Türkiyə Rusiya-Ukrayna münaqişəsində mühüm və həlledici oyunçudur...
"ABŞ və Avropa İttifaqı Ankaranın davranışlarına nəzər salıb nələrisə öyrənə bilər..."
"Türkiyə NATO-nun ən əhəmiyyətli üzvüdür, lakin müstəqil, bəzən isə öz milli maraqları naminə amerikalı və avropalı tərəfdaşlarının ziddinə hərəkət edir..."
"Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmasa da, NATO-nun Ukraynaya hərbi yardımını dəstəkləyir..."
"Türkiyə Avrasiya teatrında Dağlıq Qarabağ münaqişəsinin həllində çox mühüm rol oynamaqla, Moskvaya münasibətdə öz mövqelərini möhkəmləndirib..."
Öz mövqelərini möhkəmləndirmək üçün Türkiyə nə Qərbə, nə də Rusiyaya məxsus olan əlaqələndirici rolundan fəal şəkildə istifadə edir.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın "Foreigh Policy" nəşri yazıb.
Məqalə müəllifi qeyd edir ki, ABŞ və Avropa İttifaqı Ankaranın davranışlarına nəzər salıb nələrisə öyrənə bilər.
Ankara özünün unikal vəziyyətindən strateji üstünlük qazanmaq üçün istifadə edir
Rusiyanın Ukraynadakı əməliyyatı artıq altıncı aydır ki, davam edir və Türkiyə bu uzanan münaqişədə mühüm oyunçuya çevrilib. Ankara bu münaqişəyə bir neçə cəhbədə cəlb olunub. O, Ukrayna ilə təhlükəsizlik, Rusiya ilə energetika məsələsində əməkdaşlıq edir. O, Kiyev və Moskva arasında diplomatik vasitəçi rolunu icra edir. Məhz Türkiyə diplomatiyası taxılın Ukrayna limanlarından avqustun 1-dən göndərilməsini nizama salmağa kömək edib. Bu, əməliyyat başlanandan ilk tədarük olub. Bu münaqişəyə belə düşünülmüş yanaşma Ankaraya xeyli imkanlar yaradır və eyni zamanda onun üçün əhəmiyyətli problemlər törədir. Qərbə isə o, Rusiya ilə işləri necə səmərəli aparmaqda mühüm dərslər verir.
Ankara çoxdandır ki, Avropa ilə Asiyanın qovuşuğunda yerləşməsi ilə bağlı özünün strateji vəziyyətindən istifadə etməyə cəhd göstərərək, əlaqələndiricilik həlqəsi konsepsiyasını üstün tutur. Funksional cəhətdən Türkiyə yanacaq və ərzaq kimi əsas ehtiyatların tədarükü üçün mühüm tranzit dəhlizi rolunu oynayır. Bu dəhliz Rusiyanın Ukraynada "xüsusi əməliyyat"ı ilə bağlı iqtisadi və ticarət qarışıqlığını nəzərə almaqla xüsusi önəm daşıyır. Türkiyə NATO hərbi blokunun ən əhəmiyyətli üzvüdür, lakin müstəqil, bəzən isə özünün amerikalı və avropalı tərəfdaşlarının ziddinə hərəkət edir, Qərbin Rusiya və İran kimi düşmənləri ilə münasibətləri nizama salır.
Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Ankara özünün əlaqələndirici həlqə rolundan nə Qərb, nə də Rusiya düşərgəsinə tam məxsus olmayan regional dövlət kimi öz mövqelərinin güclənməsi üçün istifadə edir. Türkiyə Ukraynaya böyük miqdarda hərbi texnika və silah, o cümlədən Ukrayna qoşunlarına Rusiyanın mövqelərinə zərbələr endirilməsində əhəmiyyətli dərəcədə kömək edən "Bayraktar"lar tədarük edir.
