Amerika Azərbaycanlıları Cəmiyyətinin prezidenti Tomris Azərinin Vətəninfo.az-a müsahibəsi:
- Tomris xanım, Nyu-Meksiko ştatının Xocalı qətliamının 21-ci ildönümü ilə bağlı qətnamə qəbul etməsini necə dəyərləndirirsiniz?
- Nyu-Meksikoda qəbul edilən qətnamə Amerikada yaşayan azərbaycanlıları çox məmnun etdi. Bu uğur orada yaşayan azərbaycanlıların, səfirliyimizin və baş konsulluğumuzun birgə uğurudur. Birgə görülən işlər, öz effektini verir və verməkdədir. Bu işi davam etdirməliyik.
- Qarşıda hansısa tədbirlər gözlənilirmi?
- Bu il azərbaycanlıların cəmiyyəti, Amerika Azərbaycan Şurası və Türk-Amerika təşkilatları Xocalı qətliamının Amerikada tanınması üçün məktub kampaniyalarına start verib. Və bu məktub kampaniyası çox gözəl nəticələr verməkdədir. Bildiyiniz kimi keçən ilin mart ayında Nyu-York ştatının senatı tarixdə və Azərbaycandan xaricdə ilk dəfə olaraq, 31 mart Azərbaycanlıların soyqırım gününü rəsmi şəkildə tanıdı.
Keçən il məktub kampaniyalarımız və öz nümayəndələrimizlə aparılan danışıqlardan sonra, Corciya ştatı nümayəndələr palatası ilk dəfə Xocalı soyqırımının baş verməsində Ermənistan rəhbərliyinin rolunu qeyd edən və cinayətlə bağlı Sarkisyanın adını hallandıran qətnaməni qəbul etdi.
- Ortada olan nəticə odur ki, görülən işlər öz effektini verməkdədir...
- Təbii elədir. Onuda demək istəyirəm ki, biz bütün il boyu konqresmenlərimizlə, senatorlarımızla əlaqələrimiz olur və onlara hər görüşdüyümüzdə problemlərimizi danışırıq və onları bilgiləndiririk. Amerika Azərbaycanlılar Cəmiyyətinin 55-illik təcrübəsinə böyük kömək olur.
Amerikada ilk qurulmuş bir cəmiyyət olaraq, nümayəndələrimiz bizlərə inanır və dinləyirlər. Uğurlarımızın daha da irəli getməsini istəyirəm. Tarix boyu Azərbaycana qarşı edilən qətliamlar, soyqırımlar, işğallar bütün Amerika qanunçularının bilməsini istərdim.
Elnur Eltürk
Veteninfo.az