Almaniya müdafiə naziri Ursula von der Leyenin doktorluq dissertasiyası akademik standartlara cavab vermir.
Vətəninfo.az-ın məlumatına görə, AZƏRTAC "DPA” informasiya agentliyinə istinadla xəbər verir ki, belə bir qənaətlə Almaniya rəsmilərinin elmi işlərində plagiat araşdırması aparan ixtisaslaşmış ekspertlər çıxış ediblər. "Vroniplag Wiki” internet platformasının mütəxəssislərinin fikrincə, müdafiə nazirinin elmi işinin 40 faizdən çoxu oğurluq mətnlərdən ibarətdir.
Bildirilir ki, xanım U.Leyen dissertasiyasını 1991-ci ildə Hannover şəhərində Ali Tibb Məktəbində müdafiə edib. Elmi işi araşdıran ixtisaslaşmış ekspertlərin diqqətini xüsusilə 62 səhifəlik dissertasiyanın 27 səhifəsi çəkib. Berlinin Humbolt universitetinin professoru Gerhard Dannemannın sözlərinə görə, elmi əsərin 37 hissəsində akademik standartlar pozulub. Müəyyən edilib ki, özgə sitatlardan istifadə zamanı müəllif kimliyi göstərilməyib.
Məsələdən xəbərdar olan müdafiə naziri isə bütün bu ittihamları inkar edib. Artıq U.Leyen Ali Tibb Məktəbinə müraciət edərək dissertasiyanın üzərində yenidən tədqiqat aparılması üçün komissiya yaradılmasını istəyib.
Xatırladaq ki, Almaniya rəsmilərinin dissertasiyalarında plagiat qalmaqalı son illərın aktual mövzusudur. Belə ki, 2013-cü ildə Düsseldorf Universitetinin filologiya fakültə şurası təhsil naziri Annet Şavanın dissertasiyasında plagiat aşkar edərək onu elmi dərəcədən məhrum etmişdi. Qalmaqal səbəbindən həmin vaxt təhsil naziri tutduğu vəzifədən istefa vermişdi. 2011-ci ildə analoji tale ilə yenə də Almaniyanın sabıq müdafiə naziri Karl-Teodor çu Quttenberq üzləşmışdi.