“Türkiyə Ermənistanla sərhədləri açmamalıdır” – Qüdrət Həsənquliyev

“Türkiyə Ermənistanla sərhədləri açmamalıdır” – Qüdrət Həsənquliyev
Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına qısa müsahibəsini təqdim edirik:

- Qüdrət bəy, sabah (30 iyul) Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair danışıqların növbəti raundunun keçiriləcəyi barədə məlumat yayılıb. Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına dair həmin görüşdə razılaşma əldə oluna bilərmi?

- Türkiyə Ermənistanla sərhədləri 1993-cü ildə Kəlbəcərin Ermənistan tərəfindən işğal olunmasından sonra bağlayıb. Birinci Qarabağ savaşında Türkiyədən gözləntilərimiz daha çox idi, amma həmin dövrdə Türkiyə liderləri Qərbdən tam asılı olduqlarından bundan artığını edə bilmədilər, hətta dinc insanları Kəlbəcərdən evakuasiya etmək üçün iki mülki helikopter belə verə bilmədilər. Gücləri yalnız sərhədləri bağlamağa çatdı. 44 günlük Vətən müharibəsində isə daha müstəqil və daha güclü qardaş Türkiyə bizə müasir PUA-lar, silah-sursat satdı, üçüncü ölkələrin münaqişəyə qatılmasının qarşısını aldı, bizə siyasi və mənəvi dəstək oldu. Biz bunu yüksək qiymətləndiririk.

Ermənistanın və onun Qərbdəki pozucu tərəfdarlarının günahı ucbatından Ermənistanla sülh sazişi imzalaya bilmirik. 4 kəndimiz, müəyyən sərhəd ərazilərimiz hələ də işğal altındadır. Ermənistan Naxçıvana maneəsiz gediş-gəlişi öz beynəlxalq öhdəliyinə zidd olaraq təmin etmir. Belə bir vəziyyətdə Türkiyə əvvəlki mövqeyindən geri çəkilməməli, Ermənistanla sərhədlərin və kommunikasiya xətlərinin açılmasını Azərbaycanla sülh sazişinin bağlanması ilə şərtləndirməlidir. Ümid edirəm belə də olacaq.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az