Yubiley sevinci, dost sözü…

Yubiley sevinci, dost sözü…

Qurban bayramı ərəfəsində Nərimanov RPİ-də keçirilən yubiley tədbirinə mən də dəvətliydim. Veteranlar Şurasının sədri Emin Məmmədovun iş otağında ötənlərdən-keçənlərdən, xidmət illərindən, maraqlı əhvalatlardan söz açan veteranların biri-birinə səmimiyyətinin, xoş münasibətinin sehrinə düşmüşdüm. Əbəs yerə deməyiblər: “Dünya gör-götür dünyasıdır”. Onlar danışdıqca mən “Ən uzun yaddaşdan qısa qeyd yaxşıdır”,- deyib qeydlərimi edirdim. Bilirdim ki, səbəbkar da onların içindədir, hələ üstəlik, onun 80 yaşı var. Ancaq inanın səmimiyyətimə ki, səbəbkarın kim olduğunu bilmirdim… Tədbiri giriş sözü ilə açan RPİ-nin rəisi, polis polkovniki Muradəli Babayev bildirdi ki, 80 yaşını birlikdə qeyd edəcəyimiz hörmətli veteranımız Paşa Kərimovla tanış olacaq, onun mənalı ömür yoluna, peşə fəaliyyətinə birlikdə nəzər salacağıq. Sonra da qeyd etdi ki, yubilyar həmkarımız 1933-cü ildə Bakı şəhərində doğulub. Orta məktəbi qızıl medalla bitirib və Politexnik Texnikumuna qəbul olunub. 1957-ci ildə daxili işlər orqanlarına xidmətə qəbul olunub. 1964-cü ildə Azərbaycan Politexnik İnstitunu fərqlənmə ilə bitirib. İşlədiyi müddət ərzində 20 DYP postunun, 16 rayonda uşaq şəhərciyinin, BDYPİ-nin inzibati binasının tikintisinin həyata keçirilməsində zəhmət çəkib. 1995-ci ildə polis polkovniki kimi təqaüdə çıxıb. Dörd övladı, altı nəvəsi, bir nəticəsi var. Böyük oğlu yolunu davam etdirir, polis mayorudur. Rəis gül dəstəsini və qiymətli hədiyyəni yubilyara təqdim etdi… Adətən deyirlər ki, yaş insanı kövrəldir. Ancaq, sən demə, insan duyğu selinə təslim olanda da kövrələ, göz yaşlarını saxlaya bilməzmiş. Paşa müəllim sevincindən kövrəlmişdi. RPİ-nin Veteranlar Şurasının sədri, istefada olan polis polkovnik-leytenantı Emin Məmmədov bugünkü tədbirin hər bir əməkdaşın yaddaşına əbədi həkk olacağını qeyd etdi və diqqətə çatdırdı ki, RPİ Veteranlar Şurasının üzvləri DİN-in əmri ilə həm 2012-ci ilin yekunlarına, həm də bu ilin ilk altı ayında cinayətkarlıqla mübarizə işində fərqləndiklərinə, əhali arasında polis-vətəndaş münasibətlərinin qurulmasında fəallıq göstərdiklərinə görə mükafata layiq görülmüşlər. Bir zamanlar Nərimanov RPİ-də xidmət etmiş polis veteranları Fətulla Mustafazadə, Adil Sərdarov, Nüsrət Şəfiyev, Maksim Qədirov, Abbas Şahbazov 80 yaşlı veteran paqondaşımıza cansağlığı və sağlam canla, belə sağlam ruhla 100 yaşını qeyd etməyi arzuladılar. Onların bu arzusuna gənclər də qoşuldular. Tədbirə yekun vuran rəis, polis polkovniki Muradəli Babayev digər dövlətlərlə müqayisədə bu gün Azərbaycanın cinayətkarlığa qarşı mübarizə və əmin-amanlığın qorunmasında lider dövlətlərdən biri olduğunu, əldə olunan müsbət nəticələrin əsasında daxili işlər orqanı əməkdaşlarının peşə hazırlığının, əməliyyat-xidməti fəaliyyətinin durduğunu, bu yöndə işin təşkilinə və aparılmasına DİN rəhbərliyinin xüsusi diqqət yetirdiyini xatırlatdı, həmçinin daxili işlər orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsində, hüquqi biliklərin təbliğində, cinayətlərin açılmasında, profilaktikasında, təhlükəsizliyin təminində veteranların təcrübəsindən, ictimai nüfuzundan, bilik və bacarıqlarından bundan sonra da yararlanacaqlarını vurğuladı. Mərasimdə iştirak edənlər 80 yaşının sevincini yaşayan veteran paqondaşımız Paşa Kərimovla xatirə şəkli çəkdirdilər.

Hafiz Təmirov, polis kapitanı



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az