Sevənlərini doyunca güldürməyə ömrü yetmədi...
Bu gün unudulmaz aktyor, xalq artisti Telman Adıgözəlovun doğum günüdür. O, 1953-cü ilin bu günü Balakən rayonunda dünyaya gəlib. Bütün ömrünü insanları sevindirməklə yaşayan Telman Adıgözəlovun doğum tarixi ömrünün sonuna kimi insanların qanını içən Stalinin ölümü ilə təxminən eyni vaxta təsadüf edir.
Bu o deməkdir ki, həmin tarixdən etibarən təkcə Azərbaycan xalqı deyil, bütövlükdə mədəniyyət anlayışı yenə şərə, zülmə qalib gəldi. Bu rəqəm, bir növ, Telman Adıgözəlovun Stalin üzərində təbəssüm dolu qələbəsi idi.
Telman Adıgözəlov nə qədər aktyor idisə, bir o qədər də tamaşaçı idi. Buna görə də onun oynadığı rollara baxanda aktyor sanki televizorda deyil, elə burada – evin içindəymiş kimi görünürdü. Onun təkcə səsi, danışığı deyil, siması belə insanı fərəhləndirməyə, güldürməyə kifayət edirdi.
Telman Adıgözəlov həm kinematoqrafiyada, həm də televiziya, teatr tamaşalarında yaşadığı rollara görə sevilirdi. O, rolları oynamır, yaşayırdı. Təəssüf ki, həyatı yaşaya bilmədi. Yaşasaydı, daha gözəl, unudulmaz rollara imza atacaqdı.
Sənət yoldaşları deyir ki, insanları güldürmək, sevindirmək onun üçün ən ali sənət idi. Amma sevənlərini doyunca güldürməyə ömrü yetmədi... və 2010-cu il aprelin 15-də 57 yaşında gözlənilməz ölümü ilə sanki bütün gülüşlərin əvəzini çıxdı.
Vətəninfo.az