"Yaxın dövrdə bankların sayının 35-ə düşməsi də istisna deyil"
"Manat
əmanətlərinin bahalaşması və komisyon haqlarının 1%-ə salınması fonunda milli valyuta kreditlərində müşahidə edilən bahalaşmaya qarşı
Mərkəzi Bankdan növbəti cavab tədbiri gəldi. Biznes və istehlak kreditlərinin faktiki
illik faiz dərəcələri (FİFD) üçün yuxarı hədd müəyyənləşdirildi. Bundan
sonra banklar və bank olmayan kredit təşkilatları müştərilərə biznes
kreditlərini 25%-dən, istehlak kreditlərini isə 29%-dən baha verə
bilməyəcək".
Vətəninfo.az ANS PRESS-in məlumatına görə, bu barədə İqtisadi Təşəbbüslərə Yardım
Mərkəzinin rəsmisi, iqtisadçı Samir Əliyev bildirib. Mütəxəssisin
sözlərinə görə, Mərkəzi Bank yenə də inzibati metodlara əl atmalı olub.
S.Əliyev bildirir ki, "Banklar haqqında” Qanunun 36-cı maddəsinə görə,
hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o
cümlədən faiz dərəcələrini, komisyon haqlarını müəyyən etməkdə
sərbəstdir:

Samir Əliyev - İqtisadi Təşəbbüslərə Yardım Təşkilatının əməkdaşı, iqtisadçı
"İqtisadi yolla banklara zəruri dəstəyi verə bilməyən Mərkəzi Bank son
dövrlər tez-tez inzibati metodlardan yararlanmağa can atır. Mərkəzi
Bankın qeyri-rəsmi tapşırığı daha çox sosial gərginliyin azaldılmasına
hesablanıb və bu,
devalvasiyadan sonra "reanimasiyaya” düşmüş banklar üçün süni nəfəs borusunun daha da
daraldılması deməkdir. Tənzimləyici qurumun son davranışları onu
göstərir ki, bank sektorunda təmizləmə əməliyyatı başlayıb. Güman etmək
olar ki,
"EvroBank” ASC və "Azərbaycan Kredit Bankı” ASC sonuncu "qurban” olmayacaq. Əksinə bu, bankların sayının azaldılması prosesinin ilk "qurban”larıdır".
İqtisadçının fikrincə, Mərkəzi Bank kiçik bankların bazardan
çıxarılmasında israrlı görünür və hiss olunur ki, bu barədə artıq siyasi
qərar var: "Elman Rüstəmovun əhalini dolayısı ilə kiçik banklara əmanət
qoymaqdan çəkindirməsi də buna işarədir. Yaxın dövrdə bankların sayı
40-dan aşağı düşə bilər. Onların sayının 35-ə düşməsi də istisna deyil.
Ayrı-ayrı banklarda vəziyyətin həddindən artıq ağır olması barədə
siqnallar gəlməkdədir. Məhdud müştəri kontingenti, daxili
investisiyaların azalması, büdcə pullarının məhdudlaşdırılması, əhalinin
gəlirlərini azalması bankların sayının optimalaşdırılması məsələsini
yenidən gündəmə gətirib. Mərkəzi Bank banklara "yaxşı” və "pis”, "böyük”
və "kiçik” meyarları tətbiq etməklə onlara qarşı diskriminasiya tətbiq
edəcək və münasib bildiyi bankla işləyəcək. Bəzi bankları ucuz resursla
təmin etdiyi halda ağır prosedurlar vasitəsilə digərlərini dəstəkdən
kənarda qoyacaq".
S.Əliyev hesab edir ki, konsolidasiya tədbirləri
bank olmayan kredit təşkilatlarını da (BOKT) vuracaq. Komisyon haqlarının 1%-ə salınması və faktiki illik faiz
dərəcələri üçün yuxarı limitin tətbiqi ilk olaraq BOKT-lara təsir
edəcək: "Məhz BOKT-larda kredit faizləri banklarla müqayisədə daha
yüksəkdir. Bu kredit təşkilatlarında illik faiz dərəcəsi hətta 40%-ə
çatır. Onların kredit portfeli də məhduddur. BOKT-ların əsas üstünlüyü
onun resurslarına əlçatanlığın asan olmasıdır. BOKT-lar həm də
banklardan fərqli olaraq kənd yerlərində, o cümlədən cəbhə bölgəsinə
yaxın ərazilərdə işləyirlər. O yerlərə ki banklar qəti maraq göstərmir.
Onlar müştərinin qapısına getməkdən belə çəkinmirlər. Hazırda ölkədə
BOKT-ların sayı 157-dir və onların kredit portfeli ümumilikdə 591 milyon
manata yaxındır. Ölkə üzrə kredit qoyuluşunun 2,9% bu təşkilatların
payına düşür. Banklarda son aylarda kredit qoyuluşunun azalmasına rəğmən
BOKT-larda zəif də olsa artım müşahidə edilir. Tezliklə BOKT-ların
sayının azalması qaçılmaz olacaq".
İqrisadçının fikrincə, ikinci devalvasiya bank sektoru üçün dağıdıcı
olacaq. Elə birincinin fəsadları hələ də aradan qalxmayıb: "Onun
təsirini minimuma endirmək üçün bankların konsolidasiyasına başlanıb.
Əsas məsələ konsolidasiya zamanı yüksək təmərküzləşməyə imkan
verməməkdir. Hazırda təmərküzləşmə səviyyəsi 55%-dir. Ancaq tək bu addım
kifayət etməyəcək. Mərkəzi Bankın dəstəyi ilə yanaşı bankdankənar
problemlər aradan qaldırılmalıdır. Əks halda konsolidasiyanın də
səmərəsi olmayacaq", - deyə S.Əliyev əlavə edib.
Qeyd edək ki, Azərbaycanda 2015-ci ilin birinci rübünün göstəricilərinə
əsasən bank fəaliyyətinin həyata keçirilməsi üçün lisensiyası olan
maliyyə təşkilatlarının sayı 202-dir. Bunlardan 45-i bank təşkilatları,
yerdə qalanları isə bank olmayan kredit təşkilatlarıdır.