“Yüksək təşkilatçılıq Avropa idman ictimaiyyətini heyrətləndirib”

“Yüksək təşkilatçılıq Avropa idman ictimaiyyətini heyrətləndirib”

"Diqqətəlayiq haldır ki, Bakıda Avropa Velosipedçilər Birliyinin Rəhbərlər Komitəsinin növbəti iclası keçirilir. İclasda qurumun inkişafında çox ciddi dəyişikliklərə səbəb olacaq məsələlər müzakirə ediləcək. İclasın Bakıda keçirilməsi isə təsadüfi deyil. Avropa Velosipedçilər Birliyinin rəhbərliyi “Bakı-2015” ilk Avropa Oyunlarında iştirak etmək üçün ölkəmizə gəlib. Dünən onlar şosse velosiped idmanı üzrə yarışları da izləyiblər". SİA-nın xəbərinə görə, bu sözləri  Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov deyib.
Onun sözlərinə görə, Avropa Velosipedçilər Birliyinin prezidenti David Lappartient yarışların çox yüksək səviyyədə təşkil olunduğunu, Azərbaycanda dövlətin idmana diqqət və qayğısından məmnunluğunu bildirib: “Düşünürəm ki, belə bir beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi velosiped idmanının inkişafına təkan verəcək. Birinci Avropa Oyunlarının bu səviyyədə keçirilməsini biz gözləyirdik. Çünki buna hazırlaşmışdıq, əlimizdən gələni etmişdik. Xaricilər isə Avropa Oyunlarının belə yüksək səviyyədə təşkil olunmasına inanmırdılar. Ancaq Avropa Oyunlarının açılış mərasimi, eləcə də yarışların yüksək səviyyədə təşkili onları heyran etdi”.
Azərbaycan milli yığmasının çox böyük nəticələr göstərdiklərini, idmançılarımızın komanda hesabında 2-ci yerdə getdiklərini qeyd edən Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti deyib ki, bütün bunlar Avropa idman ictimaiyyətini heyrətləndirib: "Çünki onlar gözləmirdilər ki, Azərbaycanın bu qədər yüksək potensialı var".
S.Ələkbərov deyib: "Həm yarışların hazırlığı və keçirilməsi, həm də idmançılarımızın parlaq qələbələri ilk növbədə Azərbaycanda uğurla aparılan idman siyasətinin, Prezident İlham Əliyevin idmançılara qayğısının nəticəsidir. Söz yox ki, bu diqqət və qayğı yaxın illərdə ölkəmizdə idmanın bütün növlərinin inkişafına təkan verəcək.(azərtac)



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az