Xanım millət vəkili müxalifəti topa tutdu

Xanım millət vəkili müxalifəti topa tutdu

“Xalqın rəğbətini qazanmış müxalif siyasi lider üfiqdə belə görünmür”


“Mən yüz faiz əminəm ki, Azərbaycan xalqı qarşıdan gələn prezident seçkilərində yenə də öz seçimini düzgün edəcək. Hakim partiyanın sədri, ümummilli lider Heydər Əliyev siyasətinin davamçısı, bugünkü Prezidentimiz cənab İlham Əliyev yenidən ölkə prezidenti seçiləcək”. Bunu  Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili, BDU-nun professoru Kamilə Əliyeva dilə gətirib.
 “Mən bir millət vəkili kimi seçicilərlə görüşdə İlham Əliyevin xalq arasında necə böyük nüfuza sahib olduğunu görürəm və xalqın onu necə dəstəklədiyini hiss edirəm”- deyən millət vəkilinin sözlərinə görə, o, eyni zamanda, Azərbaycanda hazırda xalqın rəğbətini qazanmış siyasi müxalifət lideri də görmür:
“Tam məsuliyyət hissi ilə qeyd etmək istəyirəm ki, onların arasında bugünkü Prezidentimiz cənab İlham Əliyevlə rəqabət apara biləcək şəxs yoxdur. Özü də nəinki yoxdur, belə bir şəxs hətta, üfiqdə  görünmür”.
Millət vəkili həmçinin qeyd edib ki, mövcud iqtidar həmişə Azərbaycanda demokratik seçki keçirilməsinin tərəfdarı, eyni zamanda, onun şəffaf şəkildə həyata keçirilməsinə nail olub:  “İndiki hakimiyyət, siyasi komanda qarşıdan gələn prezident seçkilərinin də demokratik və ədalətli keçirilməsinə tam təminat verir”.
K.Əliyevanın daha sonra bildirdiyinə görə, YAP-ın xalq arasında möhkəm dayaqları var:  “Hazırda ölkədə 600 minə yaxın YAP üzvü var. Bu bir daha onu göstərir ki, xalq bu partiyaya inanır, onun yürütdüyü daxili və xarici siyasəti dəstəkləyir. Bu baxımdan, partiyamızın növbəti seçkilərdə də qələbə qazanacağı şəksizdir. Bir daha təkrar qeyd edirəm ki, YAP-ın vahid lideri var və bütün partiya üzvləri onu yekdilliklə dəstəkləyir. Bu, bugünkü ölkə başçısı cənab İlham Əliyevdir”.
YAP-çı millət vəkili hakim partiya daxilində qarşıdan gələn prezident  seçkiləri ilə bağlı fikir ayrılığının və ziddiyyətlərin olması barəsində deyilənlərlə də qətiyyən, razılaşmır:
“YAP elə bir partiyadır ki, onun daxilində indiyədək  hər hansı  ziddiyyətlər olmayıb və bundan sonra da olmayacaq. Ümummilli lider Heydər Əliyev bu partiyanın təməlini elə qurub ki, nə qədər ki, Azərbaycan dövləti mövcuddur, bu partiya da yaşayacaq və inkişaf edəcək. Sonda fikrimi ulu öndərin sözləri ilə bitirmək istərdim: YAP dünənin, bu günün və gələcəyin partiyasıdır”.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az