“XAN” Ədəbiyyat Silsiləsindən yeni kitablar işıq üzü gördü

“XAN” Ədəbiyyat Silsiləsindən yeni kitablar işıq üzü gördü

Hədəf Nəşrləri özünün milli ədəbiyyat və tərcümə ədəbiyyatı layihələrinə davam edir.


Nəşriyyatın mətbuat xidmətindən verilən məlumata görə, “XAN” (“Xalqım, Azərbaycanım Naminə”) Ədəbiyyat silsiləsindən artıq beş yeni kitab bu həftə oxuculara təqdim olunub.

Bu kitablardan üçü milli ədəbiyyata, ikisi isə tərcümə ədəbiyyatına daxildir.

Milli ədəbiyyat seriyasında Məmməd Səid Ordubadinin “Qılınc və Qələm” romanı iki hissə bir kitabda olmaqla nəşr edilib. Bundan başqa, Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan Yusif Vəzir Çəmənzəminlinin “İki od arasında” və məşhur kinorejissor və yazıçı Həsən Seyidbəylinin “Cəbhədən cəbhəyə” romanları da Hədəf Nəşrləri tərəfindən yenidən nəşr olunub. Bu kitabların yenidən nəşrində məqsəd, gənc oxucu kütləsinin diqqətini yenidən milli ədəbiyyata yönəltməkdir. 

Qeyd edək ki, Yusif Vəzir Çəmənzəminlinin “Studentlər” və “Qızlar bulağı” romanları da bu yaxınlarda hər biri ayrıca kitab şəklində Hədəf Nəşrləri tərəfindən çap olunub. Milli ədəbiyyat seriyasındakı kitabların nəşri filologiya elmləri üzrə fəlsəfə doktoru Şəmil Sadiqin redaktorluğu ilə baş tutub.

Tərcümə ədəbiyyatı seriyasında isə məşhur Türkiyə yazıçısı, Türk dünyasının sevilən müəllifi Hüseyin Nihal Atsızın “Ruh adam” və islami eşq romançısı Şule Yüksel Şenlerin “Hüzur Küçəsi” romanları Azərbaycan türkçəsinə tərcümə edilərək nəşr olunub.

“Ruh adam”ın tərcüməçisi Aynur İmranova, redaktorları Rüfət Əhmədzadə və Oktay Hacımusalıdır. Ötən həftələrdə isə “Bozqurdlar” romanı Hədəf Nəşrləri tərəfindən yenidən nəşr olunmuşdu.

“Hüzur küçəsi”nin tərcüməçisi isə Oktay Hacımusalı, redaktoru Rüfət Əhmədzadədir.

Qeyd olunan kitabların çapı “CBS” Mətbəəsində baş tutub. Silsilədə çap olunan bütün kitabların naşiri Müşfiq Xan, dizayneri isə Teymur Fərzidir. Hədəf Nəşrləri yerli və xarici ədəbiyyatdan başqa məşhur əsərlərin də tərcüməsi və nəşrini davam etdirir, yaxın günlərdə oxuculara yeni kitabları da təqdim etməyi planlaşdırır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az