Amerika qalib Azərbaycanı alqışlayır; Rusiya Turanın yoluna işıq salır - FAKTLAR, İDDİALAR
Balaca Ermənistan isə ABŞ, Avropa, Rusiya, İran, Çin və Hindistanı "xilas" etmək əzmindədir.
ABŞ-da Qarabağ münaqişəsinə görə Azərbaycana dəstək verənlər varmı? Var. Kimlərdi? Azərbaycan lobbisi, Türkiyə lobbisi, Yəhudi lobbisinin böyük bir hissəsi. Azərbaycan və Türkiyə lobbisi Amerikada ciddi söz sahibi deyil. Yəhudi lobbisi isə tam əksinə. Heç də təsadüfi deyil ki, bir çox analitiklər ABŞ-ın məhz yəhudi lobbisi tərəfindən idarə olunduğunu iddia edirlər. Elə bu səbəbdən də onsuz da varlı olan İsrail dövlətinə ABŞ hər il 15-20 milyard dollar maddi yarım göstərir. Ancaq Azərbaycanın Amerikadakı tərəfdarları təkcə lobbilərlə məhdudlaşmır. Amerikada ölkəmizə dəstək verən böyük bir siyasi və iqtisadi güc mərkəzi də var. Nədənsə biz bu barədə az danışmırıq. Kimdir onlar? O mərkəzin adı Yeni Mühafizəkarlardır. İngilis dilində "Neoconservatism” adlandırılan bu düşüncənin ana xətti nədir? Yeni Mühafizəkarlar mühafizəkarların o hissəsidir ki, onlar ABŞ-ın iqtisadi və hərbi gücündən Amerikaya düşmən olan rejimlərin məhv edilməsi və orada demokratiyanın bərqərar olmasını istəyirlər.
Maraqlıdır ki, bu siyasi düşüncə 1970-ci illərdə ABŞ-ın Demokratlar Partiyasında yaranıb. Hazırda Amerikada ondan çox partiya (kiçik partiyalardı. E.H.) bu siyasi düşüncəyə söykənirlər. Amerikanın iki ən böyük partiyasından bir olan Respublikaçılar Partiyası da bu təsnifata daxildir. Özü də bu düşüncə təkcə Amerika ilə məhdudlaşmır. Dünyanın əksər ölkələrində biz Yeni Mühafizəkar düşüncənin siyasi arenada dominant mövqeyə sahib olduğunu görürük. Məsəl kimi bizə daha yaxın olanları qeyd edəcəm: Rusiyada Avrasiya hərəkatı. Normalda Avrasiya materikin adıdır. 1920-ci illərdə Qərbdə mühacir olan ruslar tərəfindən ortaya atılmış bu düşüncəyə görə, Rusiya nə Avropadır, nə də Asiyanı təmsil edir. Rusiya Avrasiya sivilizasiyasına məxsusdur və geo-siyasi baxımdan bu məkanı təmsil edir. Rusiyada daha bir siyasi cərəyan-Putinizm də bu düşüncəyə söykənir. Siyasi təhlilçilərdən biri yazır ki, XXI əsrdə yaranan Putinizm XX əsrdə yaranmış Stalinizmin yeni variantıdır. Türkiyədəki AKP iqtidarı da mühafizəkar baxışları ilə seçilir. Bu partiya mühafizəkar demokrat düşüncənin daşıyıcısıdır.
Bəs Amerikadakı Yeni Mühafizəkarların tanınmış təmsilçiləri kimlərdir? Siz ata və oğul Buşlardan Donald Trampa qədər, onlarla nüfuzlu siyasətçini bu sırada görə bilərsiz.
Yəni, 44 günlük müharibəyə Donald Tramp administrasiyasının səssizlik nümayiş etdirməsi təkcə prezident seçkiləri ilə bağlı deyildi. Bu həqiqəti bəzən ermənilər də etiraf edirlər. Məsələn, ABŞ-ın "First Things” adlı saytında gedən "America and Armenia” (Amerika və Ermənistan) adlı məqalədə bu məqama xüsusi vurğu var. Professor Mark Movsesianın qələmə aldığı həmin yazıda deyilir: "Amerikanın xarici siyasətlə məşğul olan elitası Ermənistana Rusiyanın əlaltısı kimi baxır, ona görə də hesab edirlər ki, Ermənistan Amerikanın yardımına layiq deyil. Həqiqətən də Yeni Mühafizəkarlar Azərbaycanın Ermənistana qarşı apardığı işğalçılıq siyasətini alqışlayırlar və düşünürlər ki, bu, bölgədə ilk növbədə Rusiyanın və ikinci olaraq isə İranın nüfuzuna zərbə vurub”.
