Dünən Bakının “Bəy” restoranında Səməd Vurğun Fondunun təşkilatçılığı ilə geniş mərasim keçirildi. Dahi şairin səsli video görüntüsü göstərildikdən sonra, ümummilli lider Heydər Əliyevin Səməd Vurğunun “Azərbaycan” şeirini kövrələrək söyləməsi tədbir iştirakşılarına yüksək əhval bəxş etdi. Tədbiri giriş sözü ilə açan Səməd Vurğunun Ev muzeyinin direktoru, Səməd Vurğun Fondunun prezidenti Aygün xanım Vəkilova Səməd Vurğun Fondunun yaranması və missiyası haqqında geniş məlumat verdi. Fondun əsas məqsədinin ədəbi irsimizin öyrəniləməsi, ədəbiyyat tariximizin araşdırılması və Səməd Vurğun poeziyasının incəliklərinin üzə çıxarılmasından ibarət olduğunu bildirdi. Vaxtaşırı olaraq göstərilən bu sahələr üzrə müxtəlif nominasiyalar üzrə yaradıcı və araşdırmaçı insanlara Fondun Diplom-mükafatlarının təqdim olunduğu söyləndi. A.Vəkilova bildirdi ki, bir qayda olaraq həmişə Diplom-mükafatlar Səməd Vurğunun Ev muzeyində təqdim olunub, lakin muzeydə əsaslı təmirdən sonra rəsmi açılış olmadığından, builki təqdimatın bu ünvanda keçirilməsi məqsədə uyğun qəbul edildi. Fond tərəfindən müxtəlif nominasiyalar üzrə altı qalib müəyyən edilərək 2013-cü il üzrə Səməd Vurğun Fondunun Diplomu ilə təltif olunmuşdur.
Diplom-mükafatları Səməd Vurğun Fondunun prezidenti Aygün xanım Vəkilova təqdim etdi. Diploma layiq görülənlər içində “Strategiya.az” saytının köşə yazarları – hüquqşünas Səməd Vəkilov və fizik alim Yusif Aliyev olmaqla, yazıçı Zaməddin Ziyadoğlu, Vurğunşünas Mehman Mansurov, iş adamı Bəy Məhəmməd Vəkilov, Vurğun irsinin təbliğatçısı Elşad İbrahimov da təltif olunanlar sırasında idilər.
Sonda Aygün xanım Vəkilova dahi öndər, ümummilli lider Heydər Əliyevin Səməd Vurğun irsinə verdiyi yüksək dəyərin bu gün də cənab prezident İlham Əliyev tərəfindən uca tutulduğuna diqqət ayıraraq, bütün Vurğunsevərlərə dərin təşəkkürünü bildirdi.
Tədbirin rəsmi hissəsindən sonra Aşıq İlham Aslanbəyli, Aşıq Ulduz, müğənni Sədaqət gözəl ifaları ilə məclisə xüsusi rövnəq qatdılar.