Tanınmış hərbçilər general Lentsovun “sülhməramlı” komandanı olmasına etiraz etdi...
Azərbaycan müdafiə nazirinin sabiq müavini polkovnik Mehman Səlimovun təşəbbüsü ilə bir qrup tanınmış hərbçi bu günlərdə Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsinə müvəqqəti(!) nəzarət edən Rusiya "sülhməramlı” kontingentinin komandanı təyin olunmuş general-polkovnik Aleksandr Lentsovun torpaqlarımızda belə bir missiya daşımasına kəskin etiraz edib.
Polkovnik Mehman Səlimov Moderator.az-a açıqlamasında bildirib ki, etiraza səbəb general A.Lentsovun xalqımıza qarşı 1990-cı ilin 20 Yanvar qətliamında iştirakı, həmçinin onun həyat yoldaşının erməni milliyyətindən olması, eləcə də onun son günlər Bakıya gəlib Azərbaycan rəhbərliyinə özünü təqdim etməmişdən öncə İrəvana getməsi, Xankəndi və Xocalıda separatçı liderlər, o cümlədən Azərbaycan dövləti tərəfindən interpolla beynəxalq axtarışa verilmiş Arayik Arutyunyanla görüşməsi və s. səbəb olub.
Aralarında general və polkovniklərin də olduğu bir qrup keçmiş hərbçinin "sülhməramlı”ların yeni komandanı barədə dövlət qurumlarına və ictimaiyyətə müraciəti ilə yaxın müddətdə tanış ola bilərsiniz.
Sultan Laçın