Professor Qərbə xəbərdarlıq edir ki, xristian Ermənistan Türkiyə ilə Azərbaycan birləşməsinə (quru əlaqəsi anlamında) əsas maneədir. Bu iki dövlət Ermənistanı kənara itələməklə İstanbuldan Orta Asiyaya kimi böyük bir ərazini əhatə edəcək meqa-dövlət quracaqlar. Müəllif başqa bir yazısında bu dövləti Turan dövləti kimi təqdim edir. Erməni yazar amerikalıları inandırmağa çalışır ki, düşmənlərin əhatəsində olan Ermənistanın xarici siyasətlə bağlı seçim etmək imkanı son dərəcə məhduddur. Ona görə də Ermənistan Rusiyadan yapışmaq zorundadır və Amerika bu seçimə anlayışla yanaşmalıdır.
Gördüyünüz kimi, ermənilər Qərbi meqa (meqa yunan sözüdür. Milyon deməkdir. Eyni zamanda möhtəşəm anlamını da verir. E.H.) dövlət kimi ortaya çıxa biləcək Turan dövləti ilə qorxudurlar. Sözlərinin canı odur ki, balaca xristian ölkəsi olan Ermənistan Turan dövlətinin yaranmasının qarşısını alır.
Ermənistanın və ermənilərin bu xidmətini Qərb, xüsusən ABŞ layiqincə dəyərləndirməlidir. Eyni arqumenti ermənilər İran və Rusiyaya da ünvanlayırlar. Özü də mütəmadi şəkildə. Deyirlər ki, Rusiya Ermənistana ciddi dəstək verməlidir, çünki məhz ermənilər Turan dövlətinin yaranmasının qarşısına sipər çəkiblər. Rusiya buna müvafiq qiymət verməldirir. Ermənilər eyni sözü Hindistan və Çin nümayəndələri ilə müzakirələr zamanı da dilə gətirirlər. Az qala bütün dünyanı yarana biləcək Turan xofu ilə qorxutmağa cəhd göstərirlər.
Əvvəla, türk xalqlarının vahid dövlətdə birləşmək arzusunda qəbahət bir şey yoxdur. Eyni düşüncəni biz başqa xalqlarda da görürük. Almanlar (Pan-Germanism), slavyanlar (Pan-Slavism), ərəblər (Pan-Arabism) arasında da oxşar düşüncə mövcuddur. Fars millətçiləri isə "Pan-İranism" adlı siyasi ideologiya yaradıblar. Guya fars mədəniyyətindən təsirlənmiş xalqlar bir yerdə yaşamaldır. Ermənistan, Azərbaycan və Gürcüstan da ora daxildir. Hətta bu dövlətə Özbəkistanı və Türkmənistanı da əlavə ediblər. Yəni, "Pan-Iranism" baş tutsa, həmin dövlətdə türklərin sayı farsların sayından ən azı iki dəfə çox olacaq. Farslar hansı məntiqlə belə bir dövlət qurmaq xəyalındadır, bəlli deyil. Çünki adı İran olsa da, mahiyyətdə bu, Turan dövləti olacaq.
Turan dövləti Qərbə təhlükədirmi?
Türkiyə ilə Azərbaycanı birləşdirəcək Zəngəzur dəhlizinin açılmasına son dərəcə ciddi maraq göstərən xeyli ölkə var. Sadəcə onlardan ikisini qeyd etmək istəyirəm: Böyük Britaniya və Çin. Böyük Britaniya elə Qərb deməkdir. Yəni, Böyük Britaniyanın xeyir-dua verdiyi bir şeyə nə ABŞ, nə də digər Qərb ölkələri "yox” deməz. Keçək Çinə. Çin Turan dövlətini özünə təhlükə bilirmi? Yox, çünki Çin nəhəng bir ölkədir. Yaranacaq Turan dövləti nə iqtisadi, nə də hərbi baxımdan Çin üçün təhlükə sayıla bilməz. Təbii ki, kiçik türk dövlətlərindən Çin daha çox şey qopara bilər. Turan dövlətindən isə belə bir "səxavət” gözləməyə dəyməz. Ancaq bütövlükdə Turan dövləti Çin üçün təhlükə deyil.
