
Admiral Şyonbaxın bu sözləri dərhal ciddi siyasi qalmaqala səbəb olub. O cümlədən rəsmi Kiyev Almaniya Hərbi Dəniz Qüvvələrinin komandanının sözlərinə etiraz edib. Xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Almaniyanın bəzi vəzifəli şəxslərinin Krımın geri qaytarılmasının mümkün olmadığı barədə bəyanatları, eləcə də rəsmi Berlinin Ukraynaya silah təchizatını əngəlləmək cəhdləri Rusiya təhdidi qarşısında Qərbin birliyini sarsıdır.
"Alman tərəfdaşlarımız birliyə zərbə vuran, Vladimir Putini Ukraynaya yeni hücumlara təşviq edən belə sözləri və hərəkətləri dayandırmalıdır”, - nazir bildirib.

Almaniyanın özündə də admiralın sözləri etirazla qarşılanıb. Müdafiə naziri Kristina Lambreht təcili olaraq Şyonbaxa zəng vurub, daha sonra Almaniya Silahlı Qüvvələrinin baş müfəttişi Eberhard Tsornla təcili məsləhətləşmələr keçirib. Bundan sonra bəyan edilib ki, deyilənlər vitse-admiralın şəxsi fikirləridir və Almaniya Müdafiə Nazirliyinin mövqeyini əks etdirmir. Bundan başqa Şyonbaxı dediklərinə izahat vermək üçün təcili olaraq Hindistandan geri çağırıblar.
Bunun ardınca admiral Şyonbax elə Hindistandan bəyanatla çıxış edib və Krım haqda dediyi sözlərin yanlış olduğunu bildirib. O bəyan edib ki, belə sözlər işlətməli deyildi və işlətdiyi ifadələr şəxsi mövqeyi olub. Və Şyonbax Almaniyada onunla haqq-hesab çəkilməsini gözləmədən istefa ərizəsini yazıb və müdafiə naziri Kristina Lambreht dərhal bu istefanı qəbul edib. Müdafiə Nazirliyinin qərarı ilə Şyonbax Hərbi Dəniz Qüvvələrinin eks-komandanı statusunda silahlı qüvvələrdən pensiyaya göndərilib.