Şotlandiyaya işgüzar səfər

Şotlandiyaya işgüzar səfər

Azərbaycan Respublikası Milli Məclisin Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Cavanşir Feyziyev və  Böyük Britaniyadakı səfir Tahir Tağızadə Şotlandiya regional parlamenti sədrinin dəvəti ilə Edinburq şəhərində işgüzar səfərdə olmuşlar. 

Səfər çərçivəsində nümayəndə heyəti Şotlandiya regional parlamentinin sədri cənab Ken Makintoş tərəfindən qəbul olunmuşdur. Görüşdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə ölkələrimiz arasında mövcüd siyasi, iqtisadi və mədəni əlaqələr haqqında Parlament sədrinə ətraflı məlumat vermis və Azərbaycanla Böyük Britaniya arasında mövcud əlaqələrin yüksək səviyyədə olduğunu vurğulamışdır.
Milli Məclisin Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Cavanşir Feyziyev Şotlandiya Parlamentinin sədrinə Azərbaycan Parlamenti haqqında ətraflı məlumat vermis və eyni zamanda Milli Məclislə Şotlandiya Parlamenti arasında da ikitərəfli birbaşa əlaqələrin yaradılmasının əhəmiyyətindən danışmışdır.

Daha sonra Şotlandiya parlamentində təmsil olunan siyasi partiyaların  rəhbərləri ilə işgüzar görüşlər keçirilmişdir. Görüşlərdə Şotlandiya Mühafizəkarlar partiyasının, Şotlandiya Millətçi partiyasının, Şotlandiya Leyborist partiyasının və Şotlandiya Liberal-Demokrat partiyasının rəhbərləri və fəalları iştirak etmiş, tərəflər üçün maraq kəsb edən məsələlər ətraflı müzakirə olunmuşdur.Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri aparılmış müzakirələrdə diqqət mərkəzində saxlanılmışdır. Hərbi işğal nəticəsində yaranmış bir milyondan çox qaçqın və məcburi köçkünün vəziyyəti və onların öz dogma torpaqlarına qayıtmaqda israrlı olması haqqında şotlandiyalı parlamentarilər ətraflı məlumatlandırılmışdır. Münaqişənin həlli istiqamətində işğalçı dövlətə qarşı beynəlxalq ictimaiyyətin təzyiqlərinin artırılması zərurəti qeyd edilmiş, bu xüsusda müxtəlif parlament qurumları çərçivəsində məsələyə həssaslıq göstərən şotlandiyalı parlamentarilərin rolu təqdir edilmişdir. 

Görüşlərdə Azərbaycan-Böyük Britaniya ikitərəfli münasibətlərində xüsusi yer tutan Azərbaycan-Şotlandiya arasında iqtisadi, mədəni və təhsil sahələrində münasibətlərin hazırkı vəziyyəti və bu əməkdaşlığın genişləndirilməsi imkanları da müzakirə edilmişdir. 

Enerji sahəsinin ikitərəfli münasibətlərin möhkəmlənməsində xüsusi yeri qeyd edilmiş, Azərbaycanın neft-qaz sektorunun inkişafında şotlandların rolu vurğulanmışdır. Çoxsaylı azərbaycanlı icmasının olduğu Aberdin şəhəri başda olmaqla Şotlandiyanın bir sıra şəhərlərində azərbaycanlı icmasının günü-gündən öz fəaliyyətini genişləndirdiyi və cəmiyyətə uğurla inteqrasiya etdiyi nəzərə çatdırılmışdır. Təhsil sahəsində Bakı Ali Neft Məktəbi və Edinburq şəhərində yerləşən "Herriot-Vot” Universiteti arasında uğurlu əməkdaşlıq münasibətlərinin mövcudluğu, digər universitetlər arasında da buna bənzər qarşılıqlı faydalı əməkdaşlıq üçün potensialın olduğu nəzərə çatdırılmışdır. 

Şotland parlamentarilərlə müzakirələrdə iki ölkənin parlamentləri arasında belə təmasların intensivləşdirilməsi, qarşılıqlı səfərlərin təşkili və parlamentlərarası münasibətləri daha da inkişaf etdirmək üçün Azərbaycanla Böyük Britaniya arasında parlamentlərarası işçi qrupların nəzdində müvafiq alt qrupların təsis edilməsi razılaşdırılmışdır.

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az