Rusiya üçün necə, Turan dövləti təhlükədirmi? Təbii, bu məsələdə müəyyən təhlükə elementləri olmamış deyil. Çünki Rusiyada xeyli türk xalqları yaşayırlar. Bu mənada, Rusiya Turan dövlətinin yaranmasına ehtiyatlı yanaşma sərgiləyir. Ancaq orası da var ki, ruslar məhz türklərlə qarşılaşdıqdan sonra böyük bir imperiya yaratdılar. Türklərin dövlətçilik təcrübəsi və hərbi məharəti bu işdə müstəsna rol oynadı.
Ancaq Turan dövlətinin yaranması Rusiya üçün də önəmlidir. Niyə? Çünki Çin getdikcə güclənir. Yaxın 20-30 ildə Rusiya Çinin qarşısında tək dayana bilməyəcək. Turan dövlətinin yaranması Rusiyanı Çinin təhdidindən xilas edə bilər. Təbii ki, Rusiyada bu kimi gedişləri hesablamaq gücündə olan beyin mərkəzləri var. Bu mənada Rusiyanın Türk Şurasına daxil olmaq istəyi təsadüfi sayılmamalıdır. Turan dövlətinin Hindistana təhlükə olmasından danışmağa belə dəyməz. Ən azı ona görə ki, Hindistan 341 il ərzində (1526–1857) Moğol imperiyasının (Babur imperiyası) bir parçası olub.
Şübhəsiz ki, ermənilər dünyanı Turan dövləti ilə qorxutmaqla heç bir şeyə nail olmayacaqlar. İstənilən halda, İlham Əliyevin qeyd etdiyi kimi, "XXI əsr türk dünyası əsri olacaq”. Oxşar fikri daha əvvəl Türkiyənin səkkizinci cumhurbaşqanı Turqut Özal 1993-cü ildə söyləmişdi.
Türkçülük məfkurəsinin böyük carçısı Əli bəy Hüseynzadənin bu məsələ ilə bağlı dedikləri də tarixə yazılıb: "Türk xalqları birinci dövrdə qılıncla (Hun imperatorluğu), ikinci dövrdə dinlə (Osmanlı imperatorluğu) parlamışdırsa, indi isə, yəni üçüncü dövrdə elm və biliklə parlamalıdırlar...".
Qloballaşan dünyada yalnız türk birliyi türk mədəniyyətini və türk dilini xilas edə bilər. Başqa yol yoxdur. Bu düşüncə getdikcə daha çox tərəfdar toplamaqdadır. Türk Dünyasına qarşı çıxmaq isə Ermənistana yaxşı bir şey vəd etmir.
Onu da deyim ki, 2019-cu ilin iyununda Ermənistanın kurort şəhəri olan Dilicanda "Summit of Minds” adlı beynəlxalq tədbir keçirilib. Orada çıxış edən Baş nazir Nikol Paşinyan "XXI əsrin türk əsri olacaq” düşüncəsinə belə etiraz etmişdi:
"Biz inanırıq ki, XXI əsr də Ermənistan xalqının əsridir. Bu əsrdə erməni xalqının intibahı baş verəcək”.
Hazırda ermənilər intibahdan deyil, Ermənistanın dövlət kimi xilasından danışırlar...
Napoleon Bonapart deyirdi ki, Avropa birləşməlidir, dövriyyədə vahid valyuta olmalıdır. O vaxt- 200 il əvvəl bu ideya əlçatmaz görünürdü. Nə vaxtdır ki, Avropa Birliyi və avro fakt kimi ortadadır. Tarix o qədər xəyal kimi görünən ideyaları həqiqətə çevirib ki... Türk millətinin böyük şəxsiyyətlərindən olan Əli bəy Hüseynzadə deyirdi: "Biz ki, türk oğlu türkük, biz ki, millətlərin ən qədimi və ulusuyuq".
Ən azı elə bu səbəbindən biz Türk Birliyinə də nail olacağıq.(Musavat.com)
Elbəyi Həsənli, Sürix