Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: “2-3 min adam üçün nəyə lazımdır?”
Xəbər verdiyimiz kimi, Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayır. Sərnişindaşıma xidmətləri BakuBus MMC-yə məxsus ekoloji təmiz elektrik avtobusları vasitəsilə həyata keçiriləcək. Son günlər isə hər rayon üçün ayrıca ictimai nəqliyyat kartlarının buraxılması ilə bağlı müzakirələr aparılır. Belə ki, "Ağdam Bus”, "Xankəndi Bus” kimi rayon və şəhər adlarını əks etdirən xüsusi nəqliyyat kartlarının istifadə edilməsi təklif edilir.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən deputat Aqil Abbas bildirib ki, bu təşəbbüs hazırkı vəziyyət üçün doğru deyil:
"74 rayona kart buraxılmalıdır? Rayona gedən biletini alıb gedir. Rayon daxilində yaşayanların istifadəsi üçün isə birinci insanlar yerləşsin, sonra... Hamı yerləşəndən sonra etmək olar. Belə təşəbbüs mümkündür. Ancaq camaatın heç olmasa 60 faizi yerləşəndən sonra etmək olar. İndi orada yaşayan 2-3 min adam üçün nəyə lazımdır?”