Velosiped idmanının şose yarışlarında ölkəmizi təmsil edəcək atletlər müəyyənləşib

Velosiped idmanının şose yarışlarında ölkəmizi təmsil edəcək atletlər müəyyənləşib

Velosiped idmanının şose növü üzrə kişilər və qadınlar arasında Xızıda keçirilən Azərbaycan çempionatına yekun vurulub. Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil olunan çempionatda “Synergy Baku” komandasında çıxış edən velosipedçilərimiz də daxil olmaqla, yığma komandalarımızın bütün üzvləri mübarizə aparıblar. Yarışın keçirilməsində əsas məqsəd “Bakı-2015” birinci Avropa Oyunlarında iştirak edəcək heyəti müəyyənləşdirmək idi.

Vətəninfo.az  AZƏRTAC-a istinadən xəbər verir ki, yarışın ilk günündə elit kateqoriyada iştirak edən velosipedçilər 40 kilometr məsafəyə fərdi ötüşmədə mübarizə aparıblar. Mayın 15-də isə qrup yarışları keçirilib və mükafatçılar müəyyənləşib. Çempionatda 128 kilometr məsafə qət edən velosipedçilər dəniz səviyyəsindən 1200 metr hündürlükdəki finiş xəttini keçiblər. Yarışın dağlıq hissəsində rəqiblərindən xeyli fərqlənən Maksim Averinin və ötənilki çempion Elçin Əsədovun mübarizəsində Maksim birinci olub. Bununla da velosipedçi Azərbaycan çempionu adını qazanıb. Elçin Əsədov ikinci yeri tutub. İlk üçlüyü Samir Cəbrayılov tamamlayıb.
Bununla da Maksim Averin, Elçin Əsədov və Samir Cəbrayılov ölkəmizi “Bakı-2015” ilk Avropa Oyunlarının velosiped yarışlarının şose növündə təmsil etmək hüququ qazanıblar.
Ölkə çempionatının yekunlarına əsasən, “Bakı-2015” birinci Avropa Oyunlarında iştirak edəcək qadın şose velosipedçilərimiz də məlum olub. Bu hüququ Yelena Pavluxina və Ülfət Nəzərova əldə ediblər.
Ölkə çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqının reytinq siyahısında da nəzərə alınır. İlk üç yerin sahibləri müvafiq olaraq, aktivinə 40, 30 və 16 xal əlavə edəcəklər. Bu isə “Rio-2016” Yay Olimpiya Oyunlarında iştirak üçün olduqca önəmlidir. Hazırda velosipedçilərimiz arasında ən yüksək reytinq Maksim Averinə məxsusdur. Bu çempionata qədər iştirak etdiyi yarışlarda 78 xal toplayan idmançı, Azərbaycan çempionu olmaqla xallarının sayını 118-ə çatdırıb.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) təqviminə əsasən, iyunun sonlarında keçirilməli olan çempionatın mayda təşkili ilk Avropa Oyunları ilə əlaqədardır. Belə ki, iyunda ölkəmiz mötəbər yarışa ev sahibliyi edəcəyi üçün beynəlxalq federasiya Azərbaycan çempionatının məhz mayın ortalarında keçirilməsinə razılıq verib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az