Ağcabədi xəstəxanasında nə baş verir? - Rüşvət, 12 minə əlillik, borcunu istəyəni DÖYMƏK ( Video)

Ağcabədi xəstəxanasında nə baş verir? - Rüşvət, 12 minə əlillik, borcunu istəyəni DÖYMƏK ( Video)

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında biyabırçılıq – baş həkim rüşvət alıb vətəndaşları təhqir edir 

Son günlər sosial şəbəkələrdə Ağcabədi Rayon Mərkəzi Xəstəxanası ilə bağlı yayılan videolar  orda rüşvətlə bağlı vəziyyətin nə qədər dözülməz olduğunu bir daha sübut edir. Vətəndaşlar açıqca adlar çəkərək kimlərə pul veridyini  adbaad qeyd edirlər. Rüşvətin tüğyan etdiyi Mərkəzi xəstəxanada baş həkimin kasıb insanlara qarşı bu hərəkətinə hansı ad vermək olar? Kolxoz bazarını xatırladan səhiyyə idarəsində mütləq DTX əməliyyatına ehtiyac var, həm də təcili surətdə. 

Videoda danışan vətəndaşlar aylardır verdikləri pullarını geri qaytarmağa cəhd etsələr də, hələ ki, buna nail ola bilməyiblər. Son iki-üç gün ərzində Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında baş verən özbaşınalıq, rüşvətin tüğyan etməsi, xüsusən də baş həkim Fövzi Tahirovun məsuliyyətsizliyi onu deməyə əsas verir ki, bu adam ölkə rəhbərinin apardığı islahatların tam əleyhinə gedir.

Əyalətlərdə səhiyyənin bu şəkildə olmasını nəzərə alıb SOS siqanlı vermək üçün vaxt itirmək əleyhimizə işləyir. Həm mənəvi, həm də sağlamlıq baxımından.

Sosial şəbəkələrdə Ağcabədi Rayon Mərkəzi Xəstəxanası və bu səhiyyə idarəsinin baş həkimi  Fövzi Tahirov ilə bağlı yayılan videoların utancverici olduğu bir yana, insanların hansı məşəqqətlər içərisində yaşadığı açıq-aydın görünür. 

Baş həkim  Fövzi Tahirov və onun rəhbərlik etdiyi səhiyyə idarəsi ilə bağlı internet üzərindən axtarış verərkən, qalmaqallı hadisənin şahidi olduq. Belə ki, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Fövzi Tahirovun bir müddət əvvəl Şəhid Milli Qəhrəmanın anası Gözəl Abdullayevanı kabinetindən qovması ilə bağlı məlumatlar da yer alıb.

Bu barədə məlumatı bir müddət öncə Azinforum.az saytına Milli Qəhrəmanların Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı vermişdi. Birlik sədri hadisə ilə bağlı ölkə başçısına müraciət etdiyini bildirərək,  həmin müraciəti redaksiyaya göndərib:

