SOS: 3 ayda Azərbaycanda 125 nəfər İİV-ə yoluxub

SOS: 3 ayda Azərbaycanda 125 nəfər İİV-ə yoluxub

Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 125 nəfər İİV-ə (insanın immun çatışmazlığı virusu) yoluxub. Miq.az Trend-ə istinadən xəbər verir ki, bunu Respublika QİCS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Esmira Alməmmədova bu gün keçirilən tədbirdə bildirib.

O qeyd edib ki, Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya, əsasən, yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılıb. Belə ki, 2016-cı ilin ilk 3 ayı ərzində aşkar olunan İİV-ə yoluxma hallarının 24,8%-i, 1987 - 01.04.2016-cı illər ərzində isə aşkar olunan halların 49,3%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib.

Bu il ölkədə İİV-ə yoluxan insanların 121-i (96,8%) Azərbaycan, 4 nəfəri (3,2%) isə əcnəbi vətəndaşdır. Qeydiyyata alınmış 121 Azərbaycan vətəndaşından 84-ü (69,4%) kişi, 37-si (30,6%) qadındır. Bu dövr ərzində QİÇS (qazanılmış immun çatışmazlığı sindromu) mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 44 nəfər olub. Bu dövr ərzində İİV infeksiyasından 9 nəfər Azərbaycan vətəndaşı dünyasını dəyişib.

2016-cı ilin 3 ayı ərzində İİV-ə yoluxması təsdiq olunmuş Azərbaycan vətəndaşlarının 31 nəfəri (25,6%) parenteral kontakt, 71 nəfəri (58,7%) heteroseksual kontakt, 2 nəfəri (1,7%) homoseksual kontakt nəticəsində virusa yoluxub, 17 nəfərin (14,0%) yoluxma yolu isə müəyyənləşdirilir.

E.Alməmmədova deyib ki, ümumilikdə, Azərbaycanda ilk dəfə İİV -infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2016-cı ilin 3 ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 4815 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyata götürülüb. Onlardan 3523-ü (73,2%) kişi, 1292-si (26,8%) qadındır. QİÇS mərhələsində olan vətəndaşların sayı 1725 nəfər, İİV infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 744 nəfər olub.

Onun sözlərinə görə, İİV-lə yaşayan insanlardan 48,9%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 41,3%-də heteroseksual, 1,8%-də isə homoseksual kontakt nəticəsində, 1,8%-də anadan uşağa keçməklə, 0,02%-də (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş verib. 7,0%-də yoluxma yolu müəyyən edilməyib: "Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi əvvəlki illərdə olduğu kimi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilib. Belə ki, 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 3093 İİV-lə yaşayan insan cəlb olunub, onlardan 133 nəfərin müalicəsinə 2016-cı ilin ilk 3 ayı ərzində başlanılıb. 01.06.2015-ci il tarixindən etibarən Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar olaraq, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi cərçivəsində 117 435 şəxs İİV-ə görə müayinəyə cəlb olunub və 75 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib".

E.Alməmmədova qeyd edib ki, İİV-lə əlaqədar Mərkəzin "Qaynar xətti"nə (408-79-74) müraciət edərək bu barədə daha geniş məlumat almaq olar. Mərkəz rəhbəri müayinələrin pulsuz aparıldığını da söyləyib.
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az