Xaləddin İsgəndərovu ən son anda “ipdən” kim alıb? -SENSASİON TƏFƏRRÜAT
Binəqədidəki dəhşətli yanğından
üç ay ötdü; İcra başçısını həbs etmək üçün xüsusi qrup yaradılıbmış,
amma... 15 nəfərin ölümünə, 56 nəfərin isə xəsarət almasına səbəb olan
hadisə ilə bağlı istintaq niyə vəd edilən vaxt yekunlaşmadı?
Avqustun
19-da Binəqədi rayonunda 15 nəfərin ölümünə, 56 nəfərin isə xəsarət
almasına səbəb olan dəhşətli yanğının üç ayı tamam olur. Mayın 19-da baş
vermiş yanğınla bağlı yaradılan dövlət komissiyasının sədri Abid
Şərifov hələ iyulun 26-da ANS-ə müsahibəsində istintaqın yaxın 10 gündə
bitəcəyini desə də, deyilən vaxtdan üç həftə ötməsinə baxmayaraq, bu
barədə rəsmi məlumat hələ də yoxdur.
Qeyd
edək ki, yanğından dərhal sonra poliuretan məmulatını istehsal edən
"Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction”
MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi
rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra
hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov və Binəqədi
rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov
Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin
ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi
qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə
ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs
qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə 4 ay
müddətinə həbs- qətimkan tədbiri seçilib.
Bundan
sonra daha bir sensasion həbs gerçəkləşib. Belə ki, 2012-2013-cü
illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini
işləmiş Qəzənfər Novruzov tutulub.
Onun
barəsində də 4 aylıq həbs- qətimkan tədbiri seçilib. Qəzənfər Novruzov
Naxçıvan Muxtar Respublikasının daxili işlər nazirinin müavini,
general-mayor Səbuhi Novruzovun qardaşıdır.
Hüquq
ekspertlərinə görə, əslində istintaqın üç aya tam yekunlaşması
mümkündür. Amma bu yanğınla bağlı müəmmalı məqamlar da yetərincə çoxdur
və istintaq cəmiyyəti də maraqlandıran bu suallara tam aydınlıq
gətirməlidir. Başqa bir məqam isə yanğınla bağlı həbs edilənlərin
məsuliyyətinin yalnız onlara "yüklənməsi” ilə razılaşmamalarıdır.
Məsələn, iddia var ki, heç də arxasız hesab edilməyən Qəzənfər Novruzov istintaqda verdiyi ifadəsində Binəqədinin icra başçısı Xaləddin İsgəndərov barədə şok məlumatlar açıqlayıb.
Qeyd
edək ki, dəhşətli yanğından dərhal sonra binanın üzlənməsinə
Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun göstəriş verdiyi haqda
məlumatlar yayılmışdı. O, istintaqda da dindirilib.
Amma
"Yeni Müsavat” bu yanğın hadisəsi barədə bugünlərdə daha bir sensasion
məlumat əldə edib. Məlumatda deyilir ki, yanğının Avropa Oyunlarının
açılışı ərəfəsinə təsadüf etməsi iqtidardakı qərar mərkəzlərini hədsiz
qəzəbləndirib və mayın 20-də X.İsgəndərovun həbsinə qərar verilib. İcra
başçını həbs edəcək qrup hərəkətə keçib. X.İsgəndərov həbsinə qərar
verildiyindən xəbərdar olub və kabinetində həyəcanla gözləyib. Binəqədi
İcra Hakimiyyətinə çatan əməliyyat qrupu hərəkətə keçmək istəyərkən
onlara "bir qədər gözləmək” göstərişi gəlib. Dəqiqələr sonra
X.İsgəndərov üçün gələn maşınlar geri qayıdıb. Bundan sonra icra
başçısının keçirdiyi stressdən ürəyi tutub...
Bəs nə baş verib ki, X.İsgəndərov həbsdən canını qurtarıb?
Mənbənin
iddiasına görə, məsələyə ən son anda vergilər naziri özü qarışıb. Nazir
bu həbsin onun karyerasına da nöqtə qoyacağını söyləyərək siyasi
rəhbərlikdən yaxın qohumu olan X.İsgəndərov üçün əfv diləyib, üstəlik,
tezliklə "icra başçısının bütün səhvlərini” düzəldəcəyinə özü təminat verib. X.İsgəndərovun "ipdən” alınmasının ilginc hekayəti belədir...
Həbs
təhlükəsi sovuşan kimi Binəqədidəki bütün binalarda "ölüm üzlükləri”
sökülüb, X.İsgəndərov ən yaxın adamlarına heç kimdən rüşvət almamağı,
bütün qanunsuz tikililəri dayandırmağı tələb edib ki, bu barədə ötən
saylarımızda yazmışıq. İndi məlum olur ki, icra başçısı əslində "ipdən”
alındığı üçün müəyyən müddət ətrafına diqqətli olmağı tapşırıb. Amma
yaşadığı stress X.İsgəndərova baha başa gəlib. Ürəyi xəstəlik tapan icra
başçısı bir müddət yalnız yuxarıların razılığı ilə Almaniyada müalicə
olunub. Onun səhhətinin indi də qənaətbəxş olmadığı deyilir.
"Yeni Müsavat”