"Düşünürəm ki, Ramazan Əbdülətipov Rusiya və Azərbaycan arasında münasibətlərə müsbət təsir göstərəcək, onları iki qardaş ölkə kimi daha da yaxınlaşdıra biləcək. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, Ramazan Hacımuradoviç həm etnik azərbaycanlılar, həmçinin də Rusiyada və Azərbaycanda yaşayan digər xalqlar arasında böyük nüfuza malikdir."
Bu barədə SalamNews-a müsahibəsində Rusiya Strateji İnkişaf Modelləşdirilməsi Mərkəzinin prezidenti Söyün Sadıqov bildirib.
- Siz Ramazan Əbdülətipovu nə dərəcədə tanıyırsınız?
- Mən onu şəxsən tanıyıram, uzun illər milli məsələlər üzrə onunla əməkdaşlıq etmişəm. Biz Rusiya Federasiyası Prezidenti yanında Beynəlxalq Münasibətlər Şurasının üzvüyük. O da mənim kimi, Rusiya Azərbaycan Təşkilatları Birliyinin həmtəsisçiləri tərkibinə daxildir. Biz tez-tez müxtəlif məsələlərlə bağlı müzakirələr aparırıq və mən ona böyük hörmətlə yanaşıram, çünki o, səmimi, möhkəm əqidəli əsl insandır.
- Sizcə, niyə məhz onu Dağıstan prezidenti təyin ediblər?
- Ümumilikdə, Dağıstan rəhbərinin dəyişdirilməsi məsələsini bu regionun hələ də çətin və qeyri-sabit olması ilə əlaqələndirirəm. Orada tendensiya və vəziyyətin yaxşılığa doğru getməsi müşahidə olunmur. Vəziyyət getdikcə daha da çətinləşir və nəzarətdən çıxır. Təəssüf ki, bundan əvvəlki rəhbər öz respublikasındakı separatçı və etnik göstəricilərin öhdəsindən gələ bilmədi. O, dini və ictimai xadimlərin, güc strukturlarının nümayəndələrinin, arzu olunmaz jurnalistlərin və sadə vətəndaşların qətlə yetirilməsinə yol verdi. Bu, Dağıstanda adi hal almağa başladı. Buna görə də bu narahat respublikanın rəhbərliyinin siyasi və ictimai fəaliyyətdə böyük təcrübəyə malik Ramazan Əbdülətipova tapşırılması təsadüfi deyil.
O, hələ 1990-cı ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Ali Şurasının Millətlər Şurasına rəhbərlik edirdi, Rusiya Xalqları Assambleyasının rəhbəri olarkən bir çox ictimai təşkilatlarla, ilk növbədə, milli assosiasiyalar ilə qarşılıqlı fəaliyyət aparırdı. O, Rusiyada vətəndaş cəmiyyətinin yaradılması və inkişafında böyük təcrübəyə malikdir. Ramazan Əbdülətipov hansı vəzifədə çalışmasından – Dövlət Dumasının deputatı, Federasiya Şurasının senatoru, diplomat, Çeçenistanda vəziyyətin sülh yolu ilə həlli Komissiyasının rəhbəri, hökumət naziri, Prezident Şurasının üzvü - asılı olmayaraq, həmişə milli məsələlərlə məşğul olub.
Bundan başqa, Əbdülətipov özü Dağıstan vətəndaşıdır, əsl qafqazlıdır və bu regionu gözəl tanıyır. Hətta respublikanın hüdudlarından kənarda çalışarkən Şimali Qafqazda baş verən hadisələrdən hər zaman xəbərdar olub, öz doğma respublikası ilə sıx əlaqələr saxlayıb. Xüsusi ilə demək lazımdır ki, o, heç zaman hansısa nüfuzlu "klanlardan" asılı olmayıb, onun adı korrupsiya qalmaqallarında hallanmayıb. O, vicdanlı və nəcib siyasətçidir. Buna görə də, təkrar edirəm, Rusiya prezidenti onu təsadüfən seçməyib. Mən Dağıstanda əsl vətəndaş cəmiyyəti yaratmaqda Əbdülətipova böyük ümid bəsləyən Vladimir Putini anlayıram və dəstəkləyirəm.
