"AAAF Park”la bağlı qalmaqallar bitmək
bilmir. Son zamanlar ciddi problemlər yaşayan, ağır şikayətlərə,
ittihamlara məruz qalan şirkət, bu dəfə tanınmış aparıcı Aynur Talıbova
tərəfindən ifşa edilib.
Məlumat üçün bildirək ki, sentyabrın 4-də AzNews.az saytında Abşeron
rayonu, Xırdalan şəhərində salınan "AAAF Park” Yaşayış Kompleksində bəzi
binalarda prezident İlham Əliyevin göstərişinin əksinə olaraq, 2
binanın yanmasına, 16 insanın ölümünə, onlarla insanın yaralanmasına
səbəb olan penoplast materialından hələ də istifadə olunması ilə bağlı
xəbər verilmişdi. Xəbər sosial şəbəkələrdə geniş müzakirə obyektinə
çevrilib və şirkətlə bağlı ciddi şikayətlər, narazılıqlar səsləndirilib.
AzNews.az xəbər verir ki, şirkətin fəaliyyətindən şikayətçi olanlardan
biri də tanınmış aparıcı Aynur Talıbova olub. O, öz səhifəsində
paylaşdığı yazıda "AAAF Park”-ın öz müştərilərini aldatdığını,
dələduzluqla məşğul olduğunu yazıb:
"AAAF PARK reklam büdcəsinə xəsislik etmir, əvəzini, daha doğrusu
heyfini bu reklamlara aldanıb bura qaçan müştərilərə evi satandan sonra
statusu dəyişən müştərilərdən çıxır. İlk problem elə satış ofisində
başlayır, məlum olur ki, reklam getməsinə rəğmən satışda ev yoxdur. Sən
pul ver biz tikib bir neçə ildən sonra verəcəyik”.
A.Talıbova şirkətin binalarında ciddi kommunal problemlərin də yaşandığını qeyd edib:
"Elektrik enerjisi və su təminatında kəsintilər yaşanır, elektrik
enerjisi problemi isə insanı dəli edir. Təməl kommunal xərclərin
doğru-dürüst yerinə yetirilməməsi şərəfinə küçəyə qoyduqları zibil
yeşikləri və "mühafizə xidməti”nə görə də ayda 20 AZN kommunal xərc
tələb edirlər. Hər səhər oyandığınız zaman qapınızın önünə naməlum
obyektlərin başı boyda nəcislərini qoyub getmək normal hal alıb.
"Oxrana” işini mükəmməl gördüyündən hər küçədən keçən əlini-qolunu
sallayıb qapınızın ağzına rahatca təbii ehtiyaclarını ödəyə bildiyi
kimi, sakinləri də narahat edə bilər”.
Qış aylarında qaz xətlərinin çəkilməsi zamanı hər evdən işıq-su-qaz
xəttlərinin çəkilməsi üçün 407 AZN toplandığını deyən tanınmış aparıcı,
pulların verilməsinə baxmayaraq qazdan başqa ağıllı sayğacların hələ də
quraşdırılmadığını bildirib: "Və məlum olur ki, toplanan məbləğ sadəcə
qaz sayğacı üçün imiş. Yəni rəsmən dələduzluqla məşğul olurlar. Bu
məqalədə göstərilən binalar ilk təqdim edilən layihədə yox idi, sonradan
meydana çıxdı və massivin gözəgəlimli 4 mərtəbəli bina sakinlərinin
yeni evdə yeni həyat xəyallarının içinə etdi. Artıq o binalardakı bir
neçə evdə, sahibindən satılır – elanlarını massivə gələn hərkəs görə
bilər”.
Qeyd edək ki, son zamanlar mediada yer alan "AAAF İnşaat” MMC-nin
rəhbəri Tofiq Heydərovun radikal dini cərəyanlara, xüsusən vəhhabilər
"yaşıl işıq” yandırması, uzun müddət Abşeronda və Xırdalanda vəhhabi
məzhəbindən olan şəxslərə maliyyə yardımları göstərməklə yanaşı, bu dini
cərəyanların nümayəndələrinin işlə, yaşayış yeriylə təmin olunmasında,
eləcə də, onların təhlükəsizliyinin təmin edilməsində ağsaqqallıq
missiyasını yerinə yetirməsi, qatı dindar olan Heydərovun rəhbəri olduğu
obyektlərin əksər işçilərinin məhz vəhhabi məzhəbinin nümayəndələrinin
olması, Beynəlxalq Bankla "AAAF İnşaat” MMC arasında olan qanunsuz
biznes əməkdaşlığının ifşa olunması və AZAL prezidenti Cahangir
Əsgərovun hakimiyyətdəki dayaqlarını itirməsi, fəaliyyətinin təftişə
başlanılması ilə bağlı yayılan xəbərlərin fonunda, "AAAF Park” yaşayış
kompleksinin fəaliyyətini dayandıracağı iddia edilir.