen. September. Sentyabr.
Təqvimlər özünü eləyir biyabır.
Onlara baxmadan bilirsən hətta
qiyabi tanışdı təqvimlər həyatla.
Açıqdı pəncərə, uçuşur bir arı.
Onun da rəngi sənintək sapsarı.
Veresen. September. Sentyabr. Eylül.
Qızılı alovdan doğulur qara kül.
Hirsinə nida tək siqaret kötüyü
küldanda dik durub. Ağzının köpüyü,
hirsin yatır. Elə öz qanında boğulur ürəyin,
gizlənib altında ağappaq köynəyin.
September. Sentyabr. Eylül. Veresen.
Sədəqə istəyir birisi, verirsən:
bir ovuc xırda pul, bir ilıq təbəssüm.
“Qoy, arzun çin olsun, qoy, üzün gülsün!”-
qapının dalından sezilən sözlərin
ünvanı göylərdi. Yaşarır gözlərin.
3.
Sentyabr. Eylül. Veresen. September.
Göyüzü ağarır tənbəl-tənbəl.
Baxışın səmada marafon yürüşü
geridə buraxır uçağı və quşu.
Miskindi bu yerdə hər hansı məğrurluq.
Biz ki göylərə əvvəldən məğlubuq.
Eylül. Veresen.September. Sentyabr.
Gecələr mavrdı, səhərlər kentavr
gödəni, bədəni, rəngi ilə hər kəs.
Divanda açıqdı İmre Kertes.
Vərəqi geriyə çevirir sərinkeş.
Ömürsə yenidən yaşanmır... eh...kaş...
Veresen. September.Sentyabr. Eylül.
Miçəkdən bir öpüş qazanır süni gül.
Yalanlar daha çox çəkici, güvənli.
Saxta bir avazla oxuyur müğənni:
“Dərdimi göylərə danışsam alışar...”
Eybi yox, qulaqlar buna da alışar ...
September. Sentyabr. Eylül. Veresen.
Frigid qadıntək qələmdən bezirsən.
Üfüqü qızardan qürubun şəfəqi
güldanda bərq vurub anladır fərqi.
İşıqla kölgənin sevgi oyunu
qurtarır divarda. Filmin sonu.
Söhbətləşdi: Vəli Əkbər