- Dağıstan kimi çoxmillətli ölkənin yeni prezidentinin bir anda bütün problemləri həll edəcəyinə inanmaq sadəlövhlük deyilmi?
- Mən əminəm ki, Əbdülətipov Dağıstan Respublikasında məskunlaşan bütün xalqların nümayəndələri ilə dil tapmağı, regionun "bütün yaralı nöqtələrini" bildiyi üçün millətlərarası razılıq və sülh məsələsində irəliləyiş əldə etməyi bacaracaq. O, nə ilə qarşılaşacağı barədə özünə hesabat verir və yəqin ki, qarşısında qoyulan məsələlərin həllini özlüyündə müəyyənləşdirib.
- Bu təyinat Rusiya və Azərbaycan münasibətlərinə hər hansı təsir göstərəcəkmi?
- Düşünürəm ki, Ramazan Əbdülətipov Rusiya və Azərbaycan arasında münasibətlərə müsbət təsir göstərə, onları iki qardaş ölkə kimi daha da yaxınlaşdıra biləcək. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, Ramazan Hacımuradoviç həm etnik azərbaycanlılar, həmçinin də Rusiya və Azərbaycanda yaşayan digər xalqlar arasında böyük nüfuza malikdir. Ramazan Hacımuradoviçin bizim mədəniyyətimizi yaxşı tanıması, Azərbaycan dilini bilməsi mənim üçün xoşdur. O, Azərbaycana doğma insandır. Onun AzərRos FMMM-nin V Qurultayında iştirakı faktı da bunu sübut edir. Onun qurultaydakı möhtəşəm çıxışı isə Azərbaycana və Azərbaycan xalqına səmimi münasibətinin daha bir göstəricisidir.
- Ramazan Əbdülətipovun üzərinə qoyulan missiya nə dərəcədə ciddidir?
- Heç kimə sirr deyil ki, Qafqazdakı qeyri-sabitlik Rusiya əleyhinə maraqlara sahib olan müəyyən qüvvələr üçün əlverişlidir. Onlar Şimali Qafqazdakı ictimai-siyasi və sosial-iqtisadi vəziyyəti korlamaq məqsədi ilə separatçı rejimi fəal dəstəkləyirlər. Bu region Qafqaz-Xəzər istiqamətdə Rusiyanın dayaq nöqtəsidir. O, zamanla və müəyyən şərtlər daxilində həm dünya iqtisadiyyatına, həm də dövlətlərarası münasibətlərə ciddi təsir göstərəcək.
Şimali Qafqaz və Qafqaz qarşılıqlı əlaqəli və bir birini tamamlayan vahid orqanizmdir. Buna görə də Qafqaz respublikalarının Şimali Qafqazla qarşılıqlı sıx münasibəti bu qədər vacibdir.
Təbii ki, Azərbaycan, Ermənistan və Gürcüstan Şimali Qafqazda sabitlik və təhlükəsizlik məsələlərində maraqlı olmalıdırlar. Bu da öz növbəsində Qafqaz respublikaları üçün təhlükəsizliyin təminatı olacaq. Buna görə, Ramazan Əbdülətipovun üzərinə qoyulan məsuliyyəti lazımi dəyərləndirmək lazımdır. Çünki, o, ilk növbədə məhz bu məsələlərlə məşğul olacaq.
Fürsətdən istifadə edərək, Ramazan Əbdülətipova səmimi qəlbdən cansağlığı, yeni vəzifəsində böyük uğurlar arzulayıram. Ümidvaram ki, onun ağıllı və təcrübəli rəhbərliyi altında Dağıstan sərmayə və turizm biznesi üçün ən cəzbedici regionlardan biri, iqtisadi və siyasi cəhətdən sabit şəkildə inkişaf edən respublikaya çevriləcək.
Veteninfo.az