AFFA Robert Prosineçki ilə 1,2 mln. avroluq müqavilə imzaladı

AFFA Robert Prosineçki ilə 1,2 mln. avroluq müqavilə imzaladı

AFFA futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisini təsdiqlədi.

Vətəninfo.az-ın məlumatına görə, AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında milli komandanın baş məşqçisi postuna Robert Prosineçki təsdiqlənib.Onunla üç il müddətinə müqavilə imzalanıb.

O, bu vəzifədə Berti Foqtsu əvəzləyib.

Jurnalistlərə açıqlama verən AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov deyib ki, R.Prosineçkinin qarşısına bu seçmə mərhələ üçün hansısa vəzifə qoyulmayıb: “Əsas məqsəd növbəti seçmə mərhələdə uğur qazanmaqdır”.

İ.Cavadov deyib ki, müqaviləyə əsasən, R.Prosineçki Azərbaycanda bir ilinə 1 milyon 200 min avro qazanacaq. O qeyd edib ki, sabiq məşqçi Berti Foqtsdan fərqli olaraq, Prosineçki millimizdə işlədiyi müddətdə əsasən Azərbaycanda yaşayacaq.

Azərbaycan milli komandasına baş məşqçi təyin edilən Robert Prosineçkinin köməkçilərindən ikisi azərbaycanlı olacaq. Bunu jurnalistlərə açıqlamasında AFFA prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayev bildirib ki, onun digər iki köməkçisi isə əcnəbi olacaq.

Qeyd edək ki, Xorvatiya yığmasının sabiq üzvü R.Prosineçki Serbiyanın “Srvena Zvezda” klubunu çalışdırıb. Eləcə də Xorvatiya millisində Slaven Biliçin köməkçisi işləyib.

Robert Prosineçki 1969-cu ilin yanvarın 12-də Almaniyanın Şveninqen bölgəsində doğulub. Uşaq vaxtı isə o, vətəninə qayıdıb. Futbolçu karyerasına Zaqreb "Dinamo"sunda başlayan Prosineçki daha sonra "Srvena Zvezda"ya keçib və burada 1991-ci ildə Çempionlar Kubokunun qalibi olub. O, 1988, 1990 və 1991-ci illərdə Yuqoslaviya çempionu olub, 1990-cı ildə isə Yusoqlaviya kubokunu qazanıb.

Bundan əlavə yarımmüdafiəçi "Real" Madrid, "Ovedo", "Barselona", "Sevilya", "Standart", “Hrvatska Draqovolyats”, "Portsmunt", "Olimpiya" Lyubyana və "NK Zaqreb"in də şərəfini qoruyub.

Prosineçki Yuqoslaviya millisinin heyətində 15 oyunda meydana çıxıb və 4 qol vurub. Futbolçu Xorvatiya millisinin heyətində oynadığı 49 oyunda isə 10 qolun müəllifi olub. 1987-ci ildə isə Yuqoslaviya millisi ilə Çilidə keçirilən gənclər arasında dünya çempionatının qalibi olub və həmin turnirin ən yaxşı oyunçusu adına layiq görülüb. Prosineçki 1990-cı ildə Yuqoslaviyada, 1997-ci ildə isə Xorvatiyada ilin ən yaxşı futbolçusu seçilib. "Robi" ləqəbli futbolçu 1998-ci ildə Fransada keçirilən Dünya Çempionatının da bürünc mükafatçısıdı.

Prosineçki məşqçilik karyerasında 2006-cı ildə başlayıb. O, həmin ildə Slaven Biliçin köməkçisi kimi Xorvatiya millisində işə başlayıb. 2010-cu ildə mütəxəssis buradan ayrılıb və iki il vətənində "Srvena Zvezda"nı çalışdırıb. 2012-ci ildə Türkiyə “Kayserispor”unun “sükanı arxasına” keçən xorvatiyalı 2013-cü ilin sonunadək bu postda qalıb.

Onun məşqçi kimi yeganə uğuru 2011/12 mövsümündə Serbiya kubokunu qazanması olub.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az