Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) liderliyi ilə həyata keçirilən TANAP və TAP layihələrinə Almaniyada böyük maraq var.
Vətəninfo.az AZƏRTAC-a istinadla bildirir ki, bu barədə Almaniya Bundestaqının üzvü Mark Hauptmanın rəhbərlik etdiyi Türinqen federal torpağının parlament qrupu üzvləri ilə keçirilən görüşdə danışılıb.
Dövlət Neft Şirkətinin sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov Almaniya və Azərbaycan arasında zəngin tarixə malik münasibətlərin bu gün bütün sahələrdə uğurla inkişaf etməsini məmnunluqla vurğulayıb.
Almaniya Bundestaqının üzvü Mark Hauptman SOCAR-ın liderliyi ilə həyata keçirilən TANAP və TAP layihələrinə Almaniyada böyük maraq olduğunu söyləyib və bu layihələr, habelə Azərbaycanda həyata keçirilən digər əhəmiyyətli neft-qaz layihələri haqqında geniş məlumat almaq istədiklərini qeyd edib.
E.Nəsirov qədim dövrlərdən neft ölkəsi kimi məşhur olan Azərbaycanın dünya neft sənayesi tarixində önəmli yeri və rolu haqqında qonaqlara məlumat verib, Bakının həmişə dünyanın neft mərkəzlərindən biri olduğunu nəzərə çatdıraraq, ötən əsrin əvvəllərində xarici sərmayədarların, o cümlədən alman iş adamlarının buradakı fəaliyyəti haqqında danışıb. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş enerji strategiyasının həyata keçirilməsindən söz açan SOCAR-ın vitse-prezidenti bildirib ki, qısa müddətdə ölkəmizdə etibarlı və şaxələndirilmiş ixrac neft-qaz kəmərləri sistemi yaradılıb.
Bu gün Azərbaycanda həyata keçirilən qlobal və regional əhəmiyyətli neft-qaz layihələri haqqında danışan E.Nəsirov və onun müavini Vitali Bəylərbəyov son illər həmin layihələr çərçivəsində əldə olunan nailliyyətlərdən, xüsusilə, Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın önəmli rol oynamasından söz açıb, almaniyalı deputatları maraqlandıran məsələlərə aydınlıq gətiriblər. Qonaqlara “Cənub” qaz dəhlizi və onun tərkib hissələri, “Şahdəniz” yatağının ehtiyatları və işlənilmə mərhələləri, TANAP və TAP kəmərlərinin iştirakçı və istehlakçıları, layihənin Avropanın enerji təhlükəsizliyində rolu və sair haqqında geniş informasiya verilib.
Almaniyanın Türinqen federal torpağının parlament qrupu üzvləri Azərbaycan, onun yüksəlişdə olan iqtisadiyyatı barədə məlumatlardan öz fəaliyyətlərində yararlanacaqlarını söyləyiblər.