"Möhtərəm Prezident! Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda aparılan mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunələri göstərərək, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş 198 Şəhid Milli Qəhrəman ailələrinin üzləşdikləri problemlər barədə Sizə ünvanladığım müraciətlər hələ də öz həllini tapmayıb. Hətta bu müddət ərzində bəzi məmurların bu kateqoriyadan olan insanlara qarşı harın, aqresiv münasibəti daha da artıb. Bugünlərdə baş verən anoloji bir hadisəni diqqətinizə çatdırıram. Azərbaycanın Şəhid Milli Qəhrəmanı Abdullayev Namiq Vahid oğlunun 71 yaşlı anası Gözəl Abdullayeva mənə zəng edərək, ana fəryadı çəkərək, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi tərəfindən şəhid anasına yaraşmayan tərzdə təhqirlərə məruz qalması barədə məlumat verib. Şəhid Milli Qəhrəmanın anasının dediyinə görə, səhətinin pisləşməsi ilə əlaqədar oğlanları – İqbal ve İntiqam tərəfindən təcili olaraq Ağcabədi rayon mərkəzi xəstəxanasına aparılıb. Orda həkim müainəsindən keçirtmək istədikdə, xəstələrin çox olduğunu görüb, oğlu İntiqam ilə birlikdə xəstəxananın baş həkimi Fövzi Tahirovun yanına gedib. Şəhid Milli Qəhrəmanın anasının vəziyyətinin ağır olduğu baş həkimin nəzərinə çatdırılıb və ondan xanımı təcili həkim müainəsinə alınması xahiş olunub. Baş həkim Fövzi Tahirov isə Şəhid Milli Qəhrəmanın anasını təhqir edərək kabinetdən qovub. Gözəl Abdullayeva baş həkimə: "Mənim övladım Azərbaycanımız naminə canını qurban verərək, Azərbaycanın Şəhid Milli Qəhrəmanı adına layiq görülüb, lakin sən şəhidin yaşlı anası olmağıma baxmayaraq, məni təhqir edirsən” deyib. Fövzi Tahirovun anaya cavabı belə olub: "Sənin oğlunun şəhid olaraq Milli Qəhrəman olması məni heç maraqlandırmır və buna görə də mən nə sizə, nə də şəhid oğlunuza borclu deyiləm, sən haqqını sənə borclu olanlardan tələb edə bilərsən”. Bunları dedikdən sonra o, yaşlı şəhid Milli Qəhrəman anasının qolundan tutaraq, kabinetdən çölə çıxardıb. Buna müdaxilə etmək istəyən oğluna "bu dəqiqə polis çağırtdırıb səni içəri qoyduraram” deyərək, Şəhid Milli Qəhrəman anasını xəstəxanadan qovdurmağa nail olub."-deyə müraciətdə qeyd olunurdu.

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Fövzi Tahirov tərəfindən Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda aparılan mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunələri göstərərək, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş, Abdullayev Namiq Vahid oğlunun 71 yaşlı anası Gözəl Abdullayevanın səhətinin ağır olmasına baxmayaraq, təhqir olunaraq, xəstəxanadan qovan baş həkim görəsən bu şəhidin qəhrəmanlıq nümunələri ilə  maraqlanıbmı? Şübhəsiz ki, maraqlanmayıb. Odur ki, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş, Abdullayev Namiq Vahid oğlu haqqında qısa TANITIM:

"..19 yaşlı ağcabədili gənc Namiq Vahid oğlu Abdullayev Xocavənd rayonunda gedən qeyri-bərabər döyüşlərdə onlarca işğalçı əsgərini məhv edəndən sonra görür ki, düşmənin zirehli texnikası sürətlə mövqelərimizə doğru irəliləyir. Bu isə çoxsaylı əsgər ölümünə səbəb ola bilərdi. Ona görə də gənc soydaşımız çox düşünmür. Əlindəki qumbaranı sinəsinə sıxaraq özünü tankın altına atır. Zirehli texnikanın heyəti məhv edilir və Vətənimizin bu cəsur oğlu əbədiyyətə qovuşur.

Hər kəsin – sıravi kolxozçudan, sadə fəhlədən tanınmış alimlərə, dövlət xadimlərinə qədər, əsgərdən generaladək hamının xidmətlərini layiqincə dəyərləndirən ulu öndər Heydər Əliyev Namiq Abdullayevin şücaətini də yüksək qiymətləndirir. Milli qəhrəmanlarımız haqqında olan rəsmi materialda oxuyuruq: "Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Abdullayev Namiq Vahid oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür”.

Xüsusi XATIRLATMA: Milli Qəhrəman statusunu qoyaq bir kənara. Baş həkim ən azından anadan olduğu yerdə şəhid olan 19 yaşlı əsgərin anasına acıqlanmaq əvəzinə, iməkləyə-iməkləyə qarşısına getməli idi onun. Çox təəssüfləndirici və utancverici hadisə.

Son vaxtlar ölkədə rüşvətxorluğa qarşı aparılan mübarizə, bir-birinin ardınca həbs olunan icra başçıları, səhiyyə işçiləri, təhsil idarəsi əməkdaşlarının peşimançılıq etirafları deyəsən, çox adamın vicdan hissini hələ də yerindən oyatmayıb.  Ölkədə rüşvətə qarşı kütləvi həbslərin baş verdiyi bir vaxtda rüşvəti kütləvi alan bu cür məmurları başa düşmək çətindir. Ta o zamana kimi -dəmirbarmaqlıqlar arasında bu insanların peşmançılıq etirafını eşidənə qədər.

Mövzuyla bağlı araşdırmamız davam edir.

Redaksiyadan: Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
 [video=http:// ]

 
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az