“ Beynəlxalq qurumlar bizim dərdimizə şərik deyillər”

“ Beynəlxalq qurumlar bizim dərdimizə şərik deyillər”

“Uşaq hüquqları ilə bağlı həm Ailə Məcəlləsinə, həm də elə  “ Uşaq hüquqları haqqında ” qanuna bir sıra mühüm dəyişikliklər etmişik. Yəni, mənə elə gəlir, bu yöndəki  qanunvericilik bazasından,  mövcud qanundan narazılıq etməməliyik”. “Vətəninfo.az”ın məlumatına görə, bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Elmira Axundova uzun müddətdən bəri qəbul edilən “Uşaq hüquqları haqqında” qanunun  yeniləşdirilməsi  məsələsinə münasibətini bildirərkən dilə gətirib. Onun sözlərinə görə, qüvvədə olan  qanunda hər şey əks olunub və ümumiyyətlə,  cəmiyyətdə heç də əsas məsələ qanunlar deyil:  “Qanunlar çox mükəmməldir, qanunlar çox mütərəqqidir, çox proqressivdir. Ancaq  baxır, qanunun icrası necədir və  onlara necə  riayət olunur?!  Mən yenə də bütün  mətbuatımıza tövsiyə edərdim ki, uşaq hüquqlarından yazarkən üzdə olan problemləri  qabartmasınlar, daha ciddi məqamlara işıq salsınlar. Düzdür, bizdə də uşaqların bir sıra problemləri var , bunları inkar etmirik, lakin şəxsən mənim Avropa Şurasına da, başqa beynəlxalq təşkilatlara da etirazım ondan ibarətdir ki, onlar müxtəlif  kampaniyalar keçirəndə ayrı-seçkilik etmirlər. Ayrı-seçkilik olmalıdır.  Çünki bizim ölkəmizin uşaqları 90-cı illərin əvvəllərində faşist ayaqlarının tapdağı altında olublar. Onlar çox böyük əzab çəkiblər. Minlərlə, on minlərlə uşaqlarımız ya qaçqın olub, ya həlak olub, ya yaralanıb. Bax, buna qarşı onlar etiraz səslərini qaldırmalıdırlar”.

Millət vəkilinin  bildirdiyinə görə,  bizdə əsas problem odur ki, uşaqlarımız indi də çətin psixoloji durumdadırlar. E. Axundova deyib ki, bu gün onların ən əsas hüququ öz doğma yurdlarına qayıtmaq hüququdur ki,  bu  hüququ da erməni qəsbkarları  həmin uşaqların əllərindən alıblar:  “Bax bundan biz danışmalıyıq. Amma  bundan bir kəlmə olsun belə, söz deyilmir. Ona görə ki, bu beynəlxalq təşkilatlara bu sərfəli deyil. Onlar bizim dərdimizə şərik deyillər. Onlar necə deyim, səmimi deyillər, inanmıram onların səmimiyyətinə. Axı, nə edək bizim dərdimizi görmürlər də?! 10 ildi, 20 ildi biz əziyyət çəkirik.  Deyirlər ki, uşaq zorakılığı belə gəldi, təhsil belə getdi. Bunlar istəyirlər nəsə quraşdırsınlar,  desinlər ki, bizim daxilimizdə nəsə problem var. Yoxdur, problem! Uşaqlar bizim cəmiyyətimizin ürəyidir. Biz can yandırırıq uşaqlarımız üçün”.

E.Axundovanın daha sonra  qeyd etdiyinə görə,  ayrı-ayrı faktlar ola bilər, amma bizdə başqa problem var:  “Bizim minlərlə insanlarımız, o cümlədən, uşaqlarımız erməni qəsbkarlarının aqressiyası nəticəsində çox pis vəziyyətdədirlər, ağır  durumdadırlar. Bax bundan danışmaq lazımdır. Mənə elə gəlir ki, uşaqlarla bağlı digər problemlər bizdə  o qədər də aktual deyil. Əlbəttə, xəstə insanlar var ki, öz uşaqlarına zorakılıq edir, bu, hər bir cəmiyyətdə  var və ola bilər. Ancaq  bu, sırf Azərbaycan cəmiyyətinin problemi deyil.Bizdə uşaqlara qarşı çox böyük, isti qayğı, münasibət var və dövlət tərəfindən də çox böyük işlər görülüb. Valideynlərin də əsasən , tam əksəriyyəti normal insanlardır. Amma yenə deyirəm, hər bir cəmiyyətdə xəstə insanlar var. Görürük ki, uşaqlarını da öldürürlər, uşaqlarının başlarını da kəsirlər. O günü Amerikada belə hal olub, İngiltərədə, hər yerdə də ola bilər. Bu, mənə elə gəlir ki, problem  deyil. Ancaq dediyim kimi, bizdə problem başqadır”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az