Tahir Kərimli: "Gültəkin Hacıbəyli də, Əli Kərimli də, Cəmil Həsənli də parlamentdə oturanda belə radikallıq sərgiləməyiblər"
"Əvvəla, bilirik ki, Gültəkin Hacıbəyli iqtidardan müxalifətə keçib. Milli Şuranın üzvüdür. AXCP-nin təəssübünü çəkməsi maraqlıdır. Belə çıxır ki, Cəmil Həsənli, Gültəkin Hacıbəyli rəsmi olmasalar da, AXCP-nin yan üzvləridirlər. Mən belə başa düşürəm. Partiyaların dövlət qeydiyyatına alınması heç də iqtidar-müxaliflətçiliklə bağlı deyil. Bir sıra partiyalar var ki, danışanda on minlərlə üzvlərinin olduğunu deyirdilər. Görünür, bu və ya digər səbəbdən onların heç birinin kütləvi üzvləri yoxdur. Yoxlamalarda da bu, üzə çıxdı. Lap deyək ki, hansısa müxalifət partiyasını bəyənməyə bilərsən. Söhbət səndən, AXCP-dən və digər partiyalardan gedir. Sən özünə cavab ver. Hanı sənin üzvlərin? Nəyə görə sənə üzv olmurlar? Buna cavab ver. Başqası ilə nə işin var?”
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
T.Kərimli Gültəkin Hacıbəylinin "Ədliyyə Nazirliyi hər hansı geydirmə "müxalifət" partiyasını qeydə alıb, AXCP-yə "yox” desə, əsl mübarizə, əsl savaş ondan sonra başlayacaq” sözlərinə belə reaksiya verib: "Nə mübarizə, savaş olacaq? Belə çıxır ki, qeydə alınmayan partiyalar savaş açacaqlar? Bilmirəm. Hər halda Gültəkin Hacıbəyli də, Əli Kərimli də, Cəmil Həsənli də parlamentdə oturanda heç vaxt belə radikallıq sərgiləməyiblər. Guya indi müxalifətdirlər, digərlərini təhdid edirlər. Deyir, "suda batan saman çöpündən yapışar...” AXCP-ni belə çox istəyirsənsə, get AXCP-yə üzvlər cəlb et, üzv sayınızı düzəldin, yoluna qoyun. Nəinki söyüş ritorikasından istifadə etmək, başqalarını aşağılamaq. AXCP 10 il parlamentdə oturanda Müsavat gecə-gündüz AXCP-yə "geydirmə müxalifət” deyirdi. Bu da yaddan çıxmasın. Müsavat parlamentdə olanda, AXCP kənarda qalanda isə AXCP Müsavata "geydirmə müxalifət” dedi. Son dövrlər AXCP REAL Partiyaya da "geydirmə müxalifət” deyirdi, REAL da onları ittiham edirdi. Getsinlər öz aralarında mübahisələrini həll etsinlər".