Eyni zamanda, Ankara Qərbin hərbi əməliyyata cavab olaraq Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmayıb. Ərdoğan isə avqustun 5-də Rusiya prezidenti Vladimir Putinlə Söçidə görüşərək, ikitərəfli energetika əməkdaşlığının genişləndirilməsi məsələsini müzakirə edib. Bununla birlikdə, Türkiyə Avropaya qeyri-Rusiya mənşəli enerji resurslarının Cənub qaz dəhlizi ilə Avropaya tədarükü üçün tranzit kanalıdır, bu dəhlizi Avropa İttifaqı tədarüklərin diversifikasiyası və Rusiyanın mavi yanacağından imtina etmək məqsədilə genişləndirməyə can atır.
Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən imtina edərək, Türkiyə bütövlükdə NATO-nun Ukraynaya hərbi yardım göstərilməsini dəstəkləyir. Bununla yanaşı, Ankara artıq bir neçə aydır ki, bu hərbi alyansın İsveç və Finlandiyanın qəbul edilməsi hesabına genişləndirilməsinin Kürd Fəhlə Partiyası ilə problemlər, habelə bu ölkələrin Türkiyə hökumətinin öz təhlükəsizliyinə təhlükə hesab etdiyi kürd fəallarını gizlətməsi səbəbindən əleyhinədir. Bu mübahisə hələ də həllini tapmayıb, lakin o, göstərib ki, Ankara özünün milli maraqlarını hər şeydən üstün tutur və NATO üzvlərinin yekdilliklə sürətlə bu ölkələrin hərbi bloka qəbul edilməsi cəhdinə qarşı çıxa bilər. Belə münasibət gələcəkdə Türkiyənin NATO üzvü kimi etibarını zəiflədə bilər, amma hələ ki, bu ölkə alyansın əvəzedilməz iştirakçısı olaraq qalmaqdadır.
Türkiyə, demək olar ki, Moskva və Kiyev arasında taxıl və ərzaq tədarükü məsələsinin həllində vasitəçi kimi çox mühüm rol oynayıb. Ankara BMT ilə birlikdə danışıqları təşkil edib, ərzaq və taxlılın fevralda hərbi əməliyyatlar başlanandan dayandırılan ixracının bərpa edilməsi barədə sövdələşməni təmin edib. İyulun 22-də Türkiyənin dəstəyi ilə İstanbulda taxıl tədarükü üzrə koordinasiya mərkəzinin açılmasına dair mühüm saziş imzalanıb.
Ukraynadan (və Rusiyadan) ixrac edilən ərzaq və taxılın xeyli hissəsi tranzitlə Qara dənizdə və Bosforda Türkiyə sularından keçərək, bundan sonra Yaxın Şərqin, Afrikanın və s.bazarlarına çatır. Türkiyə NATO-nun həm Rusiya, həm də Ukrayna ilə yaxşı işçi münasibəti olan yeganə üzvüdür. Ona görə də o, bu sularda gəmilərin təhlükəsiz keçidinə zəmanət verə bilər. Ankara həm Ukrayna, həm də Rusiya üçün əməkdaşlıq sərfəli olanda yaranmış imkanlardan istifadə etməyi bacarıb (Qərbin Rusiya əleyhinə sanksiyaları qismən yumşaldılıb ki, ərzaq tədarükünü davam etmək mümkün olsun), fəqət, Moskva, Kiyev və Qərb arasında münasibətlərin kəskinləşməsi müstəqil vasitəçi olmadan belə əməkdaşlığı nizama salmağa imkan verməzdi.
Türkyənin belə strateji yanaşması ona əhəmiyyətli səmərə verir və Ankaraya vacib ərzağın bazarlara tədarükünü təmin etməyə və bu prosesdə özünün diplomatik nüfuzunu möhkəmləndirməyə imkan verir. Lakin Ankaranın vasitəçiliyi onun üçün müəyyən problemlər yaradır. Rusiya ilə Ukrayna arasında taxıl ilə bağlı razılaşmaya nail olunması səyləri Moskva və Kiyev arasında daha miqyaslı sazişin imzalanması üzrə danışıqların aparılmasında uğursuz cəhdlərdən sonra göstərilib. Türkiyə Avrasiya teatrında (Dağlıq Qarabağ münaqişəsinin həllində çox mühüm rol oynamaqla) Moskvaya münasibətdə öz mövqelərini müəyyən dərəcədə möhkəmləndirib. Lakin Rusiya açıq şəkildəTürkiyənin maraqlarına zidd olaraq Ukraynada, Suriyada və ya başqa yerlərdə lazım bildiyi təqdirdə hərəkət etməyə hazırdır. Qeyd etmək lazımdır ki, Kremlin mətbuat katibi avqustun 9-da Türkiyənin Ukraynada "Bayraktar"ların istehsalı üzrə zavodun tikilməsi planlarını "demilitarizasiya" etməklə təhdid edib.
Eyni zamanda, Türkiyə hələ taxıl tədarükü üzrə danışıqlar prosesində uğur qazandığını tam mənada sübut etməyib. Hərçənd, gəmilər Ukrayna limamlarından çıxaraq Türkiyə sularına doğru hərəkət edir, ilk həftələr onlar az olacaq və Türkiyədən asılı olmayan problemlərlə üzləşəcək. Məsələn, Rusiya liman obyektlərini hərbi hədəf edərək, onlara zərbə endirməklə sazişi təhlükə altına ata bilər. Moskva sazişdən tamamilə çıxa və Ankaranın vasitəçi və Avrasiyada təsirli oyunçu kimi nüfuzuna zərbə vura bilər. Bundan başqa, Türkiyə sonsuzluğadək Kreml ilə Qərb arasında balansı saxlaya bilməyəcək, çünki ABŞ türklərə qarşı Rusiya ilə hərbi və digər əməkdaşlığa görə özünün sanksiyalarını tətbiq edib.
Lakin Türkiyənin strategiyası onsuz da xeyli nəticələrə nail olmağa imkan verir. Taxıl tədarükü başlananda, Ukrayna hakimiyyəti sazişin çərçivələrini genişləndirməyi və oraya digər malların, deyək ki, metalların da ixracını daxil etməyi təklif edib. Belə tərəqqi Qərb üçün Rusiya ilə münasibətlərdə mühüm dərs olacaq.
Hələlik, ABŞ və Avropa İttifaqı mərkəzində sanksiyalar və digər cəza tədbirləri olan strategiya gerçəkləşdirir. Onlar Rusiyanın Ukraynada "xüsusi əməliyyatı"na belə münasibət sərgiləyir. Mahiyyət etibarilə Rusiya və Qərb bir-birini zəiflətməklə bunun davranışlarda dəyişikliklərə gətirəcəyinə ümid edirlər. Təmasların nizama salınmasında konstruktiv və hətta şərti səylər çox azdır, nəticədə hər ikisinin iqtisadiyyatına ziyan vurulur.
Belə antaqonist yanaşmanın gerçək nəticəsi inflyasiya, enerjiresurslarının tədarükündə fasilələr və bütün dünyada ərzaq təhlükəsizliyinin zəifləməsidir, həlak olan və öz doğma yerlərini tərk edən ukraynalılardan isə danışmağa dəyməz. Qərb Rusiyanı Ukraynaya qarşı döyüş əməliyyatlarına görə pisləməkdə haqlıdır, lakin etiraf etmək gərəkdir ki, əlaqələndirici həlqənin Türkiyənin timsalında konstruktiv qarşılıqlı əlaqəni özündə ehtiva edən çoxşaxəli strategiya daha səmərəli görünür və Moskva ilə münasibətlərdə daha çox nəticələrə gətirib çıxara bilər. Birləşmiş Ştatlar və Avropa İttifaqı bundan mühüm nəticə çıxara və onu heç olmasa münaqişənin ən dağıdıcı nəticələrini zəiflətmək və sülhün əsaslarını qoymaq üçün öz strategiyasına uyğunlaşdıra bilər.
Müəllif: Yudjin Çausovski (Eugene Chausovsky)