Tural Abbaslı: “Partiya üzvü bir müddət sonra dünyasını dəyişibsə, o demək deyil ki, partiyalar gedib qəbiristanlıqdan üzv yığıblar”
"Siyasi partiyalardan üzvlərinin reyestr məlumatlarının içində şəxsi telefon nömrələri tələb olunanda aşağı-yuxarı hamı bilirdi ki, həmin nömrələrə zəng gələcək. Təhlükəlisi budur ki, insanlarımız hələ də siyasi fəaliyyətdən çəkinirlər. Siyasi fəaliyyətə görə təqib olunacaqlarını, işlərini itirəcəklərini və digər problemlər yaşayacaqlarını düşünürlər. Buna görə də zənglərə əvvəlcədən etiraz edirdik ki, insanlar qorxacaqlar. Amma artıq "Siyasi partiyalar haqqında” qanun qəbul olundu və bütün partiyalar qanuna əmək edərək reyestr məlumatlarını təqdim etdilər...”
Bu sözləri Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.
O, partiya üzvlərinə zəng edilməsini təbbi qəbul edib: "Onsuz da Ədliyyə Nazirliyinin verdiyimiz siyahılardakı şəxslərin həqiqətən partiya üzvü olub-olmadıqlarını yoxlamaq üçün başqa yolu yoxdur. Düzdür, problemlər olur. Məsələn, insanlar var, işindən çəkinir, buna görə də deyir ki, partiya üzvü deyiləm. Sonra zəng edib üzrxahlıq edirlər. Belə hallar olur, amma o qədər yüksək faiz deyil. Zənglər gəlməlidir, amma əsas budur ki, zəng zamanı insanlara nələr deyilir, nə soruşulur, necə təqdim olunur. Bu önəmlidir. Bizim də partiya üzvlərimizə artıq 5 gündür, zənglər gəlir. Hətta elə olub ki, eyni adama üç-dörd dəfə zəng gəlib. Müxtəlif suallar verilir. Məsələn, elə adamlar var, onlardan sadəcə partiyanın üzvü olub-olmadıqları soruşulur. Bəzilərinə nə vaxtdan üzv olduqları sualı verilir, yaxud partiya vəsiqələrinin olub-olmadığı soruşulur. Hətta sual verirlər ki, "bilirsiniz, iqtidar partiyası YAP-dır?" Belə ifadələr də olur. Prosedur budur, nə edək? Ağ Partiya da 10 min 1 nəfər üzvün siyahısını təqdim edib. Ədliyyə Nazirliyindən cavab gözləyirik. Görək nə olacaq...”
T.Abbaslı Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun "Bəzil partiyalar gedib qəbiristanlıqdan siyahı yığır. Adam dünyada yoxdur, amma onu partiya üzvü kimi təqdim edirlər” sözlərinə isə belə reaksiya verib: "Siyavuş müəllim həmişəki kimi öz ampluasındadır. Maraqlı nəsə demək istəyib. Xatırladım ki, partiyaların heç birində Azərbaycan əhalisinin reyestr məlumatlarına əlçatanlığı yoxdur. Ola bilər ki, hansısa partiyanın üzv qəbul etdiyi şəxs bir müddət sonra dünyasını dəyişib. Bu, o demək deyil ki, partiyalar gedib qəbiristanlıqdan üzv yığıblar. Ona qalsa, bu rəqəmlər ən çox üzv siyahısı olan partiylarda daha çoxdur. Sadəcə, ən çox siyahı verən partiya iqtidar partiyası olduğu üçün onların məlumatları belə açıqlanmır”.