Xoşbəxtlik simfoniyalarının bəstəçiləri - onları mən tanıyıram!

Xoşbəxtlik simfoniyalarının bəstəçiləri - onları mən tanıyıram!

Aydın Canıyev

İnsan... cəmiyyətin sıravisi-adisi də, alisi və ziyalısı da öz varlığının anlamını bilməlidir - dəyərini bilənlərə təşəkkür etməli, bilməyənlərə anlatmalıdır!
Biz ali və qlobal olanı düşünə, arzulaya və həm də çatmaya bilərik!
Düşünməyimiz və arzulamağımız da, eyni zamanda nail ola bilməməyimiz də bizə ayıb sayılmaz! Ayıb... olanı... dəyərləndirə bilməməkdir!
Varlığına minnətdarlıq olduqlarımızdan çox az insan adamlar var ki, onları yaddaşda saxlamaq, qələm və vicdan borcundan çıxmaqla layiqincə etiraf etmək şərəf məsələsidir!
Onlardan üçünün ad günüdür bu gün!
Elxan Şükürlünün, Vəli Əkbərin və Kəmalə Abdullayevanın!
SÖZARASI deyim ki, səhər tezdən də yazını yazmaq olardı, təbrik etmək də olardı, amma yox... hər üçü təbriki tarixin başlanğıcından haqq edir!
Bu yazını indi - ömürlərinin növbəti ilinin ilk dəqiqələrinə davama başlayanda onları düşünərək bir dünyada yaşamaq özü də məsudluq əta edir!
Həm Elxan Şükürlü, həm Vəli Əkbər bu yazını yazdığım anın özündə belə, mənə Ana ucalığına itaətdə rahiblikləriylə əzizdir!
Vəli bu dəqiqə onu dünyaya gətirən Ananın yanında olan, Elxan Anasına söz verib, verdiyi sözü vədəsində yerinə yetirən oğul-övlad olaraq ehtiramı haqq edir - mənim dəyişilməz prinsiplərimin ilkini bu!
Ana oğlunu ya canıyla, ya sözüylə yanında hiss etməlidir - hər zaman! Mən bunu deyirəmsə və bacarmıramsa, bu ayrı konu, amma və lakin... bunu bacaran oğulları təbliğ, təqdim, təqdir etmək imandandır!
Elxan Şükürlünün bugünkü təbrik-portretini dəfələrlə haqqında yazdıqlarımdan-dediklərimdən heç biriylə xaltura edib təkrarlamadan çəkəcəm: əvvəla, ona görə ki, Elxan Şükürlü (eləcə də Vəli Əkbər) ildə 10 mindən artıq ifadəylə zənginləşən ingilis dili leksikologiyası kimi, hər gün adlarına yeni təyin, təşbeh, epitet, metafora qazandırırlar: "çinar qələm olsa, Xəzər mürəkkəb, onlar ha mədh oluna, yenə tükənməz!" kimi (xaltura elədiyim bu beytin ikinci misrasıdır - deformasiyaya uğratmışam, originalda "bu dərd ha yazıla yenə tükənməzdir")!

Elxan Şükürlü onu tanıyanlar üçün mərhələli insandır və getdikcə də artan, yüksələn xətt üzrə - hər mərhələsində əxlaqi-siyasi və siyasi-əxlaqi çalarlara yeni ton verməklə!

Ölkə siyasətində ən gənc sədr müavini postunu tutan, ən perspektivli və bütün parametrləri üzrə layiqli persona olmasına baxmayaraq, birdən-birə "siyasi Bermud üçbucağı"na salınan, amma "odda yanmaz, suda batmaz" "ölməz Kaşşey" obrazını bərqərar edən nadir xarizmatik siyasilərdən biridir!
İqitdarlı-müxalifətli bircə siyasi opponent gətirsəniz ki, Elxan Şükürlünü bütün digərlərinin ittiham edildikləri kimi ittiham etsin nədəsə, böyük məmnuniyyətlə qələm qollarımı ittihamın dar ağacına uzadaram!

Dövlətçilik və vətən naminə... ən qatı əleyhdarlarını və şəxsinə qərəzlə kampaniya yapanları belə əfv etmiş biridir Elxan Şükürlü.

44 günlük savaş dönəmində iki-üç praqmatik siyasilərdən olub ki, düzgün təhlillər və doğru ehtimallar üstündə bütünlükdə ölkə, dövlət və ordu əleyhinə olanlarla vuruşub, o cümlədən "5-ci kolon"la!
Ad günü bəhanədir, çünki başqa hallarda imkan yaranmır ki, qaragüruh üçün adamın kimliyini xırdalayasan!
Azərbaycan siyasiləri mənə Çörçill, Adenauer, Sarkozi, ya Bəşər Əsəd deyil ki (necə ki, bizim bəzi şair-yazıçılar mənə Şekspir, Nizami Gəncəvi, Steynbek, Hamsun deyil), siyasi platforması və dünyagörüşü önəmli olsun, amma əxlaqi-etik, ictimai-siyasi performansı önəmsiz!
Elxan Şükürlü bu gün mənim müasirimdir - sabah bu ölkənin taleyüklü məsələlərində həlledici səsə malik individ!
Bugünkü Azərbaycan... pafoslu-patetikalı-populist-patriotik müddəalar, şüarlar və tezislər üstündə "milli qəhrəman", deputat, "xalq şairi", "xalq yazıçısı" rütbəsi əldə edib şərəfsizcəsinə siyasi riyakarlığa yuvarlananların siyasi biqeyrətliyinin və peysərliyinin acısını yaşayır! - tam əksəriyyəti həmin o dediyim "at" məsələsinin təmsilçisidir! Amma... amma... amma... son 20 ilin diri qalan iki-üç siyasi personasından biridir Elxan Şükürlü! Elxan Şükürlü, əlbəttə ki, bunu mənsub olduğu regiondan daha çox, məxsus olduğu ailə dəyərləri üstündə qazanıb - Atası, Anası və dəyərləri üstündə böyüdüyü el-obası bizi Elxan Şükürlü ilə mükafatlandırıb! Və... Azərbaycanda mövcud olan tayfa-klan hakimiyyətinin yaratdığı qıcığı bircə Elxan Şükürlüyə şamil etmək olmur! Yeganə istisnadır ki, onu aparıb bu hakimiyyətin tayfa-klan qoluna calamaq siyasi əbləhlik olar! Əhəmiyyətli dərəcədə dövlətçi və qlobalist Elxan Şükürlünü öz ad günündən əvvəl, qurulmasında müstəsna xidmətləri olan Ədalət Partiyasına sədr müavini qayıdışına görə təbrik edirəm! Bu, onun haqqıydı! Dəyər, əxlaq və prinsip adamı olaraq, özünün boş qoyub getdiyi, özünə mənsub və özünün haqqı olan yerə qayıtmaq onun siyasətçi olaraq borcuydu! Bütün borclarını layiqincə və qədərincə şərəflə ödədiyi halda, öz yerini boş saxlaması bağışlanmaz olardı! 
Onsuz da siyasi həyatımızda yerini və papağını boş qoyan o qədər çarliston, vals, tvist oynayan var ki, Elxan Şükürlü kimi konsepsiyalar, doktrinalar adamı buna yol verməməliydi! Vermədi də - bu, onun vətən qarşısında hərbi xidmətdən sonra ikinci ən böyük töhfəsidir!
Hər zaman komandir ranqında vətənə əsgər, anaya oğul olan, bəzi məqamlarda həmkarım, bəzi məqamlarda kumirim, bəzi məqamlarda siyasi liderim olaraq, tebrikler deyirəm!
Əminəm ki, nə bu təbrik mənim Elxan Şükürlü haqqında son sözümdür, nə də Elxan Şükürlü indiyəqədərki töhfələriylə son sözünü deyib!
Son söz yiyələrini zaman irəlidə gözləyir - baxaq demirəm, əminəm ki, belə də olacaq!
Bir daha və yenidən təbriklər, əziz Elxan Şükürlü - "əzizim" deyib səni özəlləşdirmək istəmirəm, xalqa məxsus İnsan!

Vəli Əkbər... yazılarım üstündə dost olduğum, doğmalaşdığım, əziz bildiyim, əziz bildiyi dəyərdir mənim üçün!
Vəli Əkbər hesab edir ki, ondan indiyəcən dəfələrlə yazmışam və bu, bəs edər! Əsla və qətiyyən! Qadir Allah məndən nəyi alıbsa da, halal xoşu, amma əvəzində bu xalqın dəyərli övladlarını - oğullu-qızlı, mədh etməyə kifayət qədər söz ehtiyatı verib!
Vəli Əkbər... gecə saat 3-də də yuxudan oyada bildiyin qardaşdır!
Vəli Əkbər əleyhinə tənqid yazdığın rəhbərinin təpkisini nəzərə almasa da, gözə alıb, doğru sözün yanında olmaqdan çəkinməyən, bundan dolayı məhrumiyyətləri gözardı edib, qolunu buraxmayan qardaşdır!
Vəli Əkbər bugünəcən tanınmayan, etiraf olunmayan, bu yanı çözülməyən möhtəşəm türkdür, türkçüdür, türkoloqdur!
Mən türk, türkçülük adıyla türkoloqluq edib alver yapanların heç birində Vəli Əkbərin türk adına, türk dünyasına sevgisini, bilgisini görmədim! 
Azərbaycanı qarış-qarış, yarpaq-yarpaq, damla-damla, zərrə-zərrə, altıyla üstünü bir səviyyədə öyrənən, bilən, tanıyan, tanıdan ikinci bir imza tanımıram - mən yaşa qədər olanların içində! Bizdən böyüklərdən ola bilər kimsə - Hatəmi-filan...
Vəli Əkbər... bu həyatla yola getməyən, bu həyatla dalaşmasa da, barışmayan, dünyanı öz sanbalında, amma Azərbaycanı o sanbalın platin üstə brilyant qaşı kimi sevən biridir!

Vəli Əkbər üçün hər yer - Altaydan Qara dənizə qədər Aşağı Layısqıdır! Aşağı Layısqı Altaydan Qara dənizə qədərdir!
Bunu heç mən bacarmadım, Vəli Əkbər bacardı, təkcə Vəli Əkbər - söhbət yaradıcı adamlardan gedir!
Faciə siyasi təmsilçilərin məhəlli miqyasda it-batı deyil, faciə yaradıcı insanlarımızın klançılığa, tayfabazlığa, regionçuluğa yuvarlanmasıdır! Ləşkər sahiblərindən qüdrətli səltənət yiyəsinin məhəlli çərçivədə düşünməsi faciədir!
Vəli Əkbəri bu yaşacan bu xəstəliyə tutulmadığı üçün təbrik edirəm! Ömrü necə və nə cür yaşamağı O, gözəl bilir - o, həyatı arzularla yaşamır, həyata arzular yaşadır!
Bütün hallarda tələsirəm mətni tamamlamağa və elə bilirəm ki, bildiyim, DEMƏK İSTƏDİYİM  bütün gözəl sözləri Vəli Əkbər bircə tebrikler deməyimlə göydə tutur! - həqiqətdə də elədir, dedim, biləsiniz! 
Nəhayət... oxumağımda, savadlı olmağımda... valideynlərimin, əlbəttə ki də, müəllimlərimin zəhməti hədsizdir, amma... həm də evimizdə bir tikə olan çörəyin daha bir tikə artıq olması üçün Lənkəranda tək bir kişinin adı var: Vəli Abdullayev! Həm də Atamın atdığı addımın dəyərini bilən tək Kişinin!
1971-ci ildə cörək-bulka kombinatının kassir-buxqalterliyindən imtina edən atamın bu addımı hansı səbəbdən etdiyini bilən Vəli müəllim həmişə səlahiyyətləri və nüfuzu daxilində atama yardımçı olmaqdan usanmadı, yorulmadı - təfsilatına varıb xırdalamayacam - o qədər ziqiymət insanlıq nümunəsidir ki, onu misallarla adiləşdirmək günah olar!
Və mən 1993-cü ildə "Azadlıq" qəzetinin bölgə müxbiri gələrkən, Vəli Abdullayev tikinti və memarlıq şöbəsində işləyirdi. Bəlkə də uşaq vaxtı ziyarətinə getdiyimizdən üzüm yadında qalmamışdı, amma mən Onu hər dəfə görəndə doğma və ən əziz adamımı görürmüş kimi üstünə qaçırdım! Sonralar hiss etdim ki, ipə-sapa yatmayan Aydın Canıyevin Vəli müəllimə aşırı sevgisinin nümayişi əleyhinə işləyə bilər, öz məsləhəti ilə bir az gen düşdüm!
Lənkəran mənim üçün elə Vəli Abdullayev kimi böyük ürəkli və böyük düşüncəli kişiləri ilə əzizdir!
Bu gün onun qızının - fb dostluğumda olan Kəmalə Abdullayevanın ad günüdür!

Təxminən 45 ildən sonra rəsmən təşəkkürümü çatdıra bildim - bəzən jurnalist olmaq da sözünü vaxtında deməyə yetərli olmur!
Atasını və ocağını ailəlikcə əziz bildiyimiz ailənin övladını 45 ildən sonra tanımaq, təbrik etmək şərəfini nəsib edən Tanrıya, əlbəttə ki, təşəkkürlər. Həm də... ölkə miqyaslı insanlarla bir gündə, bir sırada ona görə ki... hər iki dostumun gözəl qız balaları var və demək istədiyim bu: Vəli müəllim də elə bu gün təbrik etdiyim kişilər kimi böyük, ölkə miqyaslı kişilərdən idi, amma dəyərləndirmə imkanları məhdud idi!
Əziz bacım Kəmalə Abdullayeva, təbriklər!
 
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az