Şirvanda Rəfiqə Rzayevanın MMC-si, yoxsa dövlət liseyi
Azərbaycanda təhsil sistemində aparılan struktur islahatları və digər eksperimentlər artıq müzakirə mövzusu olmaqdan keçib. Hamı Mikayıl Cabbarovun bu sistemin başında turp əkməyi ilə razılaşıb! Ölkənin yiyəsi var, axır bir gün səbri daşar. Amma ən dəhşətlisi odur ki, korrupsiya, özbaşınalıq orta məktəblərdə ənənəvi xarakter almağa başlayıb və müəllimlərin iş yerini dəyişməsindən tutmuş məktəb direktorlarının təyin olunmasınacan hər şeyi əlində cəmləyən Mikayıl Cabbarova qarşı qıcıq yaradan odur ki, adam özünü heç nədən xəbərsiz aparır! Tərcümeyi-halında ən şərəfli səhifə "Çto? Qde? Koqda?" yarışmasında qaliblik olan, yəni ki... 17-ci əsrdə II Yekaterinanın da nə etdiyindən məlumatlı hörmətli və həşəmətli cənab nazir indi guya bilmir ki, Şirvan şəhərində Rəfiqə Rzayeva 1 saylı tam orta məktəb-liseyi MMC-yə döndərib. Ölkə mətbuatında bu özbaşınalıqlar barədə dəfələrlə yazılsa da, nazirin sözçüləri nədən və niyə bu materialları "yiyəsi"nə çatdırmır, onu ayrıca araşdıracağıq.
2011-ci ildən məktəbə direktor gələn Rəfiqə xanım nə var hamısını baş-ayaq edir. Ən adi üzdə olanı budu ki, adam buranı istədiyi kimi "işlədir", yəni ədəbiyyat dərslərini hərbi müəlliminə verir, kimya dərslərini aqronomu tapır yoldan gətirir, ona həvalə edir, dərs bölgüsünü isə hələ Molla Nəsrəddin kimi də yox, "allahhesabı" bölür, day nə bilim, "ölü canlar"ın maaş kartını özündə saxlayır və s.... Rəfiqə xanımın etdiyi bu əyriliklərin-düzlüklərin hamısını bağışlayaq onun gözəlliyinə, "daydayı"sına, onu direktor təyin edən Mikayıl Cabbarovun fontan vuran intellektinə, amma və lakin gəlin bir suala cavab tapaq: deməli, maliyyədən yoxlama gəlib, Rəfiqə xanım da müəllimləri qorxudub ki, 6500 manat borcunuz var, hərədən 100 manat yığıb və hələ üstəlik də deyib ki azdı.
Mikayıl müəllim Cabbarov, əlaqədar yoldaşlar, siz allah deyin görüm, müəllimlər yay tətilində evdə ola-ola, nətəri maliyyə şöbəsinə borclu olurlar: məktəbin suyundan isttifadə etməyiblər, tualetinə getməyiblər, yeməkxanasında oturmayıblar...
İşdi-şayəd, Rəfiqə xanım etiraz eləsə ki, bu pulu indi almayıb, apreldə alıb, cərimə adı ilə alıb, ona da razı olarıq, verərik ki, bu müəllimlər neyləyib cərimələnib, araq içiblər, yol hərəkəti qaydalarını pozublar, yoxsa qırmızı işıqda keçiblər?
Nəysə, müəllim kollektivinin ən əsas narazılığı hal-hazırda nə tələb olunan "remont pulu", nə "jalüz pulu"dur. Onları dilə gətirən direktorun ölünü də təəccübləndirəcək dərs bölgüsüdür. Diaqnostik imtahandan yaxşı nəticələri olan, neçə ilin təcrübəli pedaqoqlarının dərs yüikünün əlindən alınıb bölünüb yeni əvəzə gəlmiş və ya qeyri profilli müəllimlərə verilməsidir. Söhbət təkcə Azərbaycan müəlliminin ruzisiylə oynamaqdan getmir, həm də qüruruyla oynamaqdan gedir. Bax bunu sizə bağışlamayacaqlar, Rəfiqə xanım. "Buynuzsuz qoçun qisası buynuzlu qoçda qalmaz"- deyib atalarımız.
Ən sonda bildirək ki, YAXIN GÜNLƏRDƏ qeyri-qanuni dərs bölgüsünün siyahı-cədvəlini dərc etməklə bir daha sizləri inandıra biləcəyik ki, Şirvan şəhər 1 saylı orta məktəb-liseyi təhsil nazirliyinə tabe olan tədris müəssisəsi yox, Rəfiqə Rzayevanın MMC-sidir!
Aydın Məmmədoğlu, Miq.az üçün