"Türkiyədəki seçkilərlə bağlı ortada hələlik ciddi bir etimad doğuran proqnoz yoxdur..."

"Türkiyə Prezidenti seçiləcək şəxs əhalinin faktiki yarısının onun siyasətinə qarşı olacağını nəzərə almalıdır...”
"Prezident Ərdoğanın tərəfdarları isə bu mənada daha az radikal görünürlər...”
 
"Bütün bu qarşılıqlı ittihamlar, bu radikallaşma və qütbləşmə fonunda, düşünürəm ki, seçkilər ərəfəsində hərarət bir qədər də artacaq...”
 
"Türkiyədə seçkilərin elə birinci turu ərəfəsində daxildə gərginlik, qütbləşmə və hər iki düşərgədə radukallaşma müşahidə olunurdu. Və birinci tur həmin gərginliyi nəinki aradan qaldırmadı, onun nəticələri, deyərdim ki, vəziyyəti bir qədər də gərginləşdirdi. Bunun da səbəbi bəllidir. Çünki əhalinin bir hissəsi CHP-ni dəstəkləyən, şərti olaraq və hətta şərti olmayaraq dünyəvi sayılan kəsim, əlbəttə ki, Ərdoğan və onun tərəfdarlarına qarşı münasibətdə, demək olar ki, aqressiv notlara köklənib. Prezident Ərdoğanın tərəfdarları isə bu mənada daha az radikal görünürlər. Amma onlar da öz mövqelərində, öz liderlərini müdafiə etməkdə israrlıdırlar. Bu da açıq-aydın görünməkdədir”. 
 
Bunu Moderator.az-a açıqlamasında hazırda Türkiyədə olan siyasi təhlükəsizlik üzrə ekspert Ərəstun Oruclu qardaş ölkədəki prezident seçkilərinin II turu öncəsi durum, cəmiyyətin əhval-ruhiyyəsi barədə  təəssüratlarını ifadə edərkən bildirib.
 
"Belə bir vəziyyət elə məhz həmin o nəticələrə gətirib çıxardı ki, Prezident Ərdoğan birinci turda yetərincə səs toplayıb seçilə bilmədi. Hərçənd ki, o, lazımi həddə çox yaxın gəldi. Və bir çox iddialara görə,  əgər üçüncü səs toplamış namizəd olan Sinan Oğan II turda öz səslərini CHP liderinə verəcəksə,- onun mesajlarından da təxminən belə bir görüntü yaranıb, - bununla da Kamal Kılıçdaroğlu qalib olacaq. Bu, doğrudan da belədirmi? Əslində yerli və xarici müşahidəçi və təhlilçilər məsələyə başqa cür yanaşırlar. Onlar belə düşünürlər ki, Sinan Oğanın elektoratı arasında Ərdoğanın platformasına da yaxın olan yetərincə adamlar var. Məsələn, bəzi iddialara görə, Sinan Oğan daha çox Kılıçdaroğlunun elektoratından parçalayıb özünə elektorat formalaşdırıb. Amma əsla elə deyil. Məsələ burasındadır ki, III namizədin platformasının milliyyətçi platforma olduğunu unutmamaq gərəkdir. Və bugünkü müşahidələrə görə,- elə öz müşahidələrim də bunu göstərir,- milliyyətçilər bəlkə də Kılıçdaroğludan daha çox Ərdoğanın  mövqeyinə, onun seçki platformasına yaxındır. Bax, bu proqnoz vermək, yəni rəqəmləri üst-üstə yığıb demək ki, CHP liderinin qalib gəlmə şansı xeylidir - bu, hesab edirəm ki, çox sadə dəyərləndirmədir. Sinan Oğan elektoratının bir hissəsinin hətta Ərdoğana səs verəcəyi də istisna deyil. Və lider, prezidentliyə namizədin bir çağırış etməsi ilə onun elektoratının bütün gücü ilə, bütün sayı və çəkisi ilə gedib onun çağırış etdiyi namizədə səs verəcəyini düşünmək də yanlışdır. Burada elektoratın mövqeyini, onun psixologiyasını, II turda davranışını müəyyən edən bir çox amillər var ki, belə sadə meyarlarla, demək ki, üst-üstə yığıldı və gəldi Kılıçdaroğlu seçildi,- bu, doğru yanaşma deyil. Hesab edirəm ki,- yeri gəlmişkən bir çox ciddi dünya nəşrləri də bu məsələyə xüsusi diqqət yetirirlər,- Ərdoğanın platformasında bu gün dinçilikdən daha çox milliyyətçilik ideyaları üstünlük təşkil edir. Və bu mənada istisna deyil ki, həmin o III namizədin, yəni Sinan Oğanın tərəfdarlarının bir hissəsi və daha çox hissəsi Ərdoğana səs verə bilər, nəinki Kılıçdaroğluna”- deyə açıqlamasının davamında şərhçi bildirib. 
 
