Bu ilin yanvarında başladığımız işlər mayın 19-da yarımçıq saxlanıldı. Buna səbəb Binəqədi rayonu ərazisində 16 mərtəbəli binanın yanması oldu. O gün-bu gün, hələ də əmək haqlarımız verilmir.
Vizual.az xəbər verir ki, bu sözləri Axar.az-a şikayətində iş icraçısı Cəfər Şərbətov deyib.
Onun sözlərinə görə, "Təmiz Binəqədi” layihəsi əsasında binaların fasadlarını yeniləyiblər. Amma iş icraçıları maaşlarını bu günədək ala bilməyib.
Şikayətçi qeyd edib ki, Binəqədi Rayon İcra Hakimiyyətindən abadlıq işləri üçün maliyyət vəsaiti fiziki şəxsin - Qaraş Əliyevin hesabına köçürülüb. Amma Q.Əliyev adlı həmin şəxs altı aydır ki, işçilərin pulunu vermir. O, bunu sözügedən vəsaitin Binəqədi RİH-dən onun hesabına ödənilməməsi ilə əsaslandırıb.
İş icraçıları çarəsiz qalaraq rayon icra başçısı müavinlərinin qəbulunda olublar. Şikayətçiləri icra hakimiyyətinin aparıcı məsləhətçi Elşad Əhmədov qəbul edib. Onlara bildirilib ki, ödəməyə pul yoxdur.
Ümumilikdə, hər iş icraçısının 14-15 fəhləsi var. Təqribən, 80-nə yaxın işçiyə 90 min manatdan artıq maaş verilməlidir.
"Dedilər, gözləyin, yanan binanın təmiri bitsin, sonra veriləcək. Daha sonra dedilər, Avropa Oyunlarından sonra ödəniləcək. Oyunlardan sonra da bildirdilər ki, gözləyin, parlament seçkiləri bitsin, verəcəyik. Ancaq hələ də haqqımızı ala bilmirik”, - şikayətçilər söyləyiblər.
Problemlə əlaqədər açıqlama verən Q.Əliyev bütün məsuliyyəti öz üzərinə götürüb. O qeyd edib ki, İcra Hakimiyyətinin bu məsələdə heç bir təqsiri yoxdur:
"Mən fiziki şəxs kimi layihə əsasında çalışan işçilərin pullarını ödəyə bilməmişəm. Görəcəyimiz işlərlə bağlı aldığımız materiallar əlimizdə qaldığı üçün işçilərin pulunu ödəyə bilmədim. İcra Hakimiyyətinin məsələyə heç bir aidiyyəti yoxdur. Vəsaiti mən özüm ödəyə bilməmişəm. 10-15 gün müddətinə bütün işçilərin maaşını ödəyəcəyəm”.
Məsələ ilə əlaqədar ANS-ə danışan Binqədi rayon icra başçısının müavini Aygün Əliyeva da bildirib ki, onların qurumu sifarişçi olmayıb. İcra Hakimiyyətinin həmin şikayət edən usta və fəhlələrlə heç bir əlaqələri yoxdur.