Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev bu gün informasiya agentliklərində yer alan Çobankol kənd sakini olan Musayevlər ailəsinin altı üzvünün qarpızdan zəhərlənməsi xəbərinə aydınlıq gətirib.
İmran Abdullayev lent.az-a açıqlamasında deyib ki, ailənin zəhərlənmə səbəbi qarpız olmayıb: "Zəhərlənən ailəyə qoyulan ilkin diaqnoz mikrobioloji diaqnozdur. Yəni bu ailə qida mikroblarından zəhərlənib. Tarlada yetişən qarpızın tərkibində isə hansısa qida mikrobunun olması mümkünsüzdür. Diaqnoza görə bu, qidadan keçən mikroblarla baş verən zəhərlənmədir. Qidada olan infeksiyatörədici mikroblar toksinlərdən ayrılaraq orqanizmə düşür və zəhərlənməyə səbəb olur ”.
İ.Abdullayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının baş həkiminə bu halın daha ətraflı araşdırılmasına göstəriş verildiyini də deyib.
* * *
Zaqatalada altı nəfərdən ibarət ailə qarpızdan zəhərlənib.
Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, rayonun Çobankol kənd sakini olan Musayevlər ailəsinin altı üzvü xəstəxanaya yerləşdirilib.
1952-ci il təvəllüdlü Pəri Qurban qızı Musayeva, onun oğlu, 1976-cı il təvəllüdlü Mustafa Nəzirməmməd oğlu Musayev, Mustafa Musayevin həyat yoldaşı, 1980-cı il təvəllüdlü Təbrik Merhan qızı Musayeva və Mustafa Musayevin üç övladı - 1999-cu il təvəllüdlü Gülbikə, 2001-ci il təvəllüdlü Günel və 2014-cü il təvəllüdlü Sirac iyulun 8-i saat 02.30 radələrində zəhərlənmə əlamətləri ilə xəstəxananın qəbul şöbəsinə daxil olublar.
Həkim müayinəsi və araşdırmadan sonra məlum olub ki, ailə qarpızdan zəhərlənib. Tibbi yardım göstərildikdən sonra onların vəziyyəti stabilləşib, müalicələri davam etdirilir.