Şərif Ağayar Hacı Şahinə film çəkilməsindən danışdı: “Ona bəslənən kütləvi sevgidə daha çox cəhalət qaranlığı görürəm...”

Şərif Ağayar Hacı Şahinə film çəkilməsindən danışdı: “Ona bəslənən kütləvi sevgidə daha çox cəhalət qaranlığı görürəm...”

Xəbər verdiyimiz kimi, mərhum ilahiyyatçı, Məşədi Dadaş Məscidinin sabiq axundu Hacı Şahin Həsənli barədə film çəkilir. Rejissoru Kənan MM (Mahmudov) olan "Qaranlıqdan nura” adlı filmdə Hacı Şahinin obrazını aktyor Tural Ağayev canlandıracaq. Bu təşəbbüs bir çoxları tərəfindən müsbət qarşılansa da, etiraz edənlər də az olmayıb. Müzakirələr zamanı bildirirlər ki, haqqında film çəkilməsi lazım olan xeyli sayda ziyalımız var. Qeyd olunub ki, Hacı Şahin barədə film çəkmək müasir cahilliyin təbliğatıdır.

 

Müzakirələrlə bağlı Pravda.az-a fikirlərini bölüşən tanınmış yazıçı Şərif Ağayar isə məsələyə fərqli aspektdən yanaşıb.

 

"Dünyada elə bir adam göstərmək olmaz ki, "onun haqqında film çəkmək olmaz” deyəsən. Hələ Hacı Şahin kimi tanınmış, hörmətli, vətənpərvər, insanpərvər bir din xadimi ola. Lakin bu məsələ ilə bağlı qıcıq da başadüşüləndir. Hacı Şahin nə qədər yaxşı insan olsa da, orta əsr didaktikası üzərində qurulmuş bəsit hədisləri ilə mütərəqqiliyin əks tərəfindədir. Ona bəslənən kütləvi sevgidə daha çox cəhalət qaranlığı görürəm. Doğrudur, zərərli vərdişlərdənsə, bu, yaxşıdır. Lakin əmin olun, bu da yaxşı deyil. Azərbaycanın işıqlı, aydın gələcəyi Konstitusiyamızda təsbit olunan hüquqi, dünyəvi yoldadır. Din isə sadəcə, mənəvi kateqoriya kimi hər kəsin öz içində, öz intimində gözəldir. O, tribunalardan smartfon əsrinin insanına alternativ model təklif edəndə bayağı görünür. Əlbəttə, fikirlərim Hacı Şahinin özü ilə bağlı deyil. Ona şəxsi münasibətim yüksək hörmət çərçivəsindən heç vaxt kənara çıxmayıb. Hətta hesab edirəm ki, Hacı Şahinin zəkası danışdıqlarından qat-qat yuxarıdadır. Ruhu şad olsun...”, - Ş.Ağayar deyib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az