Hələ ötən əsrin doxsanıncı illərindən başlayaraq yeni iqtisadi münasibətlərə, yəni bazar iqtisadiyyatına keçidlə bağlı şəhərimizin bir çox binalarının zirzəmi və birinci mərtəbələri müxtəlif özəl qurumların istifadəsinə verildi . Əlbəttə, zamanın tələbi baxımından bu olduqca normal və labud bir prosses idi, digər tərəfdən isə sovet illərində toz-torpaq basmış, baxımsızlıqdan, nəmişlikdən kif atmış bu qeyri-yaşayış sahələrinin təmizlənərək yararlı hala gətirilməsi, abadlaşdırılması da olduqca müsbət bir hal idi. Amma təəsüf ki, bəzən bu ərazilərdə aparılan yenidənqurmalar zamanı onların divarlarında yerli-yersiz açılan və heç bir konstruktiv normalara cavab verməyən qapı-pəncərə oyuqları, binanın yükdaşıyan elemenlərində edilən qeyri-konstruktiv dəyişikliklər bütövlükdə həmin binanın konstruktiv sxeminin pozulmasına, beləliklə də, onun mövcud möhkəmliliyinin, seysmik dayanıqlılığının zəifləməsinə səbəb olurdu.
Hələ sovet dövründən başlayaraq bu günədək şəhərimizdəki binaların ən boyük konstuktiv problemlərindən biri də onların balkon artırmaları və digər qanunsuz tikililərlə yüklənməsidir. Təəssüf ki, bu gün artıq kütləvi hal alan bu problem şəhərimizin estetik gözəlliyinə xələl gətirməklə yanaşı həm də binaların dinamik tarazlığının pozulmasına gətirib çıxarır.
Bütün bu problemlərin bəlkə də ən qorxulusu şəhərimizdəki çoxmərtəbəli, xüsusən də panel tipli binaların mənzillərində sakinlər tərəfindən aparılan icazəsiz yenidənqurmalardır. Belə ki, təmir zamanı bəzən bu mənzillərdə müəyyən divarların götürülməsi, movcud dolabların ləğv edilməsi hesabına onun yaşayış sahəsinin genişləndirilməsinə cəhd edilir. Hər bir elementin konstruktiv məna kəsb etdiyi bu mənzillərdə edilən hər hansı bir dəyişiklik faktiki olaraq bütün binanın qəza vəziyyətinə düşməsinə səbəb olur. Sükunət halında xarici görünüşü heç də təhlükəli təsir bağışlamayan bu binalar zəif tektonik titrəyişlər zamanı belə asanlıqla tarazlıq halından çıxmaqla dayanıqlığını itirə bilər ki, bu isə öz növbəsində kütləvi fəlakətlərə səbəb ola bilər.
Tez-tez yeni tikilən “ğöydələnlər”in konstruktiv baxımdan möhkəmliyi ilə maraqlanan vətəndaşlarımızın sorğularına və bəzilərinin bu tikililərin möhkəmliyinin o qədər də yaxşı olmadığını iddia etmələrinə cavab olaraq bildirmək istəyirəm ki, istənilən bina və qurğunun layihəsi ilə yaxından tanış olmadan, onların tikintisinə müəllif nəzarəti aparmadan onların keyfiyyəti ilə bağlı birmənalı fikir söyləmək mümkün deyildir. Bircə onu əminliklə deyə bilərəm ki, son illər yeni tikilən obyektlərin layihələrinin ekspertizası və bu obyektlərin tikintisinə nəzarət işi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin kifayət qədər savadlı və təcrübəli mütəxəssisləri tərəfindən olduqca yüksək səviyyədə aparılır. Odur ki,vətəndaşlarımıza məslət görərdim ki, mənzil alarkən məhz bu nazirliyin xüsusi komissiyası tərəfindən təhvil alınmış binalara üstünlük versinlər. Hesab edirəm ki, şəhərimizdə aparılan obyektlərin tikintisinə nəzarətlə yanaşı, bütün bina və qurğuların sonradan istismarına nəzarət səlahiyyətinin də Fövqəladə Nazirliyinə verilməsi şəhərimizdə tikililərin mövcud konstruktiv problemlərinin aradan qalxmasına təkan vermiş olardı.