“Sentyabrın 18-19-da dövlət çevrilişi olacaq”
Putinin etibarlı nümayəndəsi keçmiş baş nazirin qiyam hazırlaması barədə həyəcan təbili çalır.
Sentyabrın 18-19-da (18-də Dumaya seçkilər olacaq. - red.) Rusiyada çevriliş və "Maydan” hazırlanır”.
Moderator.az xəbər verir ki, bu iddia ilə öz Feysbuk səhifəsində tanınmış rusiyalı politoloq Sergey Markov çıxış edib.
"MSK-ya təzyiq etmək üçün güclü mitinqlər təşkil ediləcək...”
"Plana görə, on minlərlə PARNAS (Rusiyanın sabiq baş naziri M.Kasyanovun rəhbərlik etdiyi Xalq Azadlıq Partiyası - red.) tərəfdarı Moskvaya seçkilərə gələcək. Burada onlar öz əqidədaşlarının mənzillərində yerləşdiriləcəklər. Sentyabrın 18-dən 19-na keçən gecə onlar Mərkəzi Seçki Komissiyasına təzyiq etmək üçün kütləvi mitinqlər təşkil etməlidirlər. 19 sentyabrda isə seçkilərin saxtalaşdırılması əleyhinə böyük mitinq toplamalıdırlar”, - S.Markov yazıb.
"Müxalifətçilər millətçi və bütpərəstlərdən ibarət zərbə dəstələri də hazırlayacaq”
Politoloqun sözlərinə görə, müxalifətçilər eyni zamanda rus millətçiləri və bütpərəstlərdən ibarət güclü zərbə dəstələri də yaradacaqlar.
"Xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməyə hazır olan rus millətçiləri az da olsa, var. Hazırda həlledici "toplanma nöqtəsi” siyasətçi və bloqqer Vyaçeslav Maltsevdir. O bu gün PARNAS-da ən məşhur adamdır”, - keçmiş deputat bəyan edib.
Ukraynanın "Azov” alayı da qiyama dəstək verəcək...
İctimai Palata üzvü rus millətçilərinin Ukraynada ruspərəst qüvvələrə qarşı vuruşan məşhur "Azov” alayı ilə bağlı olduğunu da iddia edir.
"Hazırda "Azov” Ukraynanın cənub-şərqində güclü hazırlıq keçir. "Azov” alayı artıq oliqarxların tabeliyindən və maliyyələşdirilməsindən uzaqlaşdırılıb və birbaşa amerikanlar tərəfindən idarə edilir. Böyük ehtimallara görə, "Azov”un bəzi döyüşçüləri Moskvada PARNAS-ın bazasında hazırlanan "Maydan” tipli çaxnaşmalarda iştirak edəcəklər”, – S.Markov yazır.
"Ən böyük təhlükə elitadan gəlir...”
Bununla belə, politoloq bəyan edib ki, Rusiya üçün başlıca təhlükə onlarla "Azov” döyüşçüsü, yaxud "faşist-bütpərəstlər” deyil, kütləvi mitinqlərdən yararlanaraq hakimiyyəti iflic etməyə hazır olan elita nümayəndələridir.
Miq.az