Ağdaşda uşaq əməliyyat masasında öldü: Baş həkimdən AÇIQLAMA
Ağdaş Mərkəzi Rayon Xəstəxanasında qolu sınan uşağın ölüm faktı üzrə Səhiyyə Nazirliyinin müvafiq komissiyası tərəfindən araşdırmalara başlanacaq.
Miq.az-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin baş pediatrı, Uşaq və yeniyetmələrin sağlamlığının yaxşılaşdırılması və ölüm hallarının araşdırılması üzrə Səhiyyə Nazirliyinin Komissiyasının sədri Nəsib Quliyev mövqe.az-a açıqlamasında deyib.
O bildirib ki, meyidin təşrihinin nəticələrindən sonra ölüm faktı üzrə Komissiyada araşdırmalara başlanılacaq: "Hazırda biz təşrihin nəticələrini gözləyirik. Ölən uşağın xəstəlik tarixçəsi, müvafiq sənədlər, eləcə də təşrihin nəticəsi barədə arayış bizə təqdim olunandan sonra Komissiya araşdırmalara başlayacaq”.
N. Quliyev onu da qeyd edib ki, Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Mehralıyev Seymur Qoşqar oğlu əməliyyata başlamazdan öncə, ağrısızlaşdırma, anesteziya zamanı dünyasını dəyişib: "Hələki ölümün səbəbi dəqiq bilinmir. Anesteziya zamanı dərmanların yan təsiri də ola bilər. Məlum olan odur ki, aneteziya zamanı xəstənin ürəyi dayanıb”.
Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Mehralıyev Seymur Qoşqar oğlu sağ said sümüyünün sınığı xəsarəti ilə Ağdaş Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Xəstəni qəbul edən həkim İdris Əliyev azyaşlının əməliyyat olunmasını məsləhət görüb. Uşağı əməliyyata hazırlayan həkim Nizaməddin Məsimov ona narkoz verib. Azyaşlı əməliyyata girərkən qəfildən ölüb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova hazırda faktla bağlı Ağdaş rayon Prokurorluğunda cinayət işinin açıldığını bildirib.
Miq.az