“Səsimlə döyərəm, ağlımla öldürərəm”

“Səsimlə döyərəm, ağlımla öldürərəm”

Bəstəkar-müğənni Arif Səlimov ürəyini Vətəninfo.az-a açdı. Məntiqli cavabları, kəsərli ismarıcları ilə müsahibim qəlbinə yük olanları oxucularla paylaşdı.

- Arif, toyunuz oldu. Artıq ailəli bir insansınız. Evlilik həyatınızdan razısınızmı?

- Bütün subaylara toy arzulayıram. İstədiyim birisi ilə ailə qurdum və xoşbəxtəm. Əksər sənət adamlarının evliliyi 5-6 ay çəkir. Ancaq mən əminəm və inanıram ki, bizim ailə həyatımız uzunömürlü olacaq.

- Sizin toyunuz gözlənilməz oldu və səs-küy yaratdı…

- Bəli, toyum gözlənilmədən oldu. Qərar verdim və ona əməl etdim. O ki qaldı səs-küyə, bu mənim varlığımı, sənətimi, çəkimi bilən, ancaq bilsə belə bunu deməyə acizlik edən paxıl, tanınmayan, 3-4 dəfə efirə çıxıb tanınmaq iddiasında olan, oxumağa həvəsli, səssiz müğənnilərin gözü götürməməsinin nəticəsində yaranıb. Həmin insanların mənim seviyyəmə qalxmağına hələ onilliklər gərək. Mən pul dalınca qaçmıram. Pul özü məni axtarıb tapır, çünki sənətim var. Nazpəri xanımla “Sənli dünyam” adlı duetim isə çoxlarını həqiqi mənada havalandırıb.

- Bu duet məncə sizin toyunuzda səslənib ilk dəfə.

- Düzdür, bu ifa, duet toyun ən yaddaqalan anı oldu. Böyük sənətkarın mənim toyuma gəlişi elə sənətimə sənətkar qiymətinin verilməsi deməkdir. Xalq artisti Məleykə Əsədova, əməkdar artistlər Gülyaz Məmmədova, Naibə Allahverdiyeva kimi sənətkarlar toyuma xüsusi gözəllik verdilər. Gərək sənə sənətkar qiymət versin. Şəfiqə Axundova kimi dahi sənətkarın sənətimə qiymət verməsi mənim nəyə qadir olmağımdan xəbər verir. Bax budur səssizləri qıcıqlandıran.

- Siz həmişə çoxlarını qıcıqlandırmısınız...

- Səsimlə döyərəm, ağlımla öldürərəm. Mən canlı ifanı bacaran, ona üstünlük verən müğənniyəm. Nəğmələrim, bəstələrim efirləri bəzəyir. Deməli mən varam. Varlığım, sənətim kimlərinsə qıcığına, narahatlığına səbəb olursa, qoy su içsinlər. Onların Arif Səlimov olmaları üçün zaman lazımdır. Zamansa sənətkarı, sənəti sevir. Sənəti olmayanlar, səssizlər zamanla ayaqlaşa bilməyib yarı yolda qalacaqlar, necə ki, çoxları qalıb.

-Toyunuz həyatınıza hansı yenilikləri gətirdi?

- Dostumu, düşmənimi tanıdım. Kənardan hər şeyi izlədim. Fəxri adlı sənətkarların gəlişinə əsəb keçirənlərin əsəblərini, reaksiyalarını kənardan müşahidə edib doyunca güldüm. Hər kəs toyda öz yerini bildi, öz yerində, zamanında oxudu. Əvvəl sənətkarlar, sonra qalanları... Məsumə Əliyevanın mənə etdiyi sürpriz çox xoşuma gəldi. Oxumaq üstə dava salmağa çalışanlar isə elə intizarda qaldılar və beləcə də evlərinə getdilər...

- Son sual… İndi nələr düşünürsünüz?

- Özümü, ailəmi. Çörəyimi yeyib mənə quyu qazanlar, uğuruma narahat olanlar ətrafımda ola bilməz. Çoxlarına oxumağı mən öyrətmişəm, çoxlarına sənətdə istiqaməti mən vermişəm. Daha yetər, indi yalnız özümü, sənət tərəqqimi düşünürəm. Hər bir zirvəni fəth edəcəm. Hər zərbəyə sinə gərib qalib çıxaraq çoxlarının məğlubiyyət və uğursuzluğuna şahidlir edəcəm.

Uğur yol yoldaşınız olsun, Arif bəy.


Alim Nəbioğlu



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az