Analitik Türkiyədəki seçkilərlə bağlı hər hansı bir proqnoz verməyin çətin olduğuna da diqqət çəkərək belə deyib:
 
"İstənilən halda mən Türkiyədəki seçkilərlə bağlı hər hansı bir proqnoz vermək istəməzdim. Çünki proqnoz vermək üçün Türkiyə cəmiyyətinin bir sıra: sosioloji, psixoloji, siyasi, iqtisadi, sosial kriteriy və kateqoriyalara görə düzgün qiymətləndirilməsi gərəkdir və ikincisi də, mən bu sahənin mütəxəssisi deyiləm.  Amma görünən budur ki, seçkilərin II turu, onun nəticələri ilə bağlı  ortada hələlik ciddi bir etimad doğuran və inandırıcı proqnoz yoxdur. Elə Türkiyənin özündə də bu, yoxdur. Verilən proqnozlar daha çox təbliğat xarakteri daşıyır, seçicilərin qərarına, davranışına təsir göstərmək mexanizmi rolunu oynayır. Bu baxımdan da nəticələr haqda danışmaq istəməzdim. Lakin bir şey bəllidir ki, məsələn, Ərdoğan seçilərsə, o, ölkə əhalisinin faktiki olaraq yarısının onun siyasətinə qarşı olduğunu nəzərə almalıdır. Əksinə, Kılıçdaroğlu seçilərsə, o da eyni amili nəzərə almalıdır. Ən azı, bu bir amili... Bundan sonra Türkiyə cəmiyyətində hansı dinamika olacaq, Türkiyənin qütbləşmiş, parçalanmış və radikallaşmış iki toplumu bir-birinə qarşı hansı münasibəti sərgiləyəcək, bunu isə söyləmək çox çətindir. Çünki burada bir də o məsələ var ki, ölkədəki sosial-iqtisadi vəziyyət(bu isə, açığı, ürəkaçan deyil, heç proqnozlar da ürəkaçan deyil) hansı dinamikanı göstərəcək, yəni ölkədəki sosial-iqtisadi durum yaxşılaşmağamı başlayacaq, yoxsa pisləşməkdə davam edəcək,  bax, bu amilin rolunu istisna etmək olmaz. Nəzərə alaq ki, Ərdoğan siyasətinə etiraz edənlərin bir hissəsi onun 20 ildən artıq hakimiyyətdə olmasına görə etiraz edir, digər hissə öz etirazını onun dünyəvi dəyərlərlə hesablaşmamasıyla izah edir,  üçüncü hissə isə, əlbəttə ki, öz sosial-iqtisadi durumundan çıxış edərək ona etiraz edir. Yəni burada bir uzunmüddətli və yaxın müddətli nəticələri gözləmək lazımdır. Qısamüddətli nəticələr, təbii ki, seçkilərdən sonra qütbləşmiş tərəflərin bir-birinə münasibətlərinin necə olacağından asılıdır. Uzunmüddətli nəticələr isə ilk növbədə Türkiyədə sosial-iqtisadi vəziyyətin hansı istiqamətə gedəcəyinə bağlıdır”. 
 
"Bütün hallarda bu gün Türkiyə seçkilərindən gözləntilər böyükdür. Məsələn, gənclərin böyük əksəriyyəti,- əlbəttə ki, söhbət əsasən dünyəvi dəyər daşıyıcısı olan, onları seçən gənclərdən gedir, - deyir ki, Ərdoğan seçilərsə, biz ölkəni tərk etməli olacağıq, çünki artıq burada yaşamaq mümkün olmayacaq. Belə olan halda digər bir qrup hesab edir ki, bütün güclərini sərf etməlidirlər ki, Ərdoğan seçilməsin. Qarşı tərəf isə iddia edir ki, Kılıçdaroğlu seçilərsə, guya Türkiyənin maraqlarını nələrəsə qurban verəcək. Yəni CHP liderini daha çox Qərbin kadrı kimi təqdim edirlər. Amma mən deməzdim ki, bu, belədir. Əslində Türkiyədə siyasətçilərin böyük əksəriyyəti məhz Türkiyə dövlətinin siyasətinin maraqlarından çıxış edir. Unutmayaq ki, Türkiyə böyük bir tarixi dövlətçilik təcrübəsi olan bir ölkədir. Bax, bu mənada bütün bu qarşılıqlı ittihamlar, bu radikallaşma və qütbləşmə fonunda, düşünürəm ki, seçkilər ərəfəsində hərarət bir qədər də artacaq. Çünki 28 may tarixində həqiqətən də Türkiyə siyasətinin də, Türkiyə dövlətinin də müqəddəratı həll olunur”- deyə ekspert vurğulayıb.
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az