Bu gün müasir dünyada Səhərsalma mədəniyyətri şəhərin Baş Planından başlayır. Sivil ölkələrin şəhərləri üçün ölkənin iqtisadi, sosial inkişafı, demoqrafik vəziyyəti və digər parametrləri nəzərə alınmaqla yaxın bir neçə onilliyi əhatə edəcək perspektiv Baş Planı tərtib olunur və sonradan şəhərdə görülən bütün memarlıq-inşaat işləri məhz bu Baş Plana uyğun olaraq icra olunur.
Bəs, bizim paytaxtımızda vəziyyət necədir, şəhərimizin yeni dövrə üyğun, müasir tələblərə cavab verə biləcək Baş Planı varmı, burada aparılan çoxsaylı memarlıq-inşaat işləri necə, Baş Plana uyğun aparılırmı?
Araşdırmalar göstərir ki, bu gün Bakı şəhərində ötən əsrin səksəninci illərində tərtib olunmuş Baş Plandan başqa bir hüquqi sənəd yoxdur. Bu sənəd isə bu gün şəhərimizdə aparılan memarlıq- inşaat işlərini tənzimləmək üçün yetərli deyildir. Təbii ki, sovet dönəmində bir əyalət mərkəzi üçün hazırlanmış bu plan, müstəqil, inkişaf etməkdə olan bir dövlətin paytaxtının tələblərinə cavab verə bilməzdi. Baxın, istər siyasi, istərsə də iqtisadi baxımdan tam fərqli bir zamanda hazırlanmış bu planda bu gün müstəqil bir dövlətin paytaxtı üçün günün tələblərinə uyğun zəruri olan yeni təyinatlı adi tikililərin belə inşa olunması nəzərdə tutulmayıb. Bu tikililərin inşasının zəruriliyi isə hər an mövcud Baş Planın pozulmasını labüd edir. Deməli, bu gün şəhərimizin problemi heç də Baş Planının pozulmasında deyil, əsil problem müstəqilliyinin iyirmi illiyini yaşayan ölkəmizin paytaxtının yeni dövrə uyğun, müasir tələblərə cavab verə biləcək Baş Planının ümumiyyətlə olmamasındadır.
Təəssüflə də olsa, qeyd etməliyəm ki, bu fakt özlüyündə paytaxtımızın normal həyatına, onun ümumi görünüşünə bir xaotiklik gətirməklə, onu arzuolunmaz, yöndəmsiz bir vəziyyətə sürükləyir.
Gəlin, Baş Planın yoxluğu nəticəsində ortaya çıxan bəzi problemləri araşdırmağa cəhd edək. İlk öncə, son vaxtlar müxtəlif söz-söhbətlərə səbəb olan
hündürmərtəbəli yaşayış binalarına nəzər yetirək. Etiraf edək ki, sovet dövründə tikilən binalarla müqayisədə bu binalar daha gözəl, daha rahat və yaraşıqlıdır.
Lakin bu binaların plansız olaraq harada gəldi tikilməsi, onların ucaldıldığı ərazinin miqyasına, rəng çalarlığına, kompozisiyasına və s. uyğunlaşdırılmaması son nəticədə şəhərimizin harmonikliyini pozmaqla onun ümumi görünüşünü bərbad hala salır. Əksər hallarda bu binalar arasındakı məsafələr normadan olduqca az qoyulur ki, bu da gələcəkdə ərazidə yanğın və ya seysmik qəzalar baş verəcəyi hallarda olduqca ciddi problemlərə səbəb ola bilər. Yeni tikilən yaşayış binalarının tikildiyi ərazidə infrastruktur yaradılmadan inşa olunması gələcəkdə bu binalarda yaşayacaq sakinlər üçün kifayət qədər arzuolunmaz problemlər yaradır. Təsəvvür edin ki, bir və ya iki mərtəbəli köhnə bina sökülərək onun yerində on altı və ya daha yüksək mərtəbəli bina tikilir. Amma ərazidəki qaz, su, elektrik təchizatı, kanalizasiya xətləti əvvəlki parametrlərlə fəaliyyətini davam etdirir ki, bu da nə yeni, nə də ətrafdakı binaların normal istismarına imkan vermir.
Təəssüflə qeyd edim ki, bu gün paytaxtımızın Baş Planının yoxluğu səbəbindən onun müxtəlif ərazilərində yeni yaşayış massivlərinin salınmasında da şəhərsalma qaydaları ciddi şəkildə pozulur. Bunu əyani olaraq görmək üçün gəlin, bir anlığa Yeni Badamdar deyilən yaşayış massivinə nəzər yetirək. Burada da evlər necə gəldi tikilib. Ərazidə Avropa, Rusiya kataloqlarından “kapirovka” edilmiş layihələr əsasında tikilmiş evlərdən tutmuş, dədə-baba qaydası ilə tikilmiş evlərə də, Çin, Baltikyanı evlərini təqlid etməyə cəhd edən tikililərə də rast gəlmək olar. Böyük bir ərazidə salınmış bu şəhərcikdə məktəb, uşaq bağçası, tibb məntəqəsi, istirahət parkı və sair bu kimi zəruri obyektlər nəinki tikilməyib, hətta onların gələcəkdə tikilməsi üçün sahə belə ayrılmayıb. Ərazidə mərkəzləşmiş kanalizasiya sistemi yoxdur, bəzi evlər yüksək gərginlikli elektrik xətlərinin altında inşa olunub. Məhəllədaxili yollar ensiz və yöndəmsizdir. Əlbəttə, bu cür qüsur və problemləri xeyli uzatmaq olar. Amma hələlik bu yazımda mən sadaladığım bu problemlərin əksəriyyətinin şəhərimizin digər yeni salınmış yaşayış massivlərində də mövcud olduğunu təəssüflə qeyd etməklə kifayətlənəcək və növbəti .yazılarımda Baş Planla bağlı digər problemlərdən söhbət açmağa çalışacağam.
Abbas Novruzov
Ardı var...