“Sən gəlməz oldun” mahnısı erməniləşdirildi – VİDEO

“Sən gəlməz oldun” mahnısı erməniləşdirildi – VİDEO

“Sən gəlməz oldun” Azərbaycan mahnısı noyabrın 27-də Andrey Malaxovun populyar “Pust qovoryat” tok-şousunda (Rusiyanın I telekanalı) səslənib. Mahnını erməni mənsubiyyətindən olan Şavarşe Karapeytan barədə süjet müşayiət edib. Azərbaycanın Mədəniyyət Nazirliyi isə dərhal mahnı ilə bağlı insidentə reaksiya verib.

ANN.Az-ın verdiyi xəbərə görə, nazirliyin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva hesab edir ki, bütün Azərbaycan ictimaiyyəti “Sən gəlməz oldun” mahnısı ilə bağlı insidentə reaksiya verməlidir: “Təkcə nazirlik deyil, digər ictimai qurumlar, ayrı-ayrı yaradıcı adamlar da belə hallarda fəallıq nümayiş etdirməlidirlər. İnternet vasitəsilə, daha çox son vaxtlar güclü təsir qüvvəsinə malik olan sosial şəbəkələrdə ictimai qınaq olmalıdır. AzTV və İTV kanalları öz növbəsində Rusiyanın I kanalına müraicət etməlidirlər”.

Əbülfəz Qarayev ezamiyyətdə olduğundan Z.Əliyeva məsələ ilə bağlı bu gün qurumun səlahiyyətli təmsilçilərinə müraciət edəcək.

Bir neçə il televiziyada çalışan mətbuat katibi onu da qeyd edib ki, əvvəlcədən Rusiya telekanalının necə bəraət qazandıracağını düşünmək olar: “Televiziyada musiqi tərtibatı qismində əcnəbi mahnılardan istifadə olunur. Mahnı erməni mahnısı kimi təqdim olunmayıb, amma erməni təmsilçisi barədə süjeti fonda müşayiət edib. Biz məsələdəki mübahisəli məqamı anlayırıq, Rusiyada isə buna elə böyük diqqət vermirlər və yəqin ki, burada yanlışlıq olub”.

Nazirlik təmsilçisinin sözlərinə görə, “Böyük Ermənistan” xəstəliyinə yoluxan ermənilərin təkcə Azərbaycan torpaqlarına deyil, mədəniyyət və kulinariyasına münasibətdə təcavüzkar mövqe tutduqları çoxdan məlumdur: “Bir insident nə birincidir, nə sonuncu”.

“Sən gəlməz oldun” mahnısının musiqisi Ələkbər Tağıyevin, sözləri Mədinə Gülgünündür. Bu mahnını SSRİ xalq artisti Zeynəb Xanlarova, Azərbaycan xalq artistləri Məmmədbağır Bağırzadə, Faiq Ağayev, türk müğənniləri Sibel Can, Gülden Qaraböcek, Gülay Sezer və s. ifa ediblər. F.Ağayevin ifasında mahnıya klip də çəkilib. Klipi Gülay Sezer çəkib.

Musiqini qarmonda Azərbaycanın əməkdar artisti Gülbaha şükürlü, balabanda əməkdar artistlər Şirzad Fətəliyev və Əlixan Səmədov, neyda Konstantin Moskoviç ifa edib.

“Lednikovıy period” şousu çərçivəsində Əlixan Səmədovun ifasında Alyona Babenko və Roman Kostomarov çıxış edib. Musiqi eyni zamanda Soqdiananın “Vspominay menya” (“Məni xatrla”) və Byankanın “İzmena” (“Xəyanət”) mahnılarında səslənir. 2012-ci ildə rus müğənnisi Sati Kazanova mahnını öz repertuarına daxil edib və onu azərbaycanca ifa edib.

A.Malaxovun proqramında təxminən 10-cu dəqiqədən sonra nümayiş olunan həmin süjeti oxuculara təqdim edirik.

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az