"Aktrisa olmasaydım, Telman məni alacaqdı"-Xalq artisti


Telman müəllimə ilk dəfə "Nəsimi" filmində baxıb vurulmuşam. 


 
"Biz birlikdə veriliş aparanda tamaşaçılar dedilər ki, kaş siz tərəf-müqabili olaydınız. Yadımdadır, Telman müəllim o dövrə görə çox zövqlə geyinirdi. İndiyədək onun şərfləri, rəngarəng geyimləri, plaşları gözümün önündədir.
 
Gənc idik, həvəslə filmə çəkilirdik. Telman müəllimə ilk dəfə "Nəsimi" filmində baxıb vurulmuşam. Elə bu filmə baxandan sonra aktyorluq sənətinə lap bağlandım. Çünki mən özüm kinoteatr olan məhəllədə yaşamışam. O filmdə də Telmanın bircə dənə görüntüsü var idi. Telmanı çox istəyirdim. O, gənclərə aid bütün verilişlərə çıxırdı. Qismət elə gətirdi ki, mən 4-cü kursda oxuyanda Telman müəllimlə tanış oldum. Daha sonra "Gənclik estradası" verilişində uzun müddət aparıcılıq etdik.
 
Azdramada ilk rolumdan sonra İlyas Əfəndiyevin "Natəvan" tamaşasında qulluqçu rolunu oynadıq. Hər ikimiz Natəvanın qulluqçusu idik. Telman müəllim mənim ən sevimli sənət dostlarımdan olub. Çox namuslu, aktrisaların həmişə qeyrətini çəkən bir adam olduğunu xüsusi vurğulamaq istərdim.
 
Onun rəhmətlik anasının çox xoşu gəlirdi məndən. Elə hey deyirmiş ki, "Al da o qızı, al". Telman da deyirmiş, "Ay mama, o aktrisadır, aktrisa olmasaydı, alardım". Telman başdan-ayağa xatirədir. Onun ölümündən əvvəl toydakı rəqsi hələ də gözümün qabağındadır.
 
Qəfildən öldü deyə, hələ də inanmıram ki, Telman həqiqətən ölüb. Elə bilirəm ki, bu saat haradasa qabağıma çıxacaq".
 Bütün bunları Axar.az-ın "Rol yoldaşı" layihəsinin budəfəki qonağı olan xalq artisti Firəngiz Mütəllimova "Evləri köndələn yar" filmində rol aldığı mərhum aktyorumuz Telman Adıgözəlovla bağlı xatirələrini bölüşərkən bildirib.
Qeyd edək ki, "Evləri köndələn yar" filmi 1982-ci ildə çəkilib. Filmdə Firəngiz Mütəllimova - Mərcan, Telman Adıgözəlov isə Kamil rolunda çıxış edib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az