"Yolçu getsin yolunu tiksin, dəmiryolçu da öz işini görsün"
Sentyabrın 18-də prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan
Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Nəqliyyat Nazirliyinin
tabeçiliyindən çıxarıldı. "Azərbaycan Dəmir Yolları” QSC-nin
sədri Cavid Qurbanov "Yeni Müsavat" qəzetinə müsahibəsində sərəncamı
şərh edib.
Vətəninfo.az həmin müsahibəni təqdim edir.
- Cavid müəllim, son dəyişiklik hansı ehtiyacdan yarandı?
- Bu, cənab prezidentin qərarıdır. Yəqin belə məsləhət görüb.
- Bununla bağlı siz təkliflə çıxış etməmisiz?
- Xeyr. Mənim təklif etməyimə gərək yoxdur. Bu işlər cənab prezidentin müstəsna hüquqlarına daxildir.
- Bu dəyişiklik dəmir yol təsərrüfatının işində müsbət dönüş yaradacaqmı?
- Yəqin ki, yaradacaq. Biz də çalışmalıyıq müsbət dəyişiklər olsun. Bu, idarəetmənin təkmilləşməsidir.
- Gələcəkdə rəhbərlik etdiyiniz quruma nazirlik statusu verilə bilərmi?
-
Bu haqda bir söz deyə bilmərəm. Həm də bunun nə fərqi var. Prezident
bizə bu sahəni tapşırıbsa, nazirlik olmadan da o tapşırığı can-başla
yerinə yetirib dövlət başçısının etimadını doğrultmaq lazımdır.
- Bu sərəncamdan sonra yəqin dəmir yoluna ayrılan vəsaitdə də artacaq...
-
Məsələ ondadır ki, dəmir yolu özü pul qazanmalıdır. Sadəcə hazırda
dünyada daşımaçılıqdan əldə olunan gəlirlər azalıb. Hardasa 30-40 faizə
qədər enib gəlirlər. Amma bu sahənin yeniləşməsi lazımdır. Çalışmaq
lazımdır ki, beynəlxalq yüklərin daşınmasında biz də iştirak edək. İpək
yolu işə düşsün, Bakı-Tbilisi-Qars dəmir yolu tezliklə açılsın. Bu
sahədə işlər artıq yekunlaşmaq üzrədir. Şimal-cənub marşrutunun inkişafı
ilə məşğul olmaq lazımdır. Yəqin ki, möhtərəm cənab prezident bunları
nəzərə alıb və bu cür qərar qəbul edib. Hər halda mən belə başa
düşürəm.
- Cavid müəllim,
sərnişindaşımada keyfiyyət dəyişikliyi nə zaman olacaq? Vaqon parkının
yenilənməsindən, xidmətin artırılmasından tutmuş, qatar bələdçilərinin
sərnişinlərlə davranışına qədər çox ciddi məsələlər var.
-
Bəli, sizinlə tam razıyam, bunlar çox ciddi məsələlərdir. Bilirsiniz,
bu sadalananları mütləq etmək lazımdır. Mən buna təkcə bu struktura
rəhbərlik edən məmur kimi yanaşmıram, həm də bir vətəndaş kimi
yanaşıram. Nəinki sərnişindaşımada, bütövlükdə dəmir yolu sistemində
köklü dəyişikliklər olmalıdır. Sürət artmalıdır, rahatçılıq, komfort
olmalıdır, vaqonların keyfiyyəti yüksəldilməlidir, bələdçi heyətinin
xidmətində, davranışında müsbət dönüşə nail olunmalıdır.
- Bələdçilərin mədəni səviyyələrinin artırılması üçün nə nəzərdə tutulur?
-
Onlara kurslar keçiriləcək. Bələdçilərə sərnişinlə mədəni davranışın
yolları öyrədiləcək. Biz müəyyən kriteriyalara uyğun gəlməyən, kobud,
mədəni səviyyəsi aşağı olan bələdçilərlə vidalaşmalı olacağıq.
Bələdçilər sərnişinlərlə bəzən 8-10 saat təmasda olurlar. Biz elə
etməliyik ki, sərnişin bu uzun müddətlik yolçuluqda xidmətdən razı
qalsın. Bunun üçün də ciddi işləməli, ölkə başçısının etimadını tam
doğrultmalıyıq.
- Nələr planlaşdırırsınız?
-
Bunlara təkcə inzibati üsullarla nail olmaq doğru yanaşma deyil. İlk
növbədə buna vətəndaş mövqeyindən, dövlətçilik prinsipindən
yanaşmalıyıq. Dəmiryolçu siyasətlə məşğul olmamalıdır. Dəmiryolçu
texniki məsələlərlə məşğul olmalıdır. Bu sahədə keyfiyyətin
yüksəldilməsinə çalışmalıdır. İnşallah, elə edəcəyik bu işlər yoluna
düşsün. Yəqin ki, tezliklə bu müsbət dəyişiklikləri görəcəksiz.
- Bakı-Sumqayıt marşrutuna buraxılan qatarların başqa istiqamətlərə də hərəkəti nəzərdə tutulubmu?
-
Təbii. Yaxın vaxtlarda bu qatarların digər bölgələrə buraxılması
planlaşdırılır. Bunun üçün işlər gedir. Azərbaycanı inkişaf etdirməyimiz
üçün onu xain qüvvələrin məkrli planlarından qorumalıyıq. Bu işdə də
cənab prezident var qüvvəsi ilə çalışır. Biz də ona yaxından dəstək
verməliyik. Allah dövlətimizi qorusun. Bu ölkənin inkişafını gözü
götürməyən xain qüvvələrin arzusu ürəklərində qalsın. Bəzən yas
məclislərində molla dua verərkən deyir ki, Allah hamının arzusunu yerinə
yetirsin. Mən də mollaya üzümü tutub söyləyirəm ki, ay molla, de, Allah
hamının yaxşı arzusunu həyata keçirsin. Çünki pis arzusu, niyyəti
olanlar da var. Niyə belələri üçün dua edək? Mən istəyirəm ki, bütün
yaxşı arzularımız həyata keçsin. Dövlətimizə, onun rəhbərinə və
millətimizə xidmət edə bilək. Sizə söz verirəm, nə qədər ki, canımda can
var, çalışacam, dəmir yolunda hər şey yüksək səviyyədə olsun.
- Mətbuat yazır ki, Siz yaxın zamanlarda nəqliyyat naziri təyin ediləcəksiniz. Gerçəkdən belə bir plan varmı?
-
Bilirsiniz, bəzən vəzifəyə başqa cür yanaşılır. Əslində vəzifə çox
ciddi məsuliyyətdir. Bunlar ara sözləridir. Xahiş edirəm, belə şeylərə
fikir verməyin. Vəzifəyə təyin edən, vəzifədən çıxaran ölkə başçısıdır.
Bu işlər onun müstəsna səlahiyyətidir. Qərarları cənab prezident verir.
Bilmirəm qəzetdə kim nə yazır, vallah mənim bu işlərdən xəbərim yoxdu.
İnanın səmimiyyətimə, heç o haqda fikirləşmirəm. Dövlətin başçısı mənə
kifayət qədər ciddi iş tapşırıb, üzərimə məsuliyyət qoyub. Mən bu an o
işləri yüksək səviyyədə görüb, ortaya ciddi nəticələr qoymaq haqda
düşünürəm.
- Mətbuat son sərəncamı Ziya
Məmmədovun vurulması kimi təqdim edir. Bu, hazırkı nəqliyyat nazirinin
səlahiyyətlərinin əlindən alınması, onun siyasi baxımdan gözdən düşməsi
kimi yozulur.
- Doğru yanaşma deyil.
Nazirlik təsərrüfat işi ilə yox, dövlət siyasəti ilə məşğul olmalıdır.
Dəmir yolu da təsərrüfat qurumudur. Yəqin cənab prezident də fikirləşir
ki, təsərrüfatla təsərrüfat qurumları məşğul olsun. Nazirlik də dövlət
siyasətində iştirak etsin, konsepsiyasını hazırlayıb təqdim etsin. Yolçu
getsin yolunu tiksin, dəmiryolçu öz işini görsün, dənizçi dənizçiliyini
etsin.