Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Şuşanın işğalının 20-ci ildönümü ilə əlaqədar bəyanat verərək beynəlxalq təşkilatlara müraciət edib.
Ombudsmandan “Vətəninfo.az”a daxil olan məlumata görə, bəyanatda bildirilir ki,
“Böyük Ermənistan” yaratmaq xəyalları ilə yaşayan erməni millətçiləri davamlı olaraq dəhşətli cinayətlərə əl atmış, bəşəriyyətə, insanlığa zidd olan terror və soyqırımı siyasəti yürüdüblər. Tarixən öz dövləti olmayan, xalqımızın mərhəmətindən, insanpərvərliyindən sui-istifadə edərək yararlanan, Azərbaycan torpaqlarında sığınacaq tapmış erməni millətçilərinin bu məkrli siyasətinin məqsədi azərbaycanlıları əzəli torpaqlarından zor gücünə sıxışdırıb çıxarmaq, həmin ərazilərə digər ölkələrdən ermənilərin köçürülməsi olub.
Həmçinin, o da vurğulanır ki, “Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 20 mindən artıq azərbaycanlı həlak olub, 50 min nəfər yaralanıb, müxtəlif dərəcəli xəsarətlər alaraq əlil olub, 4.500 nəfər itkin düşüb, qadınlar, qocalar, uşaqlar əsir və girov götürülüb, amansız işgəncələrə məruz qalıb, bir milyon nəfər azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib, hüquqları kütləvi şəkildə, kobudcasına pozulub. Azərbaycanın ayrılmaz, əzəli torpağı olan Dağlıq Qarabağ və onun ətrafındakı Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Zəngilan, Qubadlı və Cəbrayıl rayonları Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, ümumən 17 min kvadratkilometr ərazidə ən məhsuldar torpaqlarımız zəbt olunub”.
Bəyanatda, beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı, Qarabağ dövlət tarix, xalq tətbiqi sənət və diyarşünaslıq muzeyləri, həmçinin Xan qızı Xurşidbanu Natəvanın sarayı, Ağabəyim Ağanın qəsri,Qarabağ xanlığı kompleksi, İbrahim Xəlil xanın mədrəsəsi, Şuşa yaxınlığındakı Ağoğlan məbədi, dünya əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx mağarası və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının ekspozisiyalarının dağıdıldığı, talan olunduğu, kitabxanaların yandırıldığı bildirilir.
“Bir sözlə, hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında Haaqa Konvensiyasının və Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında Paris Konvensiyasının müddəalarını kobudcasına pozan Ermənistan Respublikası Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.-deyə bəyanatda vurğulanır.
“Bütün bunları nəzərə alaraq, dünya birliyini, nüfuzlu beynəlxalq təşkilatları Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, terror siyasətinə, insan hüquqlarının kütləvi şəkildə pozulmasına son qoyulması, bu münaqişənin sülh və danışıqlar yolu ilə həllinə dəstək verilməsi, zəbt olunmuş torpaqların qaytarılması, yüz minlərlə qaçqın və məcburi köçkünün öz yurdlarına dönməsi, onların hüquqlarının bərpa edilməsi istiqamətində səylərini artırmağa çağırıram”.
Qeyd edək ki, bəyanat BMT-nin baş katibinə, BMT Təhlükəsizlik Şurasına, BMT-nin insan hüquqları üzrə ali komissarına, YUNESKO-nun baş direktoruna, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.
Mirvari